İlham Əliyevin Qarabağı xilas edən SMART WAR strategiyası
“Dəmir yumruq” əməliyyatının hərbi-siyasi analizi
Savaş tamamilə gözlənilən idi. Ermənistanın “demokrat” imici ilə inqilabla hakimiyyətə gəlmiş Baş naziri Nikol Paşinyan Qarabağda döyüş əməliyyatlarının başlanması üçün əlindən gələni edir, amma etdiklərinin nəticəsini hesablaya bilmirdi. Paşinyanın niyyətini indi daha yaxşı və daha aydın anlamaq olur. O, “Cıdır düzü”ndə halay çəkməklə və “DQR”-in paytaxtını Xankəndindən Şuşaya köçürəcəyini bəyan etməklə Azərbaycanla psixoloji savaş aparır, bizim cəmiyyətimizi prezident İlham Əliyevdən narazı salmağa cəhd edir və Qarabağda başlayacaq döyüşləri udacağını fikirləşirdi. Ermənistan hakimiyyətinin beyin mərkəzləri ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş amillərin çox az bir qisminin dəyişdiyini zənn edir, köhnə taktika və metodlarının hələ də keçərli olduğuna inanırdılar. Onlar Birinci Qarabağ Savaşında öz hesablarına qazanmadıqları qələbənin stixiyasından qopa bilmir, situasiyanı obyektiv qiymətləndirmək üçün bir toplum olaraq daşıyıcısı olduqları tsexakronizm (faşizmin erməniləşmiş variantı) ideologiyasının təsirindən çıxara bilmirdilər.
Birinci Qarabağ savaşında ermənilərə hərbi üstünlük qazandıran əsas amillər bizim könüllü ordumuzdan daha hazırlıqlı muzdlu döyüşçülərə malik olması, tsexakronizmin yayıcısı kilsədən qaynaqlanan ideoloji sistemlilik və əlbəttə, ABŞ və Rusiyanın bir-birinə tamamilə zidd maraqlar naminə olsa da, ermənilərə qahmar çıxması idi. Qarabağ savaşı fonunda Azərbaycan daxilində gedən hakimiyyət uğrunda mübarizə ermənilərin işğalçılıq siyasəti üçün əlverişli zəmin yaradırdı. Hakimiyyət dəyişiklikləri mərkəzləşməni və yenicə yaranan milli ordunun onsuz da bərbad gündə olan əmr-komanda zəncirindəki həlqələri sıradan çıxarır, Xocalı qətliamı ilə gözü qırılmış toplum demoqrafik üstünlüklərindən yararlana bilmirdi. Paşinyan ötən 30 ildə baş verən nəsil dəyişiklikləri fonunda azərbaycanlıların Qarabağdan soyuduğunu zənn edir, məsələni de-yure bitirməyə çalışırdı. Bu məqsədlə Azərbaycana qarşı hibrid bir savaş açmışdı.
Paşinyanın Şuşada “Yallı” getməsini əks etdirən görüntülər azərbaycanlıları bir tərəfdən hiddətləndirəcək, bir tərəfdən də öz dədə-baba yurdlarına dönüşündən əlini üzəcəkdi. Tovuz döyüşlərində ələ keçiriləcək yüksəkliklər və bir neçə kənd, o cümlədən İlham Əliyev hakimiyyətinin hərbi qələbə rəmzi olan Lələtəpənin təzədən ermənilərin nəzarətinə keçməsi yeni dönəmdə “Xocalı kompleksi”nə çevriləcək, səbirsizliklə “bir payız axşamı”nı gözləyən qüvvələr hakimiyyətin üstünə şığıyacaq, “məxməri inqilab” ssenariləri işə salınacaq və bununla Qarabağ əbədi olaraq Azərbaycan üçün itiriləcəkdi. Hər şey Paşinyan üçün hazır kimi görünürdü: erməni diasporu İlham Əliyevin beynəlxalq reputasiyasını zədələmək üçün yalan üyüdən dəyirmana çevrilmiş, hətta Kristina Puşau adlı fəalını Tbilisidə mənzilləndirərək azərbaycanlıları təlimlərə cəlb etmiş, sosial şəbəkələri Azərbaycanın birinci ailəsini hədəfə alan təhqir makinaları ilə təchiz etmişdi. Paşinyanı hakimiyyətə gətirən Soros fondu Bakıdakı nümayəndələrinə yaxşı ümidlər və maliyyə vermiş, Fətullah Gülənin şəbəkəsi revanşa hazırlaşmışdı. Rusiyanın Azərbaycan ordusunda önəmli rıçaqlara malik olması və keçmiş SSRİ DTK-nın agentura şəbəkəsinin ölkəmizdə mövcudluğunun davam etdirməsi Nikol üçün başqa bir ümid mənbəyi idi. O, Rusiyanın erməni kartından imtina etməyəcəyinə, edə bilməyəciyinə əmin olduğundan Kremlin öz müstəqillik təcrübəsi ilə Qafqazda tam önə çıxmış Azərbaycanı cəzalandıracağı qənaətində idi. Ancaq heç nə ermənilərin arzuladığı və planlaşdırdığı şəkildə olmadı, üstəlik, hər şey tərsinə cərəyan etdi.
Əvvəla, Ermənistan umduğu kimi, 2020-ci ilin yayında baş verən Tovuz döyüşlərində bir qarış da olsun torpaq ələ keçirə və prosesi genişlədərək Nikol Paşinyanın arvadının isterikasına səbəb olacaq bir şəkildə Lələtəpəyə nəzarəti bərpa edə bilmədi. İlham Əliyevlə dayanıqlı elektoratı arasında ziddiyyətlər yaratmaq cəhdləri də fayda vermədi və onun siyasətini ictimai rəy qarşısında ardıcıl müdafiə edən tərəfdarlarına qarşı ağır söyüşlərlə qaralama kampaniyası aparanlar istər intellektual, istərsə də mənəvi-psixoloji baxımdan önə keçə bilmədilər. Müstəqillik illərində ölkədə formalaşan orta təbəqə meydanlara və macəralara meyil göstərmədi, COVİD-19 pandemiyasının sarsıtdığı iqtisadi təşəbbüskarlığa rəğmən, dinc islahatlara tərəfdar çıxdı. Azərbaycan Rusiyanın orbitindən maksimum uzaqlaşmışdı, gerçəkləşdirdiyi və gerçəkləşdirməyə başladığı enerji layihələri ilə Avropa ilə strateji komminikasiyalar qurmuşdu, daldan atılan daşın topuğa dəyib-dəyməyəcəyi üzərində planlar qurmaq əbəs idi. Ona görə də, Moskvanın hərbi-siyasi elitasında rəsmi Bakının müstəqil iradəsi və davranışları deyil, buxovdakı Paşinyanın Qərbin himayəsinə sığınmaq cəhdləri qıcıq doğururdu. Lakin məsələ heç də Rusiya liderinin Ermənistanın Baş nazirinə şəxsi sayğısızlığından ibarət deyildi. Planetimizdə sürətlə dəyişən geopolitik şərtlər, birqütblü dünya düzəninin xeyli dərəcədə də Çinin təsiri ilə ortadan qalxmaq ərəfəsində olması, ABŞ-İran ziddiyyətlərinin post-Tramp dövründə yeni fazaya qədəm qoymaq ehtimalı Rusiyanı Qafqazda yeni siyasət izləməyə vadar edir. Bütün bunlar Azərbaycan tərəfindən də gözardı edilməyəcək əlverişli reallıqlar idi. Nəticədə prezident Əliyev Tovuz döyüşlərindən sonra istər dünyada, istərsə də ölkə içində kimlərə güvənə biləcəyini bir daha yəqinləşdirmiş oldu, başda ATƏT-in Minsk qrupu olmaqla qaçılmaz müharibə zamanı əl-ayağa dolaşacaq qüvvələri təsbit etdi, ierarxiyada profilaktik tədbirləri gücləndirdi, xarici işlər nazirinin qovluğunu qoltuğuna verdi, həbslər oldu.
Hibrid müharibənin ikinci mərhələsində- 27 sentyabr 2020-ci ildən başlayan və medianın populist bir şəkildə 44 günlük müharibə adlandırdığı savaşlarda isə Azərbaycanın dövlət başçısı, sadəcə, Ermənistanı deyil, İrəvanın bütün açıq və gizli müttəfiqlərini SMART WAR – AĞILLI SAVAŞ reallığı ilə üz-üzə qoydu.
