Apelyasiya Komissiyası QHT-lər üçün məsləhət saatı keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyası (AK) QHT-lər üçün məsləhət saatı keçirib.

Aktor.Az xəbər verir ki, Şura üzvü Sahib Məmmədov sədri olduğu Apelyasiya Komissiyasının10 iyul 2018-ci ildə keçirilən iclasında müraciətinə baxılmış QHT-lərin bir qrupu ilə görüş keçirilməsində məqsədin layihə hazırlanmasının standartlarıyla bağlı onların bilik və bacarıqlarını artırılmasına köməklik etmək olduğunu deyib.Layihələrin peşəkar səviyyədə tərtibi üçün zəruri olan qaydaları ətraflı izah edən S. Məmmədov QHT-lər üçün konsultativ dəstəyi bundan sonra da davam etdirəcəklərini bildirib.Apelyasiya Komissiyasının sədri QHT-lərin ideyalarının Şuranın təlimat və qaydalarına uyğun şəkildə hazırlanması vacib olduğunu vurğulayıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin çıxış etdikləri ideyaların cəmiyyət üçün aktual olan mövzulara həsr olunması,layihələrin peşəkar şəkildə hazırlanması üçün zəruri olan komponentlər barədə danışıb.

Toplantıda QHT nümayəndələrinin Şuranın 2019-cu il birinci qrant müsabiqəsiylə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, məsləhət saatında “Eşitmə və nitq qüsurlu şəxslərə sosial yardım” İctimai Birliyi, Qaçqın və Deportasiya olunmuşlara Dayaq İctimai Birliyi və Ailələrə Sosial Dayaq İctimai Birliyinin sədrləri iştirak edib. Görüş zamanı Şura Katibliyinin əməkdaşları da QHT-lərə zəruri məsləhətlər verib.

Məlumat üçün bildirək ki, Şura Əsasnaməsinə görə QHT-lərə konsultativ, təşkilati-texniki, maliyyə, məlumatlandırma və metodiki yardımlar edir.

.