Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsi çərçivəsində Ucarda tədbir keçirilib.
Ucar Gənclər Evinin akt zalında keçirilən görüşdə ilk çıxış edən “Elektron xidmətlərdən istifadənin təşviqi” layihəsinin rəhbəri Reyhanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Bildirib ki, mövzu olduqca spesifikdir, amma buna rəğmən Agentlik hər il elan etdiyi müsabiqələrdə elektron xidmətlərdən istifadənin təşviqini diqqətdə saxlayır, bu istiqamətdə keyfiyyətli, mövzunu əhatə edən layihələri dəstəkləyir. Layihə rəhbəri həmçinin tədbirin ərsəyə gəlməsi üçün Azərbaycan Respublikası Ucar Rayonu İcra Hakimiyyətinin, o cümlədən Ucar Gənclər Evinin rəhbərliyinə təşəkkürünü bildirib.
Reyhanə Hacıyeva daha sonra nəzərə çatdırıb ki, təmsil etdiyi təşkilatın layihə icraçılarının əsas məqsədi elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir.Onun sözlərinə görə, əhalinin elektron xidmətlər və onlardan istifadəsi ilə bağlı məlumatlılığını artırmaq, həmçinin layihənin davamlığını təmin etmək üçün peşəkar ekspertlərin iştirakı ilə internet televiziyasında dörd maarifləndirici veriliş hazırlanaraq yayımlanıb.Həmin verilişlərə sosial şəbəkə hesablarında rahatlıqla baxmaq olar.
Əhalinin elektron xidmətlər və onlardan istifadəsi ilə bağlı məlumatlılığın artırılması üçün təbliğat işinin, materiallarının sayının artırılmasını vacib sayan layihə rəbəri vurğulayıb ki, təşkilatın ekspert və koordinatorları işin gedişində – icra dövründə dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı yetərincə məlumat toplayıblar.
Tədbir iştirakçılarına www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verən layihə rəhbəri həmçinin, elektron xidmət göstərən qurumlar, onların internet səhifələri və “Qaynar xətt” nömrələri, ən çox istifadə edilən elektron xidmətlər haqqında müfəssəl məlumat verib.
Ucar rayonu Statistika İdarəsinin nümayəndəsi Cəlil Vəliməmmədov, Ucardan olan millət vəkili Ramil Həsənin köməkçisi, iqtisadçı, ekspert Fuad Bədirxanov Ucar Gənclər Evinin direktoru Kazım Məmmədov və digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər, görülən işlərdən danışıblar.
Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər. Elektron xidmətlərdən istifadə ilə bağlı təkliflərini səsləndirir, ekspertlərə suallarını veriblər.Onalar rayon üzrə internetin sürətinin zəifliyindən, qurumlar arası elektron inteqrasiyanın problemlərindən, əksər nümunəlrdə ayrı-ayrı strukturların vahid platformada cəmləşdirilməməsindən narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, layihənin icra müddəti üç aydır.