O gün- ötən ilin 27 sentyabrında, səhər saatlarında Azərbaycan ordusu atəşkəsi növbəti dəfə pozan işğalçı qüvvələrə qarşı əks-hücum əməliyyatlarına başladı. Ordumuz hərb tarixinə düşəcək bir hiylə işlətdi. “Kukruznik” dediyimiz, radarların mülki, yoxsa hərbi uçaq olduğunu ayıra bilmədiyi ucuz təyyarələri pilotsuza çevirərək havaya qaldırdı. Gözlənildiyi kimi, onu hərbi uçaq zənn edən düşmənin hava hücumundan müdafiə qurğuları (HHMQ) işə düşdü. Həmin təyyarələrin vurulması ilə düşmənin HHMQ-nin yeri müəyyən edildi və bundan uzağı 20 dəqiqə sonra dəqiq zərbələrlə sıradan çıxarıldı. Azərbaycan ordusunun tam komplektləşdirilmiş bölmələri bütün cəbhə boyu hücuma keçmişdi, Türkiyə və İsraildən alınmış PUA-lar və artilleriya qurğuları dərinliklərdə işləyirdi. Düşmənin dərinlikdə olan şəxsi heyətinin, texnikasının və silah-sursat anbarlarının dəqiq atəşlərlə məhv edilməsi həm ön cəbhənin təchizatı, həm də bölmələrin koordinasiya edilməsi baxımından düşmən ordusunun komandanlığını çərəsiz vəziyyətə salırdı. Ermənistan ordusu bu qədər genişlikdə və dərinlikdə müdafiə olunmaq gücünə malik deyildi, ən başlıcası, son dərəcə müasir silahlar qarşısında necə duruş gətirəcəyinə qərar verməyə macalı da yoxdu. Quru qoşunlarının döyüş meydanında qalibiyyəti üçün dəyişməyən qaydalar var: düşmənin zəif nöqtələrini tapmalı, içinə sızmalı, istehkam xəttlərini yarmalı, irəliləmək üçün zolaq açmalısan!
İşğalçı ordunun ən güclü müdafiə zolağı həm istehkamlar və minalanmış sahələr, həm də texnika və şəxsi heyət baxımından Ağdamda cəmlənmişdi. Azərbaycan ordusu üç tərəfdən mühasirəmizdə olan Ağdamda manevr xarakterli həmlələr etdi, lakin düşmənin gözləntisinin əksinə olaraq, qəti hücuma keçmədi. Ordumuzun başqa bir cinahdan Sərsəng su anbarına doğru irəliləməsi, Suqovuşan və Talış kimi önəmli məntəqələri azad etməsi, Kəlbəcərdə strateji mövqeləri ələ keçirərək Zod-Ağdarə yolunu atəş nəzarətinə götürməsi artıq cəng meydanında fərqli bir reallıq yaradırdı. Cənub cəbhəsində düşmənin müdafiə xəttini yarmış Azərbaycan ordusunun qarşısına ancaq Ağdam, Əsgəran və Ağdərədən çıxarılan qüvvələri göndərmək olardı ki, bu da Ağdam-Xankəndi-Laçın yolunu boş qoymaq demək idi. Düşmən qismən yerdəyişmə etmək istəsə də, dislokasiya olunan qruplar yeni təyinat məntəqəsinə yetişə bilmədilər.
