Rus və erməni mediasında TANAP xofunun səbəbi – Zahid Oruc

Son bir həftə ərzində rus və erməni mediasında sinxron qaydada antiTANAP kampaniyası start götürüb.İlk baxışda, ötən əsrin 90-cı illərində Yeltsinin çevrəsinin “əsrin neft müqaviləsi”nə verdiyi aqressiv reaksiya təkrar olunur. O vaxtlar Moskvanın postimperiya sindromundan əziyyət çəkdiyi üçün yalnız hədə-qorxu gəldiyinə,yaxud həbsxanadan bir neçə yüksək çinli hərbi-siyasi fiquru oğurlatdığına, daha sonra iki dövlət adamını qətlə yetirdiyinə baxmayaraq, Qərbin nəhəng konsorsiumlarının Bakıya təntənəli gəlişini durdurmaq mümkün olmadı.

 

 

Halbuki general Pavel Qraçov tanklarını Xəzər nefti ilə doldurub birbaşa Prezident iqəmətgahına sürəcəyini qəti şəkildə bizim rəsmilərin üzünə söyləmişdi.Yenə də dünya siyasətinin patriarxı Heydər Əliyev böyük ustalıqla Kremlin hərbi və iqtisadi elitası arasındakı mənafe savaşını yaratmaqla Viktor Çernomırdinin, Yuri Şafrannikin çoxmilyardlı kontraktlara loyallığını təmin etdi, hətta sonrakı illərdə Moskva özü transmilli şirkətlərin rəğbətini qazanmaq üçün açıq şəkildə neft-qaz istehsalçısı olan dövlətlərlə sərt rəqabətə girdi.

Regionda o vaxtlar hökm sürən müharibə təhlükəsi və geoiqtsadi maraq davaları fonunda yeganə düzgün yol enerji ehtiyatları ətrafında təhlükəsizlik sistemi qurmaq idi.Təsadüfi deyil ki, Corc Buş hökuməti bütün mürəkkəblikləri nəzərə alaraq, ən ümidsiz vəziyyətdə və hakimiyyət çevrilişlərinin əsas səbəbi olan neft amilini öz xeyrinə həll etmək üçün bölgəyə diplomatiya nəhəngi Zbiqnev Bjezinskini göndərmişdi.O isə gecə saat 3-də şadyanalıq hissi ilə Ağ Evin rəhbərinə zəng vuraraq, müqavilələri imzalamağa azərbaycanlı liderin tam təminat verdiyini qətiyyətlə bildirmişdi.

 

 

Üstündən 24 il keçəndən sonra mavi yanacaq resursları ətrafında elə bir informativ küy qaldırılır ki, sanki Azərbaycan postsovet məkanına NATO hərbi bazalarını dəvət edir.Rusiyanın müstəqil adlandırılan, lakin yanacaq sektoruna yaxınlığı ilə seçilən lenta.ru saytı ilə 1 in.arm nəşrində dərc olunan məqalələr elə bil tək adamın qələmindən çıxıb və hər ikisində Bakı şimal qonşusuna “xəyanət”də suçlandırılır.Özü də belə koordinasiyalı fəaliyyətin məqsədləri o qədər açıqdır ki, mürəkkəb qalaqurmalarla siyasi məkanı qarışdıran kampaniyalardan fərqli olaraq,sifarişçilər və icraçıları axtarmağa ehtiyac yoxdur.Hər şey ortadadır.Məsələnin bir ayrı ironik tərəfi lenta.ru yönləndiricilərinin ilk baxışda xronikal təhlilllərinə “şampur v spinu” adını qoymasıdır.Şərqi yalnız manqaldan, şişdən ibarət görənlərin aşağılama kompleksi üçün ağıllarına özgə termin gəlməyib.

Erməni dərgisində isə birbaşa azərbaycanlı-türk alyansının 12 iyunda TANAP-ın açılış mərasinə hazırlaşmasını Rusiyanın kürəyinə “vurulan zərbə” kimi qiymətləndiriblər.Hər gün küçələrində inqilabi şüarlar söyləyənlərin Putinin ünvanına yağdırdıqları ittihamlardan sonra rus çarını Bakının üstünə qaldırmağa bəslədikləri ümid köpyü belə partlayır.Vahid mərkəzdən idarə olunan əkstəbliğat sovet dövrünün ideoloji propaqanda stilindən heç nəylə fərqlənmir.Bu yerdə deyirlər, yeni partnyor axtaran ölkə köhnə himayədarına qurşaqdan aşağı xidmətdən heç vaxt imtina etməyəcəyinin mesajını verir.Əcəb sədaqətdir.

