AzMİU-da beynəlxalq elmi-texniki konfrans keçirilib – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzusunda Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

 

Aktor.Az xəbər verir ki, AzMİU-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda AMEA-nın , FHN-nin və digər dövlət orqanlarının, yerli və xarici elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan AzMİU-nun elm və texnika işləri üzrə prorektoru Arif Şərifov universitetin rektoru, professor Gülçöhrə Məmmədova adından konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Mövzunun dünyada və ölkəmiz üçün olan aktuallığını, fövqaladə hadisələrin bütün bəşəriyyəti düşündürən əsas problemlərdən olduğunu diqqətə çatdırıb. Prorektor bildirib ki, konfransda Azərbaycanla yanaşı ABŞ, Moldova, İran, Böyük Britaniya, Rusiya, Gürcüstan, Qazaxıstan və uzaq Niger, Əlcəzair, Monqolustandan olan mütəxəssislər iştirak edir. Ümumilikdə konfrasa 17 ölkədən 200-ə yaxın mütəxəssisin qatılıb. Sonda prorektor ümid edib ki, konfransın nəticələri, mövzu ilə bağlı tövsiyyələr təbii fəlakətlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində elmə mühüm mərhələ kimi daxil olacaq.

 

Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü akademik Gennadiy Rodin çıxış edərək konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətini vurğulayıb. Sonra o təmsil etdiyi Akademiyanın həqiqi üzvü seçilən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və AMEA-nın müxbir üzvü, Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayevə akademiyanın diplom və döş nişanlarını təqdim edib.

 

Plenar iclasında İ. Mustafayevin “Kür və Araz çaylarında 2010-cu ildə baş verən daşqınlar: səbəblər, nəticələr, ərazilərin reabilitasiyası”, AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin “Azərbaycanda baş verən güclü zəlzələlər” adlı məruzələri dinlənilib.

 

Sonra konfrans öz işini “Təbii fəlakətlər və onların təsirləri”, “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “İqlim dəyişmələri və ekoloji risklər” bölmələri ilə davam etdirib.

 

Qeyd edək ki, təbii fəlakətlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi, fəsadların aradan qaldırılması və risklərin idarə olunmasında ictimaiyyətin rolunun yüksəldilməsi məqsədi ilə keçirilən konfransda 3 bölmədə 183 məruzə dinləniləcək və konfrans dekabrın 6-da başa çatacaq.

 

 

 

 

 

.