Putinə sarmaşan Paşinyanı rus mətbuatı belə “vurdu” – ARAŞDIRMA
Suren İonisyan (politoloq), Mixail Spasski (jurnalist)
“Nezavisimaya gazeta”, 27.09.2019
Postsovet məkanın bir sıra ölkələri son onillikdə məxməri inqilabın sınağından keçib (ən parlaq örnək Ukraynadır). Ənənə üzrə Rusiya ilə ümumi tarixi və əxlaqi-mənəvi dəyərləri olan xalqların tarixi yenidən yazılır, Moskvanın rolu yalnız xoşagəlməz yöndə təsvir olunur. Qərb polittexnoloqları tərəfindən şüurun kompleks emalı üzərindən Rusiyaya nifrət aşılanır.
Erməni xalqı da belə bir emalın qurbanı olub. Keçmiş prezident Serj Sərksyan 2018-ci ilin aprelində “məxməri inqilab” adlı siyasi fırıldaq nəticəsində hakimiyyəti Nikol Paşinyana verib. Lakin Ermənistan bu hadisələrdən ilyarım sonra belə də demokratik ölkə olmayıb, başda Ermənistanın Konstitusiya və qanunlarının durmadığı avtoritar bir dövlətə çevrilib, hamını isə Qərbin qeyri-hökumət təşkilatlarının (QHT) nizamnamələri yönəldir. Ermənistan mədəniyyət, iqtisadiyyat və ənənəvi dəyərlər üçün doğan bütün nəticələrlə Amerika Birləşmiş Ştatlarının geopolitik maraqları orbitinə düşüb.
Ermənistan QHT torunda
Məsələ burasındadır ki, Ermənistanın keçmiş prezidenti Serj Sərksyan 2010-2017-ci illərdə Qərbin QHT-lərini, fondlarını, sektalarını bilərəkdən Ermənistana doldurub, Ermənistanı tamamilə ABŞ-ın protektoratına verib. Məqsəd aydındır – Ermənistan üçün ənənəvi xristian dəyərlərini aşındırmaq, xalqın ailə quruluşu və çoxəsrlik adətlərini dağıtmaq yolu ilə erməni dövlətçiliyini zəiflətmək. Əslində, bu, milli özünüdərkə münasibətdə terrorizmdir.
Rusiya, adətən, öz qaydalarına vadar etməyərək postsovet məkanı ölkələrinin hökumətləri ilə münasibətlər qurur və təmas saxlayır. ABŞ isə üsulların geniş cəbbəxanası, o cümlədən çirklilərindən istifadə edərək birbaşa xalqla işləyir. İctimai rəyin gənc, iddialı potensial liderlərini tapır. Təhsil verir, gərəkli ideya məzmunu ilə qidalandırır və bu qayda ilə sıfırdan yeni elita formalaşdırır.
Dövlətləri məhv etmək üzrə məşhur mütəxəssis Corc Sorosun “Ermənistanın Açıq Cəmiyyəti” fondu, habelə “Yeqova şahidləri”, “Həyat Sözü Kilsəsi”, mormonlar (Şimali Amerikada çoxallahlılıqla xristianlığın qatışığından ibarət dini təriqət-tərc.) kimi təriqətlər Ermənistanda işləyir. Bu təriqətlərin Ermənistanda 200 mindən çox ardıcılı var və bu, ölkənin ümumən 2,5 milyon əhalisi müqabilindədir.
Əldə olan məlumata görə, Ermənistanda çoxu Qərb ölkələrinin hökumətləri, böyük bölümü ABŞ, Fransa, Böyük Britaniya tərəfindən maliyyələşdirilən 3,5 mindən çox QHT qeydə alınıb və işləyir.
Ermənistanın fəaliyyətdə olan hökumətində Qərb QHT-lərinin əməkdaşları çalışırlar: Ermənistan baş nazirinin I müavini Tiqran Avinyan, ərazi idarəçiliyi və infrastruktur naziri Suren Papikyan, yüksək texnologiyalar sənayesi naziri Akob Arşakyan, səhiyyə naziri Arsen Torosyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan (Ermənistanda LGBT cəmiyyətinin lobbiçisi), əmək və sosial məsələlər naziri Earui Batoyan, ədliyyə naziri Rüstəm Badasyan, ətraf mühit naziri Erik Qriqoryan, Ermənistan hökuməti aparatının başçısı Eduard Ağacanyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistan parlamentinin spikeri Ararat Mirzəyan, parlamentin vitse-spikeri Alen Simonyan, parlamentin vitse-spikeri Lena Nəzəryan, Ermənistan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Ruben Rubinyan və bir çox başqaları… Ermənistanda bütün hakimiyyət Qərb QHT-lərinin ABŞ, Böyük Britaniya, Fransanın xüsusi xidmətlərinin agentləri olan əməkdaşlara verilib.
Nikol Paşinyan hökuməti Rusiya-Ermənistan münasibətləri kontekstində özünü gözlənilməz aparır. Bütün əlamətlərdən görünür ki, bu hökumətin ABŞ Dövlət Departamentindən uyğun təilmat olmadan hər hansı bir qərar almağa ixtiyarı yoxdur.
Xalqın parçalanması
Ermənistanın inqilabi hökuməti RF erməni diasporası təmsilçilərinin səlahiyyətli strukturlarına inteqrasiya olunmağa hazırlaşmır. Əldə olan məlumata görə, ABŞ Dövlət Departamenti Rusiya ermənilərini Ermənistan hökumətinin tərkibinə daxil etməyi qəti qadağan edib. RF erməni diasporu Fransa, ya Amerika diasporu deyil, Ermənistan SSR, ya da Ermənistan Respublikasının köklü sakinləridir. Amerika vətəndaşı Zare Sinanyanın diaspor üzrə komissar təyin edilməsi Rusiyanın erməni diasporuna növbəti şapalaqdır. Hamıya aydındır ki, ABŞ-da uzun müddət şəhər meri postunu tutmuş adam Rusiyanın erməni diasporuna yaddır. О, necə deyərlər, MKİ ilə təmasda olmağa, sadəcə, borcludur və bu vəzifənin pərdəsi altında Rusiyada kəşfiyyat fəaliyyətini tam həyata keçirə bilər.
Paşinyan rejimi və təlimatçıları xalqı parçalamağa çalışırlar. Paşinyan hökuməti Ermənistanda artıq bir ildən çox süni şəkildə qarşılıqlı nifrət atmosferi yaradır, demokratik cəmiyyət qurmaq çağırışları altında insanların hissləri ilə oynayır.
Özgə cür düşünməyin təqibi
Yeni hakimiyyətin elan etdiyi sevgi və barış inqilabı başqa siyasi baxışları olan bir çox ictimai və siyasi xadimlərlə haqq-hesab çəkməyə dönüb. Rusiyayönlü siyasi istiqaməti müdafiə edənlərlə. LGBT cəmiyyətləri və Qərb demokratiyasının başqa nailiyyətlərini dəstəkləməyərək ənənəvi dəyərləri bəyənənlərlə.
Ermənistanın məhkəmə sistemi bu gün böyük basqı altındadır, güc qurumları qaba güc, cinayət işləri quraşdırmaqla orta əsrlərin üsulları ilə işləyir ki, bu da Ermənistanı üçüncü dünyanın avtoritar dövlətinə çevirir. Parlaq örnək RF ilə dostluq münasibətlərində olmaq istəyən bir çox siyasi və ictimai xadimlər haqda qanunsuz cinayət təqibi, habelə Rusiya-Ermənistan münasibətlərini bərkitmək və inkişaf etdirmək mövqeyində duran ikinci prezident Robert Koçaryana münasibətdə siyasi repressiyadır. İndiki hakimiyyətin ondan qurtulmağı məhz buna görə son dərəcə önəmlidir.
