Təbiətə ziyan vuran məmurlar dövlət qulluğundan kənarlaşdırılmalıdırlar – Naqif Həmzəyev
Deputat Naqif Həmzəyev təbiətin məhv edilməsi, ekoloji ziyanla bağlı Azərbaycanın müvafiq qurumlarının çox sərt tədbir gördüyünü vurğulayıb. O düşünür ki, bu kimi məsələlərdə mütləq vətəndaş mövqeyi də olmalıdır:
“Biz çalışmalıyıq ki, bu cür xoşagəlməz hadisələrin qarşısını öncədən almağa cəhd edək. Ən azından şahidi olduğumuz pozuntularla əlaqədar aidiyyəti qurumları məlumatlandıraq. Çünki ictimai qınaq olmayacağı təqdirdə məmurlar da bu cür hadisələri ört-basdır etməyə çalışacaqlar. Baxın, böyük bir ərazidəki ağaclar məhv edilib, amma bunu çox sonradan, artıq cinayət işi başladıldıqda öyrənirik. Belə mövzulara qarşı həssaslıq vacib məsələdir. Hətta bir ağacın belə formalaşması uzun illər ala bilir. Təbiətin məhv edilməsi isə “respublikanın ağ ciyərlərinin” məhvi deməkdir”.
Deputat söyləyib ki, Azərbaycan külli miqdarda vəsait xərcləyərək, hər il 100 minlərlə ağacın əkilməsini həyata keçirir:
“Bu ağacların suvarılması, böyüdülməsi üçün də bir o qədər pul xərclənir. Belə bir məqamda hansısa məmur və yaxud məmurlar meşə ərazilərini peşkəş çəkirlərsə, ağacların qırılmasına göz yumurlarsa, ciddi şəkildə cəzalandırılmalıdırlar. Bu cür qanunsuzluqlara yol verənlər dövlət qulluğundan kənarlaşdırılmalıdırlar. Çünki onlar faktiki olaraq, dövlət siyasətinə qarşı çıxıb, təbiəti məhv etməklə dövlətə və dövlətçiliyə ziyan vurublar”.
Xatırladaq ki, Baş Prokurorluqda Qusar rayonunda 22.3 ha meşə ərazisində ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb.