Bu ərazilər də qaytarılır: “Məsələni ordu bitirə bilər” – Qüdrət Həsənquliyev
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Qüdrət bəy, artıq seçkilər də arxada qaldı. Yeni formalaşacaq hökumətdə nə kimi dəyişiklik ola bilər, kadr islahatı gözləyirsinizmi?
– Konstitusiyaya görə, Nazirlər Kabineti istefa verməlidir, bundan sonra hökumət yenidən formalaşdırılmalıdır. Sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm. Bir-iki dəyişiklik ola bilər, amma hökumət üzvlərinin mütləq əksəriyyətinin yenidən təsdiqlənəcəyi düşüncəsindəyəm.
– Sosial-iqtisadi sahədə hansı işlər görülə bilər? İnsanlarımızın da qarşıdakı dönəmdə bu istiqamətdə gözləntiləri var.
– Həqiqətən də xalqımız müəyyən islahatların aparılmasını istəyir, çox ümidlidir ki, bu islahatlar aparılacaq. Bizim seçki platformasında yeni Konstitusiyanın qəbulu və ya referendumun keçirilməsi məsələsi yer almışdı ki, Konstitusiya ilə mərkəzi icra hakimiyyəti orqanlarının formalaşdırılmasının yeni qaydası nəzərdə tutulsun, parlament respublikası modelinə keçilsin, yəni icra hakimiyyətinin başında prezident yox, baş nazir dayansın, prezident beş il müddətinə məhdud səlahiyyətlərlə parlamentdə seçilsin. Sonra yerli hakimiyyət orqanlarının formalaşdırılması qaydası dəyişdirilsin, dövlətin idarəetmə xərclərini azaltmaq üçün inzibati ərazi vahidlərinin sayı aşağı salınsın. Məsələn, bunların sayı 90-dan 15-ə endirilsin. Bundan başqa, xalq yerli hakimiyyət orqanlarının formalaşmasında birbaşa iştirak etsin. İndi icra başçılarını prezident təyin edir və onlar insanlar qarşısında heç bir məsuliyyət daşımırlar, hesabatlı deyillər.
Biz o yolu seçə bilərik ki, məsələn, 15 region olarsa, bunların öz məclisləri ola bilər. Təklif etmişdik ki, bunların sayı 25-dən 31-ə qədər olsun. Bu halda regionun rəhbəri məclis tərəfindən 4 il müddətinə seçiləcək. Yəni hər 4 ildən bir xalq icra hakimiyyətinin başında duran şəxsi dəyişmək imkanı əldə edir. Həmin şəxs özünü doğrultmayanda 4 il növbəti seçkini gözləməyə ehtiyac qalmır, məclisdə onu dəyişmək mümkün olur. Parlament respublikalarında bu iş çox asandır. Məsələn, yaxınlarda Macarıstan prezidenti bir pedofili əfv etdiyinə görə istefa verdi. Bir də orada on milyonlarla pul xərcləyib seçki keçirmirlər, parlament yığılır, yeni prezident seçir. Baş nazir özünü doğrultmursa, parlament yığılıb yenisini seçir, hakim partiya özünü doğrultmayan təmsilçilərini dəyişə bilər. Son vaxtlarda Britaniyada da bunun şahidi olduq.
Yerlərdə də belə dəyişikləri təmin etmək olar. Belə sistemlərdə yerli məmurlar xalq tərəfindən seçildiyinə görə insanlar qarşısında hesabatlı olurlar. Xalqın gözlədiyi budur ki, dövlət idarəetməsi ona yaxınlaşdırılsın və hesabatlılığı artırılsın, eləcə də zərurət yaranacağı halda onları dəyişmək imkanı olsun. Xalq bu islahatları gözləyir, amma bunu etmək üçün Konstitusiya dəyişməlidir. Konstitusiyanın müvafiq maddəsini dəyişmədən bu islahatları həyata keçirmək mümkün deyil. Konstitusiya dəyişikliyi olmadan ciddi struktur islahatları və ya köklü dəyişiklər gözləmirəm.