Beləliklə, Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan ordusunun sürətlə irəliləməsinə yol açmışdı. Dünya hərb tarixində daha bir ilk yaşanırdı: mərkəz generalları olmadan hərbi əməliyyat aparılır və zəfər qazanılırdı. Azərbaycanın cəng günlərində rus hərbi ekspertlərinin iddia etdiyi kimi, belə generalları yox idimi? Əlbəttə, vardı! Lakin “Dəmir yumruq” əməliyyatı tamamilə fərqli, hətta NATO hərbi strateqlərini də heyrətə salacaq bir şəkildə, relyef, texnika, düşmənin müqavimət imkanları, xüsusən də bizim xüsusi təyinatlı qüvvələr və dağ kəşfiyyat qrupları üçün döyüş şəraitini yaxşılaşdıracaq incəliklə hazırlanmışdı. Yadınıza salın, hələ müharibənin təzəcə qızışdığı zamanlarda düşmənin xüsusi təyinatlı dəstələri döyüşdən imtina etmişdi. Çox güman onlar peşəkar hərbiçilər olaraq başa düşürdülər ki, Azərbaycan ordusu ilə savaşmağın artıq bir anlamı qalmayıb. Buna rəğmən, erməni xüsusi təyinatlılarının döyüşdən imtina etməsi artıq döyüş meydanında dönüş nöqtəsi idi. Çünki sıradan bölmələr qorxa, qaça bilərlər, – niyə də qaçmasınlar, axı onlar özləri də bilirlər ki, özgə torpaqlarını zəbt ediblər- amma XTD nəyin bahasına olursa-olsun, tapşırıqları yerinə yetirməli, son nəfəsinədək döyüşməlidir. Odur ki, erməni XTD-nin dabanlarına tüpürmələri ancaq və ancaq bir gerçəyi göstərirdi: müzəffər Azərbaycan ordusunun qarşısında dayanmaq, tab gətirmək mümkün deyil! Bütün bunları nəzərə alanda çəkinmədən söyləmək olar: II Qarabağ savaşının aqibəti artıq döyüşlərin ilk həftəsində müəyyən olunmuşdu. Paşinyanın telefondan asılı qalması, müharibəni daha tez və ölkəsi üçün daha əlverişli şərtlər daxilində dayandırmaq üçün ağız açmadığı lider qalmaması, çarəsizlikdən döyüş bölgəsindən uzaqdakı kənd və şəhərlərimizə raket atdırması, mülki əhalini hədəfə aldırması məhz bu reallığın sonucu idi. Tülkü bicliyindən tələyə düşmüşdü.
O tələdən Paşinyanı çıxartmaq istəyən kimsə qalmamışdı. Amma məsələnin ən qəliz tərəfi odur ki, heç Nikol özü də ayaqlarından birini tələdə qoyaraq, üçayaqlı şəkildə xilas olmaq istəmirdi. Gəlin, yadımıza salaq, oktyabrın 10- da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri humanitar atəşkəs barədə razılıq əldə etdilər, amma ertəsi gün Gəncə şəhəri raketlə vuruldu. Axı necə ola bilər ki, Nikol bir tərəfdən Azərbaycanın Ali Baş Komandanını atəşkəsə razı salmaq üçün nüfuzlu xarici dövlətlərin liderlərindən imdad diləyir, ilk nisbi anlaşma əldə edilər-edilməz isə Gəncəni bombardan etdirirdi? Bəli, Paşinyan və təkcə o yox, Ermənistanın bütün hərbi və siyasi elitası oktyabrın əvvəllərindən etibarən çox yaxşı anlayırdılar ki, qatar artıq gedib, Azərbaycan ordusu Laçın dəhlizini, Şuşanı və Xankəndini azad edəcək qüdrətdədir, həmçinin Ağdərə və Əsgəran da götürüləcək, nəticədə düşmənin sağ qalan silahlı birləşmələri Ağdama sığınmağa məcbur olacaq. Orada isə dörd tərəfdən mühasirəyə düşərək çəyirtkə sürüsü kimi qırılacaq. Bu aqibətdən yaxa qurtarmaq üçün Dağlıq Qarabağdakı sınıq-salxaq qoşunların bircə yolu vardı- Ermənistana