Azərbaycanda əhalinin üzümə olan təlabat ödənmir?
Dünyada fəaliyyət göstərən Qida İnstitutlarının müəyyən etdiyi normalara görə bir insan il ərzində orta hesabla 10-12 kq təzə üzümlə, 1,8-2,0 kq quru üzümlə qidalanmalıdır. Belə olan halda respublika əhalisinin təzə üzümə olan təlabatının ödənilməsi üçün ildə ən azı 170-180 min ton süfrə üzümü istehsal edilməlidir.
Bunu İnstitutun direktoru t.e.d Tariyel Pənahov “Marja“ya bildirib.
“Statistik məlumata görə 2016-cı ildə respublikdada 160 min tondan artıq üzüm istehsal olunmuşdur. Azərbaycanda istehsal olunan üzümün 25-30%-ni (40-48 min ton) süfrə üzümü və 70-75%-ni texniki üzüm (112- 120 min ton) sortları təşkil edir. Belə olan halda süfrə üzümünə olan illik təlabatın təqribən 180 min ton olduğunu nəzərə alsaq, respublikada əlavə olaraq ən azı 132-140 min ton süfrə üzümü istehsal olunmalıdır ki, əhalinin təzə üzümə olan təlabatı ödənilsin (bu isə orta hesabla 14-15 min ha yeni süfrə üzüm sortlarından ibarət bağ deməkdir)”.
Tariyel Pənahov əlavə edib ki, yuxarıda qeyd olunanlarla bağlı beynəlxalq təcrübə araşdırılmış və aşağıdakı tədbirlərin icrası məqsədəuyğun sayılır:
-Süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzüm plantasiyalarının salınması üçün uzunmüddətli güzəştli kreditlərin verilməsi (aşağı faizli);
-Yerli məhsullardan istehsal edilən alkoqollu içkilərə tətbiq edilən vergilərin azaldılması;
-yeni üzümlüklərin salınması ilə əlaqadar bir hektara çəkilən xərclərin müəyyən hissəsinin üzüm istehsalçılarına subsidiya şəklində ödənilməsi;
-Üzüm istehsalı, emalı üzrə və bu sahəyə xidmət edən müxtəlif təsərrüfat formaları, kooperativlər, şirkətlər və ixrac yönümlü konsernlərin yaradılması dəstəglənsin.