“İctimai və sosial bəla: narkomaniya!” layihəsinin icrasına start verilib
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2024-cü il tarixindən “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.
Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır.Narkomaniyanın və narkobiznesin tək mənfi təsiri insanların sağlamlığına və ya mənəviyyatına vurulan zərbə deyil, narkomaniya həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını ildən-ilə daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilib.Amma etiraf etmək lazımdır ki, bu yöndə problemlər hələ də qalmaqdadır.Layihənin məqsədi də “ağ ölüm”lə mübarizəyə müəyyən dəstək olmaqdır.
Təşkilatdan verilən məlumatda həmçinin vurğulanır ki, Fəaliyyət Planına uyğun olaraq, Sumqayıt və Şirvan şəhərlərində 40 nəfər (18-35 yaş aralığı) iştirakçı ilə görüş keçiriləcək. Eyni zamanda narkomaniya ilə bağlı İnternet TV-də ekspertlərlə nəzərdə tutulmuş III debat ərsəyə gətiriləcək. “Narkotiklər: mənim yolum deyil!” maarifləndirici sosial çarxın hazırlanması da görüləcək işlər sırasındadır.