Kadrlar dəyişdirilə bilər, amma idarəetmənin fəlsəfəsi dəyişməyənə, hakimiyyət imtiyazlardan imtina etməyənə qədər ciddi bir dəyişiklik olmayacaq. Bu imtiyazlardan məhrumedilmə də qanunvericlikdə təsbit edilməlidir. Yəni qanunla elə vəziyyət yaratmalıyıq ki, hakimiyyəti həyata keçirən şəxslərin böyük imtiyazları olmasın. Məsələn, indi böyük özəlləşdirməyə gedilmir, məmurlar çalışırlar ki, müəssisələr onların nəzarətində qalsın. Onlar da bu müəssisələr nə öz mülkiyyətləri kimi qoruyub inkişaf etdirirlər, öz mülkiyyətləri olsaydı, fərqli gözlə baxardılar, həm də çalışırlar ki, bu müəssisələrdən faydalansınlar. Üstəgəl, xərclər şişirdilir, müəssisənin hesabında pul qalmır ki, texnologiya yenilənsin, genişlənsin, rəqabətədavamlı məhsullar istehsal olunsun və sair. Bütün bunlar sonda gəlib köklü islahatlara bağlanır.
İnsanlar istəyirlər ki, iş yerləri açılsın. İş yerlərini də elə-belə açmaq olmur. Bunun üçün gərək emal müəssisəsi tikəsən, sənayeni inkişaf etdirəsən, fabrik-zavodlar inşa olunsun, bunlara da pul qoyulmalıdır. Əgər bir narahatlıq varsa, heç kim buna pul qoymayacaq ki, sabah tutub pulunu əlindən almasınlar. Ümumiyyətlə, hüquqlar və mülkiyyətin toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Hesab edirəm, bu məqsədlə ölkədə ciddi qanunvericilik qaydasında islahatlar aparmaq olar ki, insanların məhkəmələrə inamı bərpa olunsun, hakimlər ömürlük təyin edilsin.
Bürokratik aparat həddindən artıq şişib. Bürokratik aparatı minimum, üçdə bir qədər azaltmaq lazımdır. Nazirlər Kabinetinin tərkibini iki dəfəyədək azaltmaq olar. Bir çox nazirliklər, komitələr və xidmətləri birləşdirmək lazımdır. Həddindən çox publik hüquqi şəxslər yaranıb və onların çoxu özlərini dolandıra bilmir. Onlar yaşamaları üçün gərək vətəndaşlara göstərdikləri xidmətlərə görə pul alalar. Baxmayaraq ki, publik hüquqi şəxslər dövlətin nəzarətindədir, amma onlar da əlavə dəyər yaratmırlar, yəni məhsul istehsal və ya emal eləmirlər, bununla belə publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə ya vətəndaşlar, ya da büdcədən pul alalar. Yenə də onların yükü xalqın, vergi ödəyicilərinin çiyinlərindədir. Buna görə də, publik hüquqi şəxslərin sayı azaldılmalıdır.
Təəssüf ki, bizdə bürokratik aparat müstəqil siyasi gücə çevrilib, baxın, bir çox kadrlar Yeni Azərbaycan Partiyasında (YAP) siyasi təcrübə toplamış, formalaşmış, siyasi dünyagörüşü və təşəbbüskar olan şəxslərdən formalaşdırılmır. Bu kateqoriyada olan şəxslər vəzifələrdə irəli çəkilmir. Təşəbbüskar şəxs vəzifədə irəli çəkilmirsə, o, heç vaxt təşəbbüslə çıxış etməyəcək, gözləyəcək ki, tapşırıq verilsin, o da bu tapşırığı icra eləsin. Hökumətin başında duran adam da bütün sahələri eyni səviyyədə bilə bilməz ki. Gərək özləri təşəbbüskar ola, o tip insanlar da təşəbbüskar olmurlar. İslahatlar aprılmalıdır ki, bürokratik aparat yox, hakim partiya kadrları seçə və təqdim edə, təşəbbüskar insanlar siyasətdə formalaşa və siyasi vəzifələrə təyin edilə. Buna görə də, köklü islahatlara ehtiyac var.
Əlbəttə, insanların mənafeyinə uyğun olan müəyyən addımlar atılacaq. Məsələn, təxminən 500-600 min sənədləşdirilməmiş evlər var, hökumət bunların bir qismini qeydiyyata ala bilər. Amma ölkəyə köklü investisiyanın yatırılması üçün dövlət iqtisadiyyata nəzarətə son qoymalıdır. Yəni dövlət iqtisadiyyata nəzarətə son qoysa, dövlət mülkiyyəti özəlləşdirilsə, azad bazar iqtisadiyyatına gedilsə, mülkiyyətə təminat verilsə, bunun üçün güclü məhkəmə sistemi qurulsa, o halda bizim ölkəyə investisiya qoyulacaq, kənardan investorlar gələcək, azərbaycanlılar öz vəsaitlərini xaricə çıxarmayacaqlar, bu da yeni iş yerlərinin açılması və büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Bu vəsaitlərlə təqaüdçülərin təqaüdünü, müəllimlər, həkimlər və digər sahələrdə çalışanların maaşlarını artırmaq mümkün olardı. Yəni bu halda büdcə xərclərini artırmaq imkanmız olacaq. Hazırda bizim büdcə xərcləri inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə 10 dəfə azdır. Bütün bunları həyata keçirmək üçün köklü islahatlara ehtiyac var, amma hakimiyyətin belə islahatlara gedəcəyi az inandırıcıdır.
– İstər bizim, istərsə də digər regionlarda baş verən gərgin geosiyasi proseslər ayrı-ayrı ölkələri xarici siyasətdə konkret yön seçmək zərurəti qarşısında qoyur. Artıq seçkilər də başa çatıb, Azərbaycanın bundan sonrakı dönəmdə xarici siyasəti hansı istiqamətdə olacaq, ya neytral siyasət davam edəcək? Siz hansı yöndə irəliləyəcəyimizi və ya irəliləməli olduğumuzu düşünürsünüz?
– Azərbaycan hökuməti əvvələr neytral xarici siyasət yürüdürdü, Rusiya ilə də, Qərblə də normal münasibət saxlayırdıq. Hazırda Qərb məsələni elə qoyub ki, ya Rusiya ilə, ya da bizimləsiniz. Belə çıxır ki, Qərblə bir yerdə olmaq üçün Rusiyadan üz döndərməliyik. Həmçinin torpaqlarımızı azad etdiyimizə görə Qərb bizdən narazı qalıb, burada həm xristian həmrəyliyi, həm də erməni diasporu faktorları var. Biz bilirik ki, Avropanı yönəldən əsas dövlətlər Fransa və ABŞ-dir. Onlar da bizdən narazı qalıblar, buna görə də Azərbaycana təzyiq edirlər. Sözsüz ki, Azərbaycan bu durumda öz milli maraqlarından çıxış etməlidir. Biz Qərblə bir yerdə olsaq, milli maraqlarımız təmin olunar, yoxsa Rusiya ilə indiki münasibətləri qoruyub saxlasaq? Mən hökumətin hansı addım atacağını bilmirəm, amma hesab edirəm ki, Rusiya ilə indiki münasibətləri qoruyub saxlamalıyıq. Azərbaycan məhz Rusiyanın neytrallığını təmin etməklə Qarabağ üzərində dövlət suverenliyini bərpa edib.
