Məzhəbi olan dinini satmaz – Tahir Rzayev
İran son illər bütün sahələrdə Azərbaycana qarşı güc nümayiş etdirir. Sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirir, Ermənistan ərazilərində yeni konsulluqlarını açır, ünvanımıza yersiz bəyanatlar səsləndirir və açıq – aydın ermənilərin tərəfində olduğunu göstərir. İranın hakimiyyət nümayəndələrinin, din xadimlərinin, diplomatlarının Ermənistana səfərləri də son aylarda intensivləşib və onlar ermənilərə dost və qardaş olduqlarını açıq – aşkar bildirirlər.Azərbaycana qarşı münasibətlər isə kəskinləşməkdədir. İranın molla rejimi Azərbaycan – Türkiyə qardaşlığına, birliyinə qısqanclıqla yanaşır, iki qardaş dövlət arasında gündən – günə möhkəmlənən birliyi pozmağa, sarsıtmağa çalışırlar. İran hakimiyyəti Türkiyənin regiondakı, eləcə də beynəlxalq aləmdəki nüfuzunu qəbul etmək istəmir. Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa cəhd göstərirlər.İranlı diplomat Əbülfəz Zöhrəvəndin bu günlərdə səsləndirdiyi “Biz Zəngəzurda yerləşməliyik. Türkiyə ilə Azərbaycan qardaş deyil. Dil çox kiçik ünsürdür, məzhəb daha güclüdür. Azərbaycan tərpənsə Bakıda başını əzəcəyik” ifadələri İranın bir çox rəhbərlərinin əməllərindən və hərəkətlərindən qaynaqlanır. Ancaq məzhəbdən söz açanlar, islamı əldə alət edənlərin çoxu məzhəbin və islami dəyərlərin nə olduğunu hələ də dərindən anlamırlar.
Məzhəbi əqidəsi olan insan baş əzməkdən, qan tökməkdən, ədalətdən danışmaz, ilk növbədə haqqa , ədalətə, Qurana, islama istinad edər, dinini imanını, əxlaqını qoruyar. Məzhəbi ali tutan insan, məscidlərdə hər gün alnını möhürə qoyub, Allaha sitayiş edənlər allahsız əməllərə əl atıb din qardaşlarının – Azərbaycanlıların başını kəsib, gözünü çıxarıb, elini – obasını viran qoyan, torpaqlarını uzun illər işğal altında saxlayan, qız – gəlini əsir aparan və milyonlarla insanın başına bəlalar açan, məscidlərində donuz, heyvan saxlayan, dini abidələrini yer üzündən silən erməniyə qardaş deməz. Dini – məzhəbi uca bilən öz qan qardaşının başını yox, onun dininə, imanına düşmən olan, zülmə, zillətə, zorakarlığa yol açan qatilin, cəlladın başını əzər, məzhəbə sahib olduğunu dünyaya göstərər. Məzhəbli adam faşist, cəllad kimi danışmaz. Bu ağıllı diplomatın deyil, faşist, xislətli insan kəlmələridir. Andraniklər, nejdələr, zori balayanlar, sarksyanlar, koçaryanlar bu dildə danışırdılar və nəticələrini gördülər. Çox təəssüflər olsun ki, Əbülfəz Zöhrəvənd də cəlladların, dinimizə, islami dəyərlərimizə qəsd edənlərin dediklərini təkrarlayır, baş əzməyi, ortalığa ədavət salmağı, aranı qızışdırmağı üstün tutur, Azərbaycanı qorxutmağa, tutduğu haqq – ədaləti, sülh yolundan çəkindirməyə cəhd edir. Ancaq o yanılır. Əgər məzhəbi, dini varsa öz qardaş – bacılarının ağır vəziyyətini, ölkəsində baş verən hadisələri, təlatümləri, ixtişaşları, xalqının çətin, acınacaqlı durumunu düşünsün. Yox əgər öz xalqının taleyi barədə düşünə bilmirsə, dindən, imandan, məzhəbdən danışmasın, başqa dövlətlərin ünvanına hədyanlar söyləyib, “xox” eləməsin. Yaxşı olar o, öz torpağının və xalqının halına acısın. Biz yolumuzu bilir, dostumuzu düşmənimizi yaxşı tanıyır və gücümüzü, birliyimizi yaxşı qiymətləndiririk.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri