“İnformasiya təhlükəsizliyi ilə bağlı ayrıca siyasi proqrama zərurət var” – Elçin Mirzəbəyli
Qlobal qütbləşmənin aktiv mərhələyə qədəm qoyması və bu müstəvidə informasiya qarşıdurmasının aqressiv məzmun alması dövlətlərin informasiya təhlükəsizliyi doktrinası ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsinə zəmin yaradır.
Hazırda informasiya təhlükəsizliyi ilə bağlı prioritetlər dünyanın bir sıra ölkələrinin ümumi təhlükəsizlik doktrinalarının tərkibində yer alsa da, bu sahə üzrə ayrıca konsepsiya və ya strategiya qəbil edən dövlətlər də var. Məsələn, Rusiya ilk dəfə 2000-ci ildə “İnformasiya təhlükəsizliyi haqqında” doktrina qəbul edib, 2016-cı ildə isə sənədi “dövrün çağırışlarına uyğun olaraq” yeniləyib.
Birləşmiş Ştatlar isə informasiya təhlkəsizliyi ilə bağlı 2018-ci ildə 2 sənəd qəbil edib. Onlardan biri “Milli kiberstrategiya” adlanır, digəri isə hərbi sahədə informasiya təhlükəsizliyi ilə bağlıdır və Pentaqonun bu sahədəki fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qeyd edim ki, həm Rusiya, həm də ABŞ müxtəlif dövrlərdə informasiya təhlükəsizliyi ilə bağlı müvafiq qanunvericilik aktları qəbul ediblər. Amma “strtategiya”, “konsepsiya” və “doktrina” hüquqi-normativ akt sayılmırlar və belə sənədlər daha çox dövlətin konkret istiqamət üzrə prioritetlərini elan edir və mahiyyət etibarilə siyasi proqram xarakteri daşıyır.
Məhz bu amil, eləcə də informasiya təhlükəsizliyinin hələ uzun illər və bəlkə də həmişəlik dövlətlərin ümumi təhlükəsizliyi ilə bağlı prioritetlərin ön sırasında yer alacağı ehtimalı, Azərbaycanda da informasiya təhlükəsizliyi ilə bağlı ayrıca siyasi proqramın – strategiya, doktrina və yaxud konsepsiyanın qəbul edilməsi zərurətini yaradır.