GündəmManşetQHT AgentliyiSağlıqSosialVətəndaş cəmiyyətiXəbər xətti

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2025-cü il) icra olunacaq.

Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev narkomaniyanı cəmiyyətin “sosial bəlası” adlandırmışdı. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Ancaq qeyd etmək istərdik ki, narkomaniya və narkobiznesin mənfi təsirləri təkcə insanların sağlamlığına və ya mənəviyyatına deyil, həmçinin bu zərərli vərdiş dünya iqtisadiyyatına da ciddi zərbə vurur. Problem  dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində də mühüm rol oynayır.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını ildən-ilə daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təmsilçilərinin İsmayıllı şəhərində və Abşeron rayonunda həyata keçirəcəkləri tədbirlərdə 18-35 yaş arası hədəf qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər iştirak edəcəklər.

Layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə üç maarifləndirici veriliş, həmçinin tanınmış idmançılar və populyar mədəniyyət xadimlərinin açıqlama-çağırışlarından ibarət 10 dəqiqəlik videoçarx hazırlanacaq.