BMT Azərbaycanda çimərliklərin təmizlənməsi aksiyasını dəstəkləyib – FOTO

300-ə yaxın gənc fəal, Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri Buzovna çimərliyində keçirilmiş təmizlik aksiyası zamanı 5 tona yaxın plastik və digər tullantılar toplayıb.

Aktor.Az xəbər verir ki, “Ətraf Mühit həftəsi” çərçivəsində baş tutan tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi, İDEA İctimai Birliyi, Təmiz Şəhər açıq səhmdar cəmiyyəti və Azərbaycan Gənclər Fondu təşkil ediblər.

BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin 35 əməkdaşı ilə birlikdə təmizlik aksiyasına qoşulan, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bunları deyib: “Yüzlərlə gəncin bugünkü təşəbbüsü dəstəkləməsini görmək çox xoş idi. Bu, onların ətraf mühiti qorumaq istəyini əyani nümayiş etdirdi. Bu sahədə məlumatlılığın artırılmasını və ölkə vətəndaşlarının birdəfəlik plastik qabların istifadəsini ciddi  şəkildə azaltması üçün belə tədbirlərin daha çox keçirilməsi zəruridir.”

Aksiya iştirakçıları plastikdən hazırlanmış su qabları, çöplər, mətbəx qabları, eləcə də konserv bankaları, siqaret kötükləri və digər tullantıları yenidən emal üçün Təmiz Şəhər cəmiyyətinə təhvil veriblər.

Çimərlikdə təmizlik aksiyası Ümumdünya Ətraf Mühit gününün 2018-ci il mövzusuna – “Plastik çirklənməyə son” – həsr olunub. Bu mövzu plastik çirklənmənin vəhşi təbiətə və sağlamlığımıza vurduğu ziyanın həcmini azaltmaq üçün  gündəlik vərdişlərimizi yenidən nəzərdən keçirməyə dəvət edir.

 

.