Paşinyanın daimi xofları
Paşinyan xarici və daxili siyasətdə gözlənilməz fəaliyyəti ucbatından Ermənistanın milli təhlükəsizliyinə baş təhlükə olub. O, Amerika milyarderi Corc Sorosa bağlı iki Qərbyönlü qeyri-hökumət təşkilatına hökumət fondundan yetərincə çox böyük maliyyə vəsaiti verir. Açıq ekoloji təhlükəylə bağlı əvvəllər konservləşdirilmiş, amma qərbli tərəfdaşların artıq göz dikdikləri “Amulsar” qızıl yatağının işlənməsinə başlayır. Gömrükxanadakı bayrağın yetərincə təmiz olmadığına qəzəblənərək gömrükxana işçilərini şəxsən işdən çıxardır. Paşinyanın sabah nəyə qəzəblənəcəyini heç kim bilmir. Aydındır ki, Ermənistanın baş naziri göz dəyən şəkildə əsəbiləşir və ölkənin siyasi meydanını indiki rejimə sərf etməyən adamlardan total təmizləməyə can atır.
Paşinyan son zamanlar “Sasna tsrer” (“Sasun cəngavərləri”) terror təşkilatının qılığına girməyə başlayıb, onlar 2016-nın yayında Ermənistanın keçmiş prezidenti Sərksyanın birbaşa göstərişi ilə İrəvanda PPX alayını ələ keçiriblər, nəticədə hüquq-mühafizə qurumlarının işçiləri həlak olublar. Amma onlar qanunla nəzərdə tutulan cəzanı çəkməyiblər, çünki Paşinyanın əmri ilə onları buraxıblar, vətən qarşısında borcunu yerinə yetirərək həlak olan polislərin qohumları isə ədalət məhkəməsini gözləyirlər. Bu terrorçu təşkilat ABŞ-ın İrəvandakı səfirliyi tərəfindən maliyyələşdirilir. Bu təşkilat Ukraynanın ən çirkli siyasi iş üçün döyüşçü tədarük edən “Azadlıq” təşkilatının oxşarıdır. Belə işin sxemi başqa ölkələrdə sınaqdan keçirilib.
Hakimiyyət daxilində bir-birinə qarşı dərin inamsızlıq atmosferi formalaşıb, buna görə də hakimiyyətin orta və yuxarı qatarında istefalar silsiləsi davam edəcək.
Hərbi ssenari
ABŞ-ın Ermənistan səfirliyinin 2500-ə yaxın işçisi var (bundan artığı ancaq ABŞ-ın İraq səfirliyindədir), bunların 1200-1400 nəfəri ABŞ Silahlı Güclərinin xüsusi təyinatlılarının təmsilçiləridir. Bu hərbçilər Ermənistanın paytaxtında nə edirlər, məqsədləri nədir? Bu sualı Ermənistanın üçüncü prezidenti Serj Sərksyana və Ermənistanın baş naziri Nikol Paşinyana vermək gərəkdir.
Ermənistanda ABŞ-ın üç gizli laboratoriyası da fəaliyyətdədir, onlar nə istehsal edirlər, bəlli deyil, amma, dəqiq, xərçəngin müalicəsi üçün vaksin deyil. Ermənistan hökuməti KTMT və AİB üzvü olmaqla ABŞ Silahlı Qüvvələrinin tam bir alayını və gizli laboratoriyalarını öz ərazisində tutur. Bu yaxınlarda Ermənistan və ABŞ hərbi idarələri arasında Ermənistan ərazisində sülhməramlılara Pentaqonun maliyyələşdirdiyi təlim mərkəzinin açılması haqda saziş imzalanıb. Bu, Ermənistanda ABŞ SQ-nin rəsmi bazasını açmaq üçün ilk addımdır. Ermənistan hökumətinin bu hərəkətləri öz strateji tərəfdaşı Rusiyaya münasibətdə qeyri-dostluq addımdır.
