GündəmSiyasətSosialXəbər xətti

“Yaşıl enerji”yə keçidin Azərbaycan modeli

Bakı Enerji Həftəsi çərçivəsində iki mühüm sərgi keçirildi. Bu sərgilər həm Azərbaycanın ənənəvi, həm də “yaşıl enerji” sahəsindəki potensialını, imkanlarını, onların həyata keçirilməsini özündə ehtiva edən və ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirən bir tədbirdir. Prezident İlham Əliyev tədbirdə geniş proqram xarakterli çıxış etdi və bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı qeyd etdi ki, “Əsrin müqaviləsi”nin 1994-cü il 20 sentyabr tarixində imzalanması Azərbaycanın sonrakı dövrün inkişafının əsasında dayanır. Həmin dövrdə ilk dəfə Bakıda Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi keçirildi.

Artıq bu mühüm hadisələrin 30 illiyi ərəfəsindəyik və ötən yola nəzər saldıqda, görürük ki, ilk belə bir sərginin keçirilməsi Azərbaycanın enerji potensialının beynəlxalq aləmdə təbliği, təşviqi baxımından çox mühüm bir hadisə idi. Halbuki, həmin dövrdə “Əsrin müqaviləsi”nin imzalanması qeyri-mümkün görünürdü. Çünki vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, ölkə daxilində hərc-mərclik, hakimiyyət uğrunda mübarizə gedirdi..

Lakin ümummilli liderin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı. Nəhəng neft şirkətləri fərqində idilər ki, Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edir. Həmin hadisədən sonra Azərbaycanın hərtərəfli inkişafının əsasları formalaşdı və bu gün də biz onu hiss edirik. Tarixi uğurlarımızda “Əsrin müqaviləsi”nin imzalanması müstəsna rol oynayır. Ölkə başçısı iyunun 4-də çıxışı zamanı qeyd etdi ki, bu gün biz enerji baxımından çox mühüm addımlar atırıq.

Belə ki, “yaşıl enerji” ilə bağlı üç günəş və külək elektrik stansiyalarının təməli qoyulacaq. Onlar Neftçala, Biləsuvar rayonlarında, eyni zamanda Abşeronun Qaradağ ərazisində olacaq və bu addımın atılması nəticəsində bizim bərpaolunan enerji potensialımız bir qiqavat da artmış olacaq və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə 270 meqavatlıq layihə reallaşıb. Qarabağ və Şərqi Zəngəzurun bu istiqamətdə çox böyük potensialı var, oradakı su elektrik stansiyalarının işə düşməsi nəticəsində 270 meqavat enerji potensialımız yaranıb. 5-6 ilə onların həcmini 500 meqavata çatdırmaq niyyətindəyik və bu da nəticə etibarilə 2027-ci ilə qədər iki qiqavatlıq bərpa olunan enerji deməkdir. Bunun sayəsində Azərbaycan dünyada təkcə neft və qaz deyil, həm də “yaşıl enerji” baxımından da tanınacaq.

Bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbiri də eyni dinamikada təşkil ediləcək. Bu da bir daha onu göstərir ki, sözün həqiqi mənasında, Azərbaycanın çox böyük enerji potensialı var, biz zəngin neft və qaz imkanlarına malik olsaq da, hazırkı dövrdə bərpaolunan enerjiyə daha çox üstünlük veririk. Ölkəmizin böyük neft və qaz imkanlarının olması bizim günahımız deyil. Bəzən belə ölkələrə mənfi münasibət bəsləyirlər. Buna görə də bizə fərqli gözlə baxmaq lazım deyil. Əsas odur ki, neftdən və qazdan necə istifadə edirik. Biz ədalətli bölgü həyata keçiririk. Ölkə əhalisinin yoxsulluğunun səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan sosialyönümlü dövlətdir və bu istiqamətdə işlər gedir. Ona görə də bizə qarşı fərqli yanaşmanı qəbul etmirik və əsas odur ki, bu gün iqlim dəyişmələri problemlərini önə çəkir, bu istiqamətdə addımlar atır və töhfələr veririk. “Yaşıl enerji”yə keçid də elə bu istiqamətdə mühüm addımlardan biridir. İqlim dəyişmələri çox ciddi böhranlara gətirib çıxarır. Onun ən böyük ziyanından birini elə biz görürük. Artıq Xəzər dənizinin dayazlaşması prosesi gedir. Biz çalışırıq ki, bəndlər və su anbarları vasitəsilə Xəzər müəyyən mənada su ilə təmin edilsin. Ancaq məsələ ondadır ki, bu gün Xəzər dənizini qidalandıran əsas mənbələrdə problemlər yaşanır və iqlim dəyişmələri özünü göstərir. Cənab Prezidentin çıxışı bir daha onu göstərdi ki, Azərbaycan həm bərpaolunan, həm də bərpaolunmayan enerji potensialına malikdir. Onlardan səmərəli şəkildə istifadə etmək hədəf seçilib. Ölkəmiz də COP29 tədbirinə ev sahibliyi etməklə bir daha öz niyyətini və əsas hədəfini ortaya qoyur.    

                                         

Elman NƏSİROV,

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor