Politoloq müdafiə nazirinin Türkiyəyə səfərini şərh edib
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Səfər NATO-Rusiya münasibətlərinin gərgin dövrünə təsadüf edir. Ukraynada hər an müharibə təhlükəsi var. Bir neçə gün əvvəl Z.Həsənov İranda da səfərdə olub və regional təhlükəsizliklə bağlı məsələlər orada da müzakirə olunub. Z.Həsənovun İrandan dərhal sonra Türkiyəyə səfəri regional təhlükəsizliklə bağlı üçtərəfli müzakirələrin aparıldığını təsdiqləyir. Maraqlıdır ki, səfər Şuşa Bəyannaməsinin parlamentdə ratifikasiya olunduğu günə də təsadüf edir. Şuşa Bəyannaməsi beynəlxalq sənədlər kateqoriyasında geniş və əhatəli bir sənəddir. Burada əldə edilən razılıqların əksəriyyəti digər sənədlərdə də öz əksini tapıb.
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Azərbaycan müdafiə nazirinin regionda aktiv olan dövlətlərə ard-arda səfərləri müşahidə olunur. Nazirin İrana səfər etməsi, yüksək səviyyəli görüşlər keçirməsi, bu ölkə istehsalı olan silahların nümunələri ilə tanışlıq onu göstərdi ki, Tehranla Bakı arasında olan münasibətlər növbəti mərhələyə keçir: “Bu mərhələ o cümlədən hərbi-texniki əməkdaşlığa keçməyə də işarə sayıla bilər. Regionda təhlükəsizlik məsələləri ilə bağlı aktivlik var. İran regionun böyük dövlətidir və Cənubi Qafqaza təsir imkanlarına malikdir. Bu ölkə ilə əməkdaşlıq sülh prosesinə təsirini göstərəcək.
Müdafiə nazirinin Türkiyəyə səfəri regionda təhlükəsizliyə müsbət təsir edəcək səfərdir, eyni zamanda Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin möhkəmlənməsində yeni addımların atılacağına hazırlıq kimi də edilən səfər sayıla bilər.
Ermənistanda revanş əhval-ruhiyyəsi yenidən müşahidə olunmaqdadır. Bu baxımdan da Azərbaycan hər cür situasiyaya hazır olmaq üçün hərbi, siyasi hazırlıqlarını davam etdirməkdə haqlıdır. Türkiyə Azərbaycan üçün ən əsas strateji partnyordur, hərbi müttəfiqdir. Türkiyə ilə bizim hərbi əməkdaşlığımız hər keçən gün daha da genişlənməlidir. Sevindiricidir ki, hər iki tərəf məhz bu xətti yürüdür. Bundan sonrakı fəaliyyətdə və ortaya çıxan hər hansı bir yeni vəziyyətlərdə həmçinin Şuşa Bəyannaməsindən irəli gələn məsələlər də önə çıxarılacaq. Hulusi Akar bu yaxınlarda da bəyan edib ki, ordumuzla Azərbaycanın yanındayıq və yanında olacağıq. Azərbaycan üçün hər hansı bir təhdid yaranarsa, müttəfiq Türkiyənin silahlı qüvvələri Azərbaycanın yanında olacaq”.