 

 

Bəs, 12 iyunda açılacaq Transanadolu xətti həqiqətənmi iqtisadi seperatizm hadisəsədir və Rusiya ətrafında Qərbin qurduğu izolyasiya çəmbərinin bir elementidir?Cavab əlbəttə,”xeyr”dir. Çünki dərin iqtisadi biliklərə malik olmadan Kremlin enerji maraqlarına zərbədə suçlandırılan Azərbaycanın qaz ehtiyatları və sonrakı illərdə Orta Asiyanın resurslarının oraya qoşulacağını təqdirdə gözlənilən 12 milyard kub metrlik ötürmə gücünü dəfələrlə qaldırmaq mümkün deyil.Əvəzində Millerin qaz imperiyası xaba çevrilməyə can atan Ankaraya “Türk axını”nı çəkməkdən nəinki imtina etmir,əksinə Ukrayna, Bolqarıstan, Polşa və digər qonşulardan Brüsselin fitvası ilə zərbə alan Rusiyanın fakitiki xilas yolunu çəkdiklərini ortaya qoyur. Xatırladaq ki, Qazprom hər il qeyd olunan kəmərlə 30 milyard kubmetr qaz nəql edəcəyini bildirir və 742 milyonluq Avropa Birliyinin illik 600 milyard kubmetrlik ehtiyacları fonunda sözügedən rəqəmlər çox kiçikdir.

Ermənistan TANAP qorxusu neftlə Avropanın partnoyuruna çevrilən bir ölkənin ardınca 2-ci mühüm əməkdaşlıq platforması qazanmasından yanadır.Bakı Qərb üçün vazkeçilməz mənbə və tranzit ölkəsinə çevrildikcə İrəvanda qaz bombaları partlamağa başlayır.Söhbət heç onların bir kub metri qazı neçəyə almasından getmir.Kəmərlər Ermənistanı geopolitik cəhətdən daha çox sıxır.Qarabağ savaşı iqtisadi müstəvidə onların maraqları ziddinə inkişaf etdikcə Brüsseli və ya Berlini Bakının üzərinə qaldırmaq çətinləşir.Türkiyənin siyasi çəkisini artıran kiçik bir Qafqaz ölkəsi-Azərbaycan nəinki qardaşlıq kəmərləri çəkir və müstəqilliyinin qarantiyasını gücləndirir, eləcə də Ankara-Moskva birliyində həlledici söz sahibinə çevrilir.Daha bundan böyük zərbəni ermənilər necə görə bilər?

 

 

Bircə qalır rus tankları Azərbaycan bayrağı ilə Qarabağa daxil olsun!Bako Saakyan bilmir ki, onun baxdığı binoklun obyektivinə düşən silahların çoxu Rosoboroneksportdan gəlir? Elə ona görə də daxili antihakimiyyət düşərgəsinə Qərbdən məlum hərbi əməkdaşlığı vurmaq və ofşor hesabları kölgə salmaq üçün saxta informasiya tullantılarını dövriyyəyə çıxardılar.Lakin əvəzində TANAP layihəsinin xofu qarşısında İrəvanın hər iki tərəfə-Avropaya və Rusiyaya baxıb seçim edə bilməyən Buridan uzunqulağının durumuna düşməsi acı gülüş doğurur.Yəni,ayağa qalx inqilab elə,bir əsrlik vassallıqdan çıxacağına və Qərb ailəsinə qoşulacağına vədlər al, Paşinyanın hökumətinin dünyadakı çəkisinin və diplomatik nüfuzunun zirvələrə çatdığını nümayiş etdir,o biri yandan prezident İlham Əliyev yüksək rasionallıq və güclü iradə ilə qurduğu siyasətin qarşısında Putinin qəzəbini qazanmaq üçün təxribatlara bel bağla.Məgər Paşinyana Naxçıvan cəbhəsində xəyanət edən Sarkisyan generalları günün birində açıq-aşkar yeni hökumətlə silahlı müqavimətə qalxmayacaqlar?Əlbəttə ki,gərginliyin məhz TANAP və ya antirusiya sanksilarından irəli gəlmədiyini, REGİONDA İŞĞAL REALLIĞNA SÖYKƏNƏRƏK, DEMOKRATİYA QURMAĞIN QEYRİ-MÜMKÜNLÜYÜNÜ YENİ HÖKUMƏT ÖZ DƏRİSİNDƏ HƏR GÜN DAHA YAXŞI ANLAYACAQ.

Boru xətləri İrəvanın gözünə tankın lüləsi kimi görünürsə, bu zaman siyasi ofislərdən yox, kilinakalardan kömək gözləmək lazım olacaq.Ermənistanın Bakıdan neft-qaza batırılmış qorxu idxal etməsi bir ayrı “ÜDM”-lə hesablanmalıdır!

 

Zahid Oruc, millət vəkili

.