Ermənistan pandemiya böhranı ilə yanaşı, siyasi böhran da yaşamaqdadır. Ekspertlərin çoxunun fikrincə, Ermənistan hakimiyyəti özü pandemiyaya yoluxub. Hazırda baş nazir Nikol Paşinyan bütün siyasi opponentlərinə qarşı ən sərt və antidemokratik addımları atmaqdan belə çəkinmir. Paşinyan əvvəlcə Robert Köçəryanı dəmir barmaqlıqlar arasına göndərdi, sonra isə çevriliş yolu ilə devirdiyi Serj Sarkisyana ölkədən çıxma qadağası qoydu və demək olar, onu da Köçəryanın taleyi gözləyir. Paşinyan hakimiyyəti, eyni zamanda, “qondarma” rejimdə “qondarma” seçkilər keçirərək siyasi opponentlərini idarəçilikdən uzaqlaşdırdı və ora öz adamlarını təyin etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O diqqətə çatdırıb ki, Paşinyan indi də yeni siyasi opponentini gözümçıxdıya salıb: “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlamentdə “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı ləğv edilib. Çünki o, Paşinyan hakimiyyətini sərt tənqid edib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib və həbs ediləcəyi istisna olunmur. Onun məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu aydın göstərir. Maraqlıdır ki, Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.
Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudcasına alınıb və yüzlərlə adam saxlanılıb”.
E.Nəsirov bildirib ki, Ermənistan polisi aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib və beləliklə, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Bəs o zaman sual yaranır: Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verən hadisələrə niyə münasibət bildirmirlər? Başqa vaxt insan hüquqlarının carçısı qismində iştirak edən beynəlxalq QHT təşkilatları- “Freedom house” , “Sərhədsiz reportyorlar” niyə ağızlarına su alıb durublar. Halbuki son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda siyasi repressiyalar həyata keçirilir. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır və Ermənistanda totalitar inqilabi diktatura qurulub. Paşinyan özünü göyərçin libasında demokrat kimi təqdim etsə də, əslində diktatordur.
“Azərbaycan demokratik inkişaf yolunu seçmiş bir dövlətdir və bu istiqamətdə mühüm addımlar atılır. Belə olduğu halda bizim ölkəmizdə baş verən kiçik bir insident o dəqiqə Qərbin nəzər nöqtəsində olur və bizə təzyiq göstərirlər. Bu yanaşma həm təəccüb, həm də təəssüf doğurur. Qərbin dövlət və qeyri-dövlət təşkilatlarının ikili standartlar yürütməsi və Ermənistanda cərəyan edən hadisələrə göz yumması yolverilməzdir”, – deyə Elman Nəsirov fikrini yekunlaşdırıb.