qaçmaq. Bax, Paşinyanın qorxduğu da məhz elə bu idi. Ermənistana qaçacaq başıpozuq silahlı qüvvələr rahat dayanmayacaq, onu devirməyə çalışan qüvvələrlə birləşib xaos yaradacaq və bir telefon danışığında deyildiyi kimi, Nikolun başını və nəslini kəsəcəkdilər. Gəncəyə raket atdırmaqla Paşinyan, əlbəttə, başının kəsilməsinə razı olmadığını, sınıq-salxaq ordusunun şəxsi heyətinin başını, obrazlı desək, Azərbaycan əsgərinin edam kötüyünə qoyduğunu nümayiş etdirdi. Azərbaycan Nikol Paşinyanın psixoloji vəziyyətini düzgün təhlil etdi. Savaş diplomatiya və informasiya müstəvisində yeni mərhələyə qədəm qoydu. Eyni zamanda, sahədə də qətiyyətli addımlar atıldı. Azərbaycan ordusunun əsgər və zabitləri döyüş meydanındakı rəşadətləri ilə dastana dönəndə, erməni “fədai”ləri məstana dönürdülər. Ali Baş Komandanımız canlı yayımlara çıxır, işğaldan azad edilmış torpaqlarımızın adlarını açıqlayır və daşıdığı zəfər yürüşünün bayrağını Şuşaya sancacağına hər kəsi əmin edirdi. Fəqət hər zaman “alınmaz qala” deyə öydüyümüz Şuşanı almaq üçün şərtlər hərbi- coğrafi baxımdan o qədər də asan deyildi. Cəmiyyətdə, eləcə də orduda gəzən bəzi şayiələrə rəğmən, ordumuz heç də elə döyüşün ilk ongünlüyündə əlini qolunu sallaya-sallaya gedib nə Laçında, nə Şuşada, nə də Ağdərədə oturmuşdu. Əksinə, relyef şərtlərinin dəyişməsi ordumuzun sürətini qismən ləngidir, qarşından isə qarlı qış gəlirdi.
Şuşaya üç yol vardı, ancaq aşağıdan yuxarı, yəni Ağdamdan çıxıb Ağdərəyə, oradan da Qalaya getmək və girmək olmazdı, çox böyük sayda itkilər verə bilərdik- bu, ermənilərin ən çox arzuladığı ssenari idi. Digər mümkün variant Laçın şəhəri də daxil olmaqla dəhlizi tam nəzarətə götürmək, ondan sonra qüvvələrin bir qismini müdafiədə qoyub, bir qismini Şuşaya yönləndirmək, Şuşada mövqeləri bərkidib Xankəndi-Ağdam yolunu açmaq idi. Ancaq bu variant nəzəri cəhətdən real görünsə də, praktiki baxımdan o qədər də əlverişli hesab oluna bilməzdi. Laçının yüksək dağlıq relyefi və noyabrdan sərtləşən iqlim şərtləri qoşunlarımızın orada sürətlə irəliləməsinə imkan verməzdi. Dar bir vadidə qoşunlarımız iki cəbhəyə- həm Laçının içlərinə doğru, həm də Şuşaya istiqamətlənməli idi ki, bu, hərbi baxımdan o qədər də arzulanan hal deyil. Nəhayət, Laçın Ermənistanla sərhəddədir, Ermənistanın dövlət sərhədində əməliyyat aparmaq Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsaslanan öhdəliklərinə görə, Rusiyanı seyirçi mövqedən çıxarmaq istəyən İrəvan üçün şanslar yaradırdı. Belədə Azərbaycan ordusunun komandanlığı üçüncü, ağlagəlməz yolu seçdi. Laçın dəhlizini atəş nəzarətinə götürmüş ordumuz oradan düşmənə kömək keçməsini əngəllədi, “Qırmızı Bazar” istiqamətində cəmlənmiş ermənilərə ağır zərbələr endirmək şərti ilə yan cinahdan özünə keçid zolağı açdı, Daşaltını və ətraf kəndləri azad etdi, xüsusi təyinatlı qüvvələrimiz sıldırım qayalıqlara dırmaşaraq işğalçıları süngü- bıçaqla məhv etmək bahasına ruhumuzun şəhəri Şuşaya girdi. Bu, həqiqətən möhtəşəm bir plan idi və elə buna görə də, keçmiş prezidentləri Robert Köçəryanın təbirincə desək, erməni hərbi analitikləri hələ də Azərbaycan ordusunun Şuşanı necə azad etdiyini anlaya bilmirlər. Baxın, bir tərəfdə erməni hərbi mütəxəsislər “əcəba, bu necə oldu” sualı qarşısında baş sındırır, başqa bir tərəfdə isə ABŞ-ın, Avropanın hərbi strateqləri Azərbaycanın döyüş təcrübəsini, strategiya və taktikasını öyrənməyə, SMART WAR texnologiya və metodlarının məğzindən agah olmağa çalışırlar…
Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistanın təslim olmaqdan başqa çarəsi qalmamışdı. Dağlıq Qarabağdan çıxmış mülki əhalini təmin, mühasirədə qalmış hərbi qüvvəni xilas etmək Ermənistanın bacaracağı iş deyildi. Ancaq düşmən təslim olur və sənin şərtlərini qəbul edirsə, riskə getməyə nə hacət? Hərbi əməliyyatların davam edəcəyi təqdirdə, nə qədər taqətdən düşmüş olsa da, düşmənin təxminən 20 minlik qoşununu məhv etmək üçün minlərlə itki vermək lazım gələcəkdi… Digər mühim tərəfdən isə, Şuşanın azad edilməsindən sonra aparılacaq əməliyyatlar “etnik təmizləmə” kimi yozulacaqdı ki, biz azərbaycanlılara baxmayın, ABŞ-lı, Fransalı, Rusiyalı dünyada kimsə ermənilərə qarşı belə bir planın icra olunmasına imkan verməz. Əgər diqqət etdinizsə, Şuşanın azad edilməsindən sonra Rusiyaya məxsus bir helikopter vuruldu və bununla haylar daha bir dəfə şimal qonşumuzu haya çağırdılar. Azərbaycan hər hansı bəhanə ilə Rusiyanın gec-tez işə qarışacağını proqnozlaşdırmış və onu seyirçi mövqeyə çəkmək üçün qardaş Türkiyənin qırıcılarını hərbi aerodromlarda hazır saxlamağı bacarmışdı. Zira, məsələyə “etnik təmizləmə” səciyyəsi veriləndə, qardaş cümhuriyyət olaraq qələbəmiz naminə əlindən gələni əsirgəməmiş, bütün hərbi-siyasi gücü, kəşfiyyatı, diplomatik korpusu, diaspor təşkilatları, kütləvi informasiya vasitələri ilə yanımızda olmuş Türkiyənin dəstəyi bölgədə uzunmüddətli və çoxtərəfli savaş arzulayanların əlində “kozır” olacaqdı. ATƏT-in Minsk Qrupu olan Fransanın Dağlıq Qarabağla bağlı heç də neytral mövqe tutmadığını, Türkiyə əleyhinə sanksiyalar etməyə çalışanları, torpaqlarımızın işğaldan azad edilməsi üçün dünya çaplı bir lider olaraq ürəyini ortaya qoyan Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bir bayatı misrasının haralarda əks-səda verdiyini xatırladıqda münaqişənin böyüməsinə həvəsli olan qüvvələri aydın görmək olur. Odur ki, Azərbaycan eyforiyaya qapılmadı, dayanmalı olduğu məqamda dayandı və son üç yüz ildə ilk dəfə olaraq Rusiya kartını ermənilərin əlindən xeyli dərəcədə aldı. Bunun fərqində olan bəzi erməni analitiklərinin rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsininin Azərbaycanın suverenliyinə təhdid olması barədə dedi-qoduya başlamaları provakativ tezisdən başqa bir şey deyil. Hazırda bizim milli maraqlarımız Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan arasında minimum konflikt, maksimum əməkdaşlıq formulunu diqtə edir və buna görə də, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi tərəflərinin, o cümlədən beynəlxalq tərəflərinin ənənəvi komplekslərdən qurtulması vacibdir.