Biz gördük ki, Fransa parlamentinin hər iki palatası Qarabağı “müstəqil dövlət” kimi tanımaq üçün hökumətə müraciət etdi. Avropa Birliyinin qərarlarını və AŞPA-dakı münasibəti də gördük. Buna görə də, indi milli maraqlarımız tələb edir ki, region ölkələri ilə daha sıx əməkdaşlıq edək. Söhbət həm İran, həm Rusiya ilə əlaqələrdən, həm də Türkiyə ilə münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılmasından gedir. Hesab edirəm ki, Azərbaycan üçün ən uğurlu variant 3+3 formatında əməkdaşlığı inkişaf etdirmək, bunun bazasında gələcəkdə Çinlə Avropa Birliyi modelində Avrasiya İttifaqının yaradılmasıdır. Yəni vahid valyuta və sərhəd olur, insanlar sərbəst hərəkət edə bilirlər və sair. Bundan qorxmaq lazım deyil.
Biz yeni müstəqillik əldə etmişik deyə, açılmaqdan qorxuruq, sanki müstəqilliyimizə hansısa təhlükə gələ bilər. Əslində, qapanmaqla bizə olan təzyiqləri artırmış oluruq. Həm daxili iqtisadi islahatlar baxımından, həm də xarici siyasətdə böyük açılım olmalıdır. Belə olan halda iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək, nəinki sərhədlərimiz bağlı olduğu indiki dönəmdə. Bundan həm insanlarımız, həm də iqtisadiyyatımız əziyyət çəkir. Açılım olmalıdır ki, rəqabətədavamlı iqtisadiyyat qura bilək. Bu açılım da yalnız böyük ittifaqlar çərçivəsində ola bilər. Burada artıq qanunun aliliyinin təmin edilməsi bizdən asılı olmur, həm də başqa dövlətlər bu ittifaq çərçivəsində qanunvericliyin icrasına nəzarət edəcəklər, sahibkarlarımız da bundan faydalanacaqlar və iqtisadiyyatımız böyüyəcək. Hesab edirəm ki, bu formada xarici siyasət həm təhlükəsizliyimizi təmin edəcək, həm də iqtisadiyyatımızın inkişafına töhfə verəcək.
– AŞPA məsələsinə toxundunuz, bununla bağlı yaranmış problemlər hansı formada həll ediləcək? Düzdür, Avropa Şurasının rəhbəri Şarl Mişelin Prezident İlham Əliyevə zəngindən sonra Avropa Birliyi ilə əlaqələrimizdəki problemlərin həllinə dair bir müsbət ehtimal yaranıb, amma yenə də o tərəfdən Azərbaycana yönəlik həmlələr gəlməkdə davam edir. Qarşıdakı dövrdə bu istiqamətlərdə hansı gəlişmələri görə bilərik?
– Onlar istəyirlər ki, Azərbaycan erməniləri (Qarabağa) geri qaytarsın, amma “güzgü prinsipi” ilə azərbaycanlıların Ermənistana qayıdışı məsələsindən bəhs etmirlər. Onlar deyirlər ki, siz qərbi azərbaycanlıları bir kənara qoyun, yalnız qarabağlı erməniləri qaytarmalısınız və onların təhlükəsizliyinə beynəlxalq təminat verilməlidir. Bu “beynəlxalq təminat” suverenliyin bir hissəsinin hansısa dövlətlər və ya beynəlxalq təşkilatlara güzəştə gedilməsi deməkdir, bu da bizim Konstitusiya ilə qəti qadağandır. Azərbaycan öz suverenliyindən qismən və ya tamamilə güzəştə gedə bilməz. Yəni biz bunu da edə bilmərik, onlar da bunu – beynəlxalq təminat istəyirlər ki, ermənilərin qaytarılmasına Azərbaycanı razı salsınlar. Üstəgəl, ermənilərə hansısa formada yerli özünüidarəetmə statusu, yaxud muxtariyyətin verilməsini istəyirlər. Azərbaycan buna da getməyəcək. Ona görə də, bu mərhələdə Qərblə söhbətimiz alınmayacaq, özümüzü aldatmağa da dəyməz.
