“Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır” – DEPUTAT
“Azərbaycan Prezidenti İlham Əliyev aprel ayının 16-da Hacıqabula səfəri çərçivəsində Şirvan suvarma kanalının təməlini qoyub. Bu hadisə bir daha göstərdi ki, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılmaqdadır. Burada məqsəd ilk növbədə ölkənin dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək və xüsusilə regionlarda məşğulluq probleminin həllinə ciddi töhfələr verməkdən ibarətdir. Bu nöqteyi-nəzərdən dövlət başçısı vurğuladı ki, Şirvan suvarma kanalı kimi ölkəmizdə ikinci ən böyük infrastruktur layihəsinin həyata keçirilməsi nəticəsində 10 rayonumuzun su təminatında çox ciddi irəliləyişə nail olunacaq. Kanalın uzunluğu 120 km idisə, yenidən qurulduqdan sonra bu rəqəm 200 km-i ötəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev aprelin 8-də 1958-ci ildə əsası qoyulmuş Yuxarı Şirvan adlandırılan bu suvarma kanalının adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Artıq Şirvan suvarma kanalı adlandırılır. Nəticə etibarilə artıq 230 min hektarlıq ərazinin su ilə təminatı reallaşdırılacaq. Bununla da həmin bölgədə kənd təsərrüfatı məhsullarının inkişafı üçün imkanlar daha da genişlənəcək.
Bundan əlavə ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 96%-ə çatıb. Elektrikləşmə məsələlərində Azərbaycan artıq ixracatçı ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan bərpa olunan enerji sahəsində də dünyada tanınan ölkələrdən birinə çevrilib. Təsadüfi deyil ki, iqlim dəyişiklikləri ilə bağlı keçirilən COP29 tədbirinə də Azərbaycan ev sahibliyi edəcək”.