Sirr deyil ki, cəmiyyətimizdə Rusiyaya qarşı oturuşmuş streotiplər var və bu streoitiplərin hər birinin arxasında ciddi tarixi əsaslar dayanır. İstər Rusiyanın xarici siyasət idarəsi, istərsə də Dağlıq Qarabağdakı sülhməramlı kontingenti bu streotipləri bilməli, təhlil etməli və onları gücləndirən rəylərin meydana çıxmasına imkan verməməlidir. Lakin sosial şəbəkələrdə Rusiya sülhməramlılarının əleyhinə aparılan manipulyativ kampaniyalar bir çox hallarda heç də 10 noyabr sazişinin- Ermənistanın rəsmi kapitulyasiyasının Azərbaycan üçün də guya nələrdəsə “məqbul olmaması”ndan qaynaqlanan səmimi vətəndaş səksəkəsi deyil. Azərbaycanın böyük və tarixi zəfəri, bu müzəffər yürüşün sərkərdəsi olan prezident İlham Əliyevin Vətən Savaşında həm ordu, həm də bütövlükdə cəmiyyətlə möhtəşəm emosional bağ yaratmasından, xalqla lider arasındakı inam və etimad körpüsünün işlək sosial-siyasi mexanizmə çevrilməsindən, dövlət başçısının reytinqinin təxminən 100 faizə çatmasından dərin narahatçılıq keçirən mərkəzlər var. Bu mərkəzlər hazırda İlham Əliyev əleyhinə iki əsas qərəzli tezisdən istifadə edir:
a) “Azərbaycan Qarabağ savaşında qalib gəlib, AMMA (diqqət “amma”ya!- T.Ş) bu qələbəni Azərbaycan əsgəri qazanıb”– deyirlər. Bəli, zəfəri Azərbaycan ordusu qazanıb, məgər Ali Baş Komandan öz çıxışlarında əsgərlərimizin rəşadət və şücaətini dəfələrlə öyməyib, Silahlı Qüvvələrimizin şəxsi heyətinin Ermənistanın diz çökməsindəki sarsıdıcı rolunu hər fürsətdə vurğulamayıbmı? Zira, bu iki yanaşma arasında, yəni prezident İlham Əliyevlə onun qərəzli əleyhdarlarının vurğusunda çox kəskin bir fərq var. İkincilər ordu ilə Ali Baş Komandanı ayırmaq, Silahlı Qüvvələrimizi sanki Ali Baş Komandanın xəbəri, iradəsi, əmrləri, təlimatları olmadan torpaqlarımızı azad etmiş kimi göstərməyə cəhd edirlər. Əlbəttə, bu, sadəcə absurddur! Dünyada, tarixdə elə bir ordu varmı ki, sərkərdəsiz, elə bir sərkərdə varmı ki, ordusuz döyüş aparsın, savaş udsun?!.
b) “Rus qoşunları Dağlıq Qarabağdan dərhal çıxarılmalıdır” bəyanatları da məhz yuxarıda söylədiyimiz qəbildəndir. Əvvəla, fərz edək ki, Rusiya sülhməramlıları həmin çağırışlara qulaq verib günü sabah Dağlıq Qarabağdan getdi. Bəs, sonra? Başa düşmək doğrudanmı çətin işdir ki, bu, Ermənistanın rəsmi kapitulyasiya faktını ortadan qaldırılmağa çalışan Daşnaksütyunun arzusudur, yeni və elə Rusiyanın da iştirakı ilə başlayacaq çox tərəfli müharibə, bütün Qafqazın poliqona çevrilməsi deməkdir? Məgər yaddan çıxıb ki, rus ordusu onsuz da Qafqazda, hətta Dağlıq Qarabağda idi? Sadəcə, Dağlıq Qarabağdakı Rusiya əsgərinin əyninə Ermənistan ordusunun forması geyindirilmiş, həmin hərbi formanın içinə Aşot, Tiqran, Arakel adlı çağırışçılar yerləşdirilmişdi. İndi rus əsgəri öz formasında, öz familiyası ilə hərəkət edir. Qarşısında Azərbaycan əsgəri var, monitorinq mərkəzinin iştirakçısı olan Türkiyə Silahlı Qüvvələrinin nəfəsini daim öz boynunda hiss edir. Statusu müəyyən, funksiyası məlum, gedəcəyi vaxt bəllidir. Yanlış anlaşılmasın, mən başqa bir dövlətin ordusunun suveren ərazilərimizdə varlığından prinsip etibarı ilə məmnunluq duyanlardan deyiləm, bu cür hallar həmişə narahatlıq doğurur, sayıqlıq tələb edir. Amma sayıqlıq zərurəti, narahatlıq başqa, naqqallıq başqa! Həmin naqqallar o reallığı qəbul etməlidir ki, Rusiya hərbiçilərinin Dağlıq Qarabağda mövcudluğunun leqallaşdırılması, funksiyasının dəyişdirilməsi və dəqiqləşdirilməsi, üzərində nəzarət qurulması və bölgədən çıxış tarixinin sənədləşdirilməsi bizim diplomatiyamızın masadakı ən böyük qələbələrindən biridir. Yaxın, orta və uzaq vədədə biz bir xalq olaraq bu qələbənin də bəhrəsini müstəqilliyimizin nailliyyətləri sırasında görəcəyik. Yetər ki, hər zaman olduğu kimi, bu məsələdə də dövlət başçımıza güvənək! O dövlət başçısına ki, Qarabağda Ermənistanı təslim olmağa məcbur etdiyi kimi, həm də Ermənistana yüz tonlarla havayı silah verən Rusiyanı sülhə razı salıb.
Ümumiləşdirsək, Baş qazimiz İlham Əliyevin torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası, milli müstəqilliyimizin möhkəmləməsi uğrunda apardığı hibrid müharibənin, düşmənin və onun bütün havadarlarının qarşısında yaratdığı SMART WAR reallığının TARİXİ QƏLƏBƏ ilə yekunlaşmasının əsasında 7 mühüm amil dayanır:
1) Azərbaycanın müstəqillik illərində xalqımız öz passionar enerjisini bərpa etmiş, bu enerji döyüş meydanında Silahlı Qüvvələrimizin şəxsi heyətinin rəşadətinə çevrilmişdi. Ordu elə yerdir ki, orada ən müxtəlif kateqoriyadan insanlar olur. Bu vətən savaşında zabit kimi iştirak edərkən mən çox üzlər və tiplər gördüm, amma “Qarabağ Azərbaycandır!” deməyən kimsəyə rast gəlmədim. İdeoloji üstünlük birmənalı olaraq bizdə idi.
2) Azərbaycan Ordusu mükəmməl və müasir silahlara malik idi. Şəffaf yolla aldığımız bu silahlar, xüsusən də “Bayraqdar” və “Harop” düşmənə dərinliklərdə zərbə endirməyə imkan verdi. İşğalçı ordunun arxadan təminatının məhv edilməsi ön cəbhədə istehkamlarının yarılmasını sürətləndirdi, itkilərimizin sayını azaltdı. Son model silahların tətbiqi psixoloji savaşda da önə çıxmağımıza rəvac verdi.
3) Zamanlama mükəmməl idi. Dünyanın başı pandemiyaya qarışmışdı, ABŞ-da seçkilər gedirdi. Türkiyə birmənalı olaraq yanımızda, Rusiya isə ən azı döyüş meydanında qarşımızda deyildi. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə, Ermənistanın lehinə hazırlanan bəyanatın açıqlanmasına veto qoydu. Ermənistan təkləndi və təslim oımaqdan başqa çarəsi qalmadı.
4) Azərbaycan düşmənə qarşı hibrid müharibə apardı, hərbi taktika və strategiyamız son dərəcə peşakar hazırlanmışdı, ən müxtəlif təyinatlı silahlı birləşmələrimiz kombinə olunmuş şəkildə, tapşırıqları düzgün inteqrasiya olunaraq işğalçı ordunun üstünə yeriyirdi.
5) 44 günlük müharibə əsl milli mücadilə idi. Milli həmrəylik ən üst səviyyəyə çatdı. Bütün xalqımız bir ordu kimi qələbəyə can atdı və xidmət etdi. Sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də gerçək qəhrəmanlar üzə çıxdı.
6) Azərbaycan bu savaşa “oyunqurucu dövlət” olaraq girmişdi və bu status diplomatik mübarizədə əsas resursumuza çevrildi. Ölkəmizə olan basqılar, hədələr, xahişlər heç bir səmərə vermədi və Ermənistan da, onun açıq və gizli müttəfiqləri də başa düşmək məcburiyyətində qaldılar ki, Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolları yoxdur.
7) Bütün bu reallığı yaradan, kombinasiyaları quran, koordinasiya və idarə edən öz yüksək liderlik və sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, vətən yanğısı, əzmi, iradəsi, qətiyyəti ilə İlham Heydər oğlu Əliyevdir!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru,
Ehtiyyatda olan baş leytenant,
“Ağdamın azadlığına görə” medalı ilə təltif olunmuş Vətən Müharibəsi iştirakçısı