Azərbaycan çalışmalıdır ki, Qərbi Azərbaycandan olan qaçqınlarımız ermənilərin köçüb getdikləri yaşayış məntəqələrində yerləşdirilsin. Məsələn, Xankəndi, Hadrut, Əsgəran və sair. Xocalıda ümumiyyətlə erməni yaşamayıb. Biz bu məskunlaşmanı nə qədər tez həyata keçirə bilsək, bizə olan təzyiqlər bir o qədər azalacaq. Hökumətə buna görə çağırış edirəm ki, bu prosesi sürətləndirin. Xankəndidən 16 min azərbaycanlı qovulub, qərbi azərbaycanlıların ora köçürülməsini bir kənara qoyaq, həmin insanların evləri dağıdılmayıb, ermənilər bizim azərbaycanlıların evlərinə girib yaşayıblar, indi həmin insanları öz evlərinə qaytarmaq lazımdır. İndi ruslar orada dayanıblar, deyirlər ki, bu mülkiyyəti, “tarixi abidlər”i qoruyuruq. İnsanları ora buraxmırlar. Söhbət ondan gedir ki, bu insanlar evlərinə qayıtmaq istəyirlər, işğala son qoymuşuq, amma Xankəndidən olan insanlar öz evlərinə dönə bilmirlər. Onlar da görəndə ki, biz bunu edə bilmirik, təzyiqlər artır. Bunu həm də ona görə etməliyik ki, kənar təzyiqlərə son qoyaq. Azərbaycan bunun üçün Rusiya ilə danışmalıdır, qardaş Türkiyə və digər müttəfiqlərimizdən dəstək istəməlidir ki, sürətlə məskunlaşmanı həyata keçirib, kənar təzyiqləri səngidək.
Qərbə də mesaj verməliyik ki, siz bizi seçim qarşısında qoyursunuz, yəni biz heç bir formada sizdən imtina etmirik, əməkdaşlıqdan çəkinmirik. Amma siz bizi seçim qarşısında qoyursunuzsa, bizim milli maraqlarımız tələb edir ki, ilk növbədə qonşularımızla münasibətlərimizi normal saxlayaq. Yəni təhlükəsizliyimiz üçün həyati maraqlarımız qonşularla normal münasibətlərin olmasındadır.
AŞPA-ya gəlincə, əlbəttə, istərdim ki, geri qayıdaq. Əvvəldən demişdim ki, seçkilərdən sonra tərəflərin qarşılıqlı səyləri ilə AŞPA-da fəaliyyəmizi bərpa edərik. Açığını deyim ki, böyük bir əhəmiyyəti olmasa da, bir siyasi platformadır. Ölkə gərək istənilən siyasi platformadan imtina etməsin. Əgər orada qalmağımıza imkan varsa, niyə qalmayaq?! Amma onlar elə şərtlər qoyurlar ki, biz bunları qəbul edə bilmirik, bu halda qərar onların olmalıdır. Yenə də biz AŞPA-dan çıxmaq haqda qərar qəbul etməməliyik. Hər bir halda belə bir qərar olarsa, bu, onların qərarı olmalıdır.
– Qərbin Qarabağla bağlı yanaşmasına diqqət çəkdiniz, bəs Rusiyanın bu məsələ ilə bağlı mövqeyi dəyişibmi? Məsələn, Rusiyadan verilən son açıqlamalarda bu məsələnin bağlandığı bildirilir. “Qarabağ məsələsi bağlanıb” deyən Rusiya rəsmilərinin mesajlarını necə izah etmək olar?
– Açığını deyim ki, bizim insanlarımız dövlət həyatı ilə yaxından maraqlanmırlar, hesab edirlər ki, siyasət, dövlət-hakimiyyət məsələsi onlarlıq deyil. Təəssüf ki, cəmiyyətimizdə belə düşünənlər çoxdur.
