“Rusiyanın münaqişədə varlığı hər zaman təhlükədir” – Politoloq
“Azərbaycan prezidenti İlham Əliyevin Münhen səfərini danışıqlar prosesinin Qərblə yenidən əməkdaşlıq prizmasında davam etdirilməsi kimi qəbul etmək olar”. Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
“Prezident xüsusi vurğuladı ki, Azərbaycan Brüsselin vasitəçiliyi ilə danışıqlar prosesində maraqlıdır. Bu, əslində nəticə almaqdan çox danışıqların müxtəlif platformalarda davam etdirilməsi üçün vacibdir. Məsələ ondadır ki, Rusiya da öz vasitəçilik səylərini davam etdirir kimi görüntü sərgiləyir. Bu durumda alternativ platformanın olması nəticə almaq baxımından Rusiyanın üzərində təzyiq formalaşdırır. Rusiya görür ki, onun sülh müqaviləsi təkliflərinə alternativ sülh təklifləri var və münaqişə tərəfləri daha çox qarşı tərəfin təkliflərinə meyllidirlər və ya ən azı qalib tərəf kimi Azərbaycan Brüssel görüşlərinə meyllidir. Bu durumda Rusiya da öz təkliflərində korreksiyalar etməyə məcbur olur”.
Politoloqun sözlərinə görə, Rusiyanın münaqişədə varlığı hər zaman təhlükədir və Azərbaycan da bu təzyiqləri öz üzərində hiss edir:
“Hesab edirəm ki, Rusiyanın Dövlət Dumasının sədri Volodinin Bakıya səfəri zamanı Ermənistanın əleyhinə hesab edilən bəyanatını elə Azərbaycan üçün də aktual saymaq olar. Onun Ermənistanı Avropa İttifaqı və Qərblə məlum əməkdaşlığının onların dövlətinin itirilməsi ilə nəticələnəcək kimi fikirlər söyləyərək hədələnməsini hər bir qonşu dövlət üçün təhdid olduğunu qəbul etməliyik, hətta bunu birbaşa Ukrayna ilə əlaqələndirməsi onların fikrinin ciddi olduğunu göstərir. Bu baxımdan, hesab edirəm ki, danışıq prosesinin harada aparılmasının prinsipial fərqi yoxdur, çünki Rusiya bu danışıqlarla manipulyasiya edib onu pozacaq və ya ən azı öz şərtlərinə uyğun olmasını tələb edəcək. Azərbaycan rəhbərliyi bunu yaxşı başa düşür, bu baxımdan, alternativ masa yaratmaq və Rusiyanın təzyiqlərini azaltmaqla daha məqbul platforma olmasını göstərməyə çalışır”.