Müəllifi Prezident İlham Əliyev olan tarixi gün, tarixi Qələbə yaşayırıq – Elman Nəsirov
Aprel ayının 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib. Sözün həqiqi mənasında bu, mühüm hadisədir. Nəzərə alsaq ki, 2020-cü ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun və dəmir yumruğa çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında bir sutkalıq lokal antiterror əməliyyatları nəticəsində Qarabağda separatizmin kökü kəsildi. Erməni separatçıları ağ bayraq qaldırdılar. Özlərinin qondarma qurumunu buraxmış elan etdilər və eyni zamanda Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi də tam və qəti şəkildə təmin edilmiş oldu. Bunun ardınca yenə də Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomat olaraq atdığı addımlar sayəsində Rusiya sülhməramlı qüvvələri vaxtından erkən Qarabağ iqtisadi rayonundan çıxarılmağa başlanılıb. Bütün bunların hər biri tarixi hadisələrdir, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir. İndi də Ermənistan tərəfi bütün bu reallıqlar fonunda Azərbaycan torpaqlarının işğal altındakı 8 kənddən 4-nün geri qaytarılmasına razılıq verib.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov bildirdi.
Qətiyyətli və prinsipial mövqe
Deputat bildirdi ki, bu, həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin siyasətinin iflasa uğraması kimi dəyərləndirilə bilər. Eyni zamanda, öz içərimizdən, o sapı özümüzdən olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları alt-üst edib. Xüsusilə Fransanın timsalında biz onu görürdük ki, Ermənistanı silahlandırılır. Ermənistan Azərbayacana qarşı revanşizmə çağırılır. Ermənistan siyasi lideri ilə 5 aprel Brüssel görüşündə ona vədlər vermişdilər, həmçinin hərbi dəstək vəd etmişdilər. Amma Ermənistanın baş naziri fərqindədir ki, Azərbaycan son dərəcə güclüdür. Azərbaycan dövləti ilə hərbi rəqabətə girmək siyasi dəlilikdir. Ona görə də vəziyyəti düzgün qiymətləndirərək bu addımı atıblar. Hesab edirik Qazaxın işğal altında olan digər 3 kəndinin və Naxçıvanın Kərki kəndinin də geri qaytarılması zaman məsələsidir. Çox yaxın zamanda biz buna da şahidlik edəcəyik. Çünki başqa cür ola bilməz. Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur, biz öz torpaqlarımızı geri istəmişik. Hesab edirəm ki, indiki halda Ermənistan siyasi rəhbərliyi düzgün qərar qəbul edib. Çünki fərqindədir ki, Azərbaycan bir qarış torpağının belə işğal altında qalmasına imkan verməz. Necə ki, Prezident İlham Əliyev bu reallığı öz qətiyyətli və prinsipial addımları ilə təsdiqləyib, bütün dünya bundan xəbərdardır. Xəbərdarlıq etmişdi ki, könüllü şəkildə xoşluqla bizim işğal altındakı kəndlərimizi geri qaytarın. Geri qaytarmasanız onda bunun bütün məsuliyyəti sizin və eyni zamanda sizə havadarlıq edənlərin üzərinə düşəcək. Nəticə göz qabağındadır.
Azərbaycan xalqı Müzəffər Prezidenti ilə fəxr edir
Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində təsadüfən səs verməmişdi. Bu, həm də Prezident İlham Əliyevin misilsiz fəaliyyətinə xalqın bir etimad referendumu idi. Cənab İlham Əliyev 92,12 faiz xalqın səsini toplayıb növbəti dəfə Prezident seçildi. Xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunu bu hadisələr, bu faktlar, həm də 4 kəndin bir güllə atılmadan belə Azərbaycana geri qaytarılması təsdiqlədi. Bu gün doğrudan da Azərbaycan xalqı öz Müzəffər Prezidenti ilə fəxr edir, qürur hissi keçirir. Xalqmız onun fərqindədir ki, sözügedən tarixi addımların bir müəllifi var, o da tarixi şəxsiyyət olan Prezident İlham Əliyevdir, Onun formalaşdırdığı ordudur, dövlət başçımızı dəstəkləyən Azərbaycan xqlqıdır.