Rusiya iki tip bəyanatlar verir. Siyasəti az-çox anlayanlar bilirlər ki, bu mesajlar Ermənistan və Azərbaycan auditoriyalarına, yoxsa beynəlxalq ictimaiyyətə yönəlib. Məlumdur ki, Nikol Paşinyan tam qərbpərəst siyasət yürüdür. Rusiya da “Böyük Ermənistan” xülyası ilə yaşayan insanları, erməni faşistləri və revanşistlərini ruhlandırıb hökumətin üstünə salmaq üçün “biz sizi Qarabağa qaytara bilərik” kimi mesajlar verir. Yəni bunlar Ermənistanın daxilinə hesablanmış çağırışlardır. Bizim cəmiyyət də fərqləndirməyi bacarmalıdır ki, nə Ermənistan, nə Azərbaycana yönəlikdir.
Rusiya istəyər ki, burada hərbi iştirakını qoruyub saxlasın. Azərbaycan bu barədə Rusiya ilə ciddi danışıqlar aparmalıdır. Biz öz siyasətimizdə Rusiyanın maraqlarını nəzərə almalıyıq. Moskvada siyasi partiyaların görüşü keçirilirdi, oradakı çıxışımda da dedim ki, tərəflər qarşılıqlı olaraq bir-birlərinin maraqlarını nəzərə almalıdırlar. Biz Rusiyanın maraqlarını nəzərə almalıyıq, Rusiya da buradakı mövcudluğunu hərbi iştiraka bağlamamalıdır. Məsələ “mənim bölgədə əsgərim varsa, mən burdayam, əsgərim yoxdursa, yoxam” şəklində olmamalıdır. Rusiya burada bir “yumşaq güc” kimi olmalıdır. Məsələn, gəl, Azərbaycana investisiya qoy, iş yerləri aç, əlverişli şərtlərlə kreditlər ver, humanitar sahədə tədbirlər həyata keçir, mədəni əlaqələri genişləndir və sair. Amerika hər il ayrı-ayrı dövlətlərə dəstək məqsədilə büdcəsindən pul ayırır, Rusiya da elə edə bilər.
Digər yandan, Azərbaycan Rusiyadan necə imtina edə bilər? Birincisi, Rusiya bizim kənd təsərrüfatı üçün böyük bazardır. Kənd təsərrüfatı məhsullarımızı kimə satacağıq: Türkiyə, İran, ya Avropaya? Yəni bizim kənd təsərrüfatı üçün bazar Rusiyadır. Gənclərimiz üçün Rusiya həm də böyük əmək bazarıdır. Hərbi xidməti başa vurub iş tapa bilməyən gənclərimiz Rusiyaya üz tuturlar. Rusiyada hazırda 2 milyondan çox azərbaycanlı yaşayır. Üstəgəl, Rusiyanın tərkibində 8 türk respublikası var. Orta Asiyada Türkiyə ilə sıx əlaqələri olan türk respublikaları da mövcuddur. Biz Rusiya ilə yaxın olmaqla, həm də onlarla yaxın oluruq. Rusiya ilə bir siyasi-iqtisadi məkanda olanda, həm də onlarla eyni məkanda oluruq.
Bundan başqa, biz Rusiya vasitəsilə İrana təsir edib cənubi azərbaycanlıların hüquqlarını daha yaxşı qoruya bilərik, onların öz dillərində təhsil almalarına nail olmaq mümkündür. Rusiyadan bu istiqamətdə də dəstək istənilməlidir, bundan çəkinməməliyik. O cümlədən Türkiyə də bu məsələdə İrana təsir etməlidir. Biz sadəcə rusları inandırmalıyıq ki, siz bizim suverenlik və ərazi bütövlüyümüzə hörmət edin, biz də xarici siyasətimizdə mütləq Rusiyanın maraqlarını nəzərə alacağıq. Amma maraqların nəzərə alınması qarşılıqlı olmalıdır. Rusiyanı inandırmaq lazımdır ki, hərbi iştiraka görə bunu etmə.
