GündəmManşetSiyasətXəbər xətti

“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir” — AÇIQLAMA

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi və Transxəzər marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi işlər görülür.  Səfirlik rəsmisinin sözlərinə görə Çin və Azərbaycan ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət əldə ediblər: “İki ölkə arasında alternativ enerji mənbələri istiqamətində əməkdaşlıq mövcuddur.  2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Çin Azərbaycanın beynəlxalq nüfuzunu alqışlayır və COP29 çərçivəsində Azərbaycanı dəstəkləyir. Azərbaycan Çində 5 ticarət evi açıb. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çataraq 3,1 milyard dollar təşkil edib. Bu da 43 faiz artım deməkdir”, – o əlavə edib. 

Azərbaycan-Çin münasibətlərinin inkişafını yüksək qiymətləndirən Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, Çin müasir dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib.

Onun sözlərinə görə, Azərbaycanla Çin fundamental məsələlərdə ortaq mövqeyə malikdir:

“Çin üçün ən vacib məsələ “Vahid Çin” ideyasının reallaşdırılmasıdır. Azərbaycan dövləti də Çinin ərazi bütövlüyünü tanıyır və bu ideyanı dəstəkləyir. Torpaqlarımız işğal altında olarkən Çin hər zaman beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini müdafiə edib. İqtisadiyyat, kənd təsərrüfatı, turizm də bizi yaxınlaşdıran sahələrdir. Çin Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır”.
E.Nəsirov bildirib ki, “Bir kəmər, bir yol” konsepsiyası əsasında münasibətləri inkişaf etdirməkdə hər iki ölkə maraqlıdır:

“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsində olan dövlətlərdir. Hər ikisi də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır. Azərbaycanla Çin arasında münasibətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün cənab Prezidentin yeritdiyi siyasət bunun davamıdır. Təsadüfi deyil ki, Çin lideri Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Azərbaycan elə də böyük dövlət deyil, amma onun sözünün dünyada məna və çəkisi böyükdür. Bu da ölkə başçısının misilsiz fəaliyyətinin nəticəsidir”.