Az adam sezir ki, fəaliyyətdəki baş nazir və hökuməti Ermənistanın keçmiş prezidenti Serj Sərksyanın və kürəkəni Mikayel Minasyanın (Ermənistanın Vatikandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri) layihəsidir. Bu layihənin son məqsədi Minasyanın hakimiyyətə gəlişi və Ermənistanda siyasi meydanı təmizləməkdir. Minasyan Vatikanda səfir olarkən erməni xalqından oğurlanmış pulları Vatikan Bankında etirablı saxlayıb, bu isə 6 milyard dollardır.
Onun vəzifələrindən biri öz adamı Mais Mailyanı Artsaxda (Dağlıq Qarabağda-tərc.) hakimiyyətə gətirmək və Artsaxın beş rayonunu Azərbaycana verməkdir (Bu, Con Boltonun – ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisinin planıdır). Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı beş rayona görə 5 milyard dollar almağa razılaşıb.
ABŞ-ın ən önəmli hədəfi Rusiyanın 102-ci hərbi bazasıdır. Rusiya hərbçilərinin, ola bilsin, ən yaxın vaxtda ABŞ tərəfdən hücum obyekti ola biləsi İranın yaxınlığında varlığı kürəsəl dünya düzəni memarları üçün son dərəcə arzuolunmazdır.
Rusiya hərbçilərini necə rədd etməli?
ABŞ-da bu halla bağlı da növbəti həyasız bir plan hazırdır – buna əsasən, Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaq gərəkdir. Hərbi əməliyyatlar başlayacağı və Rusiya KTMT üzvü kimi münaqişəyə qarışacağı halda,Ermənistan rəhbərliyi Rusiya hərbçilərinin iştirakını arzuolunmaz elan edə bilər.
Ermənistan KİV-lərində antiruisya isterikası gücləndirilə bilər, Rusiya hərbçiləri ilə bağlı insidentlər yada salınar və ya uydurular. Ola bilsin, Rusiya hərbçisinin libasını geyinən adamların cinayət törətməyinə qədər təxribatlar təşkil olunar, bax, “Sasun cəngavərləri” burada işə yarayar.
İnsan duyğularının ağıla üstün gəlidiyi müharibə şəraitində antirusiya isterikasını qızışdırmaq xeyli asan olacaq. Rusiya bazasını barrikadalarla çevrələməyə başlayarlar. Ermənistandakı QHT-lərin böyük şəbəkəsi piketlər qurar və Rusiya hərbçilərinə qarşı gecə-gündüz növbətçilik təşkil edər, jurnalist ordusunun müşayiəti ilə çıxarlar. Təxribatın məqsədi Rusiya-Ermənistan münasibətlərini korlamaq, KTMT, MDB, AİB-dən çıxmaq, başlıcası isə Rusiya hərbi bazasını Ermənistandan çıxartmağa nail olmaqdır.
Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışarsa, amerikalılar mümkün hər şeyi etməklə yeni qaynar nöqtədən istifadə edərlər ki, Rusiyanı ciddi və uzunmüddətli şəkildə bu savaşa çəksinlər. Geopolitik nəticələr bu halda təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün Yaxın Şərq üçün ən gözlənilməz ola bilər.
ABŞ-ın son vəzifəsi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və İrana hücum üçün əməliyyat meydanı qurmaqdır. Ermənistanın özünü isə Rusiyanın çevrəsindəki adıyaman sanitar kordonuna pərçimləməkdir. Buna görə də Amerikanın şantajından yayınmaq və Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanmasından yayınmaq üçün maksimum tədbirlər görülməlidir.
ABŞ başda olmaqla kollektiv Qərbin manipulyasiyasının qurbanı olmamaq üçün planetin ən qədim xalqlarından birinin müdrikliyi yetərincə olmalıdır.
Strateq.az