Hələ torpaqlarımız işğalda olanda deyirdim ki, Rusiya ilə danışmaq lazımdır, Ermənistanla danışıqlara ehtiyac yoxdur. İndi də Rusiya ilə danışmaq lazımdır. Hələ o vaxt demişdim ki, qoy Qəbələdə bir baza qursunlar, amma Qarabağ üzərində suverenliyimizi bərpa etməyə imkan yaratsınlar. İndi də Rusiya ilə anlaşmaq olar ki, sülhməramlılarını çıxarsın, biz də məskunlaşmanı həyata keçirə bilək. Bunu etmək mümkündür, diplomatiyada bütün problemlərin həllinə çarə var.
– Qüdrət bəy, Ermənistanla sülh müqaviləsi nə vaxt imzalana bilər? Ermənistan Baş naziri Nikol Paşinyanın bununla bağlı son mesajlarını müsbət hesab etmək olar. Üstəgəl, sülh müqaviləsinin əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Bu, həm də Prezident İlham Əliyevin şərtidir.
– Hesab edirəm ki, Ermənistan Konstitusiyası sülh sazişinin imzalanmasından sonra da dəyişə bilər. Bu məsələni gündəmə gətirməklə yenə prosesi uzatmaq istəyirlər. Bir az uzadacaqlar, sonra da deyəcəklər ki, qarşıdan seçki gəlir, seçkinin bitməsini gözləyək. Artıq müharibədən 4 il keçir, yenə də uzadacaqlar və sülh sazişini imzalamayacaqlar. Rusiyanın Ukraynadakı aqibətinin necə olacağını gözləyirlər. Düşünürlər ki, Rusiya məğlub olsa, bu, mütləq orada hakimiyyət dəyişikliyinə səbəb olacaq, qərbyönlü qüvvə iqtidara gələcək. Ehtimalları da budur ki, Qərb Rusiyada hakimiyyətə gələcək həmin mümkün qüvvəyə Qorbaçov və Yeltsin kimi təsir edəcək ki, erməniləri Qarabağa qaytarsın, onlara status təmin etsin və sair. Ermənilərin gözləntisi budur, ona görə də bizimlə sülh sazişi imzalamırlar.
Ermənistan sülh sazişini həm də ona görə uzadır ki, Qərb prosesin Rusiyanın vasitəçiliyi ilə yekunlaşmasını istəmir. Qərbə görə, bu, Rusiyanın nüfuzunu qaldıra bilər. Amma mən hesab edirəm ki, Azərbaycan yeni bir Qars müqaviləsinin imzalanmasına çalışmalıdır və ya Qars müqaviləsini yeniləyək. Bu da Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya arasında olmalıdır. Azərbaycan buna cəhd etməlidir və imkan verməməlidir ki, sülh danışıqları uzansın.
Digər yandan, ermənilər bizim 4 kəndimizi işğal ediblər, hələ anklavları demirəm. Faktiki olaraq, Ermənistan qoşunları sərhədi keçib, bu 4 kəndimizi işğal edib. Kəndlərin qaytarılması üçün Azərbaycan qısa vaxt qoymalıdır, bunu sülh danışıqlarına bağlamalıdır. Azərbaycan konkret vaxt qoymalıdır ki, işğal etdiyin ərazilərdən qoşunlarını çıxar, bunu etməsə, dərhal güc tətbiq edib işğaldan azad etməlidir. Anklavlar məsələsini bundan sonra və ya delimitasiya-demarkasiya məsələləri müzakirə ediləndə həll edə bilərik. Ermənistana təzyiqlər artırılmalıdır. Ermənistana təzyiq artırılmasa, sülh sazişini imzalamayacaq. Çünki Ermənistanın Qərbdəki tərəfdaşları və erməni diasporu bunu istəmir.
– Sizcə, bu kəndlər məsələsi hansı yolla çözüləcək?
– Ümid edirəm və gözləyirəm ki, Azərbaycan bu il məsələni həll edəcək. Bunun uzadılmasını yanlış hesab edirəm, yaxşı olardı ki, sülh yolu ilə olsun. Buna görə də Azərbaycan konkret vaxt qoymalıdır. Amma Ermənistan bunu həll etmək istəmir, sülh müqaviləsinə bağlamağa çalışır. Bunun sülh müqaviləsinə heç bir aidiyyəti yoxdur, əraziləri işğal etmisən, çıxmalısan. Çıxmırsa, Azərbaycan güc tətbiq edib geri qaytarmalıdır. Hesab edirəm ki, Azərbaycan yaxın aylarda bunu etməlidir, ən azı mayın sonu – iyunun əvvəli bitməlidir.
– Bəs Zəngəzur dəhlizi məsələsinin həllini necə görürsünüz? Ermənistan bunu da kənar qüvvələrin diktəsi ilə problemə çevirir. Üstəgəl, Qərb, Rusiya və İranın da bu məsələyə yanaşması fərqlidir. Xüsusən də İran cidd-cəhdlə mane olmağa çalışır.
– Hesab edirəm ki, nəhayət, İran konstruktiv mövqe tutacaq. İranın Azərbaycana qarşı yanlış siyasəti Tehranın özünün milli maraqlarına da cavab vermir. İran fikirləşir ki, guya Türkiyə ilə bizim aramızda quru əlaqəsinin olması onların maraqlarına uyğun deyil. Amma İran yanılır, çünki onun özü də bir türk dövlətidir. İranı uzun müddət türk hökmdarları idarə edib. Əminəm ki, gələcəkdə də belə olacaq. Tarixin bir dönəmində orada farslar hökmranlıq etsələr də, yenə də vəziyyət dəyişə bilər. Hətta bir dəfə də demişdim ki, o zaman farslar türklərin idarə etdikləri dövlətdə yaşamaq istəməsələr, biz – Azərbaycan türkləri onlara ayrılıb öz dövlətlərini qurmaq şansı verəcək. Sənin əhalinin az qala yarısı türk – azərbaycanlı ola və sən Azərbaycan dövlətinə qarşı bu qədər ədalətsiz mövqe sərgiləyəsən, özün də “İslam və müsəlman həmrəyliyi”ndən danışasan. Bu, heç bir çərçivəyə sığmır. Bu baxımdan, İran öz siyasətində təcili dəyişiklik etməlidir.
Azərbaycan da açıq formada İranı buna çağırmalıdır ki, bölgədə sülhə mane olma. Bölgədə münaqişənin qalmağı İranın öz maraqlarına da cavab vermir. İran generallarından biri bizi hədələyəndə demişdim ki, İran münaqişəyə cəlb olunsa, ən azı 5 yerə bölünəcək. Buna görə də, İranın özü sabitlik, sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsində maraqlı olmalıdır. Buna görə də hökumətimizə çağırış edirəm ki, təcili şəkildə İranla viza rejimi aradan qaldırılmalıdır. Sərhədləri açın, minlərlə cənublu gənci çağırıb Azərbaycan dövlətinin hesabına pulsuz oxutdurun. Hər il Macarıstan 200 azərbaycanlı tələbəni oxutdurur. Bizim 1000 tələbimizi burada oxutdurmaq çətin məsələ deyil. Hər il 1000 tələbəni oxutsaydıq, indi orada 30 mindən çox tələbəmiz olardı. Seçkidə də insanlara müraciət etdim ki, toylarınıza Rusiya, Türkiyə və Avropadan müğənnilər dəvət edirsiniz, onları Ərdəbil və Təbrizdən çağırın. Bizim Mədəniyyət Nazirliyimiz onların mədəniyyət və incəsənət xadimlərimizi çağırmalıdır. Eybi yox, bizimkiləri ora buraxmırlar, amma biz onları dəvət edə bilərik.
Biz bütövləşmədən danışanda bir dövlətdə bütövləşməkdən söhbət getmir, söhbət xalqın bir olmasından gedir. Bunun üçün Azərbaycan dövləti İran siyasətinə yenidən baxmalıdır. Çalışmalıyıq ki, tərəfdaşlarımız vasitəsilə təsir edərək İranı Azərbaycan məsələsində daha obyektiv və konstruktiv siyasət yürütməyə razı sala bilək.