Cənub Qaz Dəhlizi – Avropanın meqa layihəsi

Dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulan, həmçinin regionun lider dövləti olan Azərbaycanın siyasi, iqtisadi iradəsi və  qazandığı zəngin təcrübə  sayəsində ərsəyə gələn iri infrastruktur layihələr ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir, mövqeyini möhkəmləndirir. Bir neçə gün əvvəl açılışı keçirilmiş Cənub Qaz Dəhlizi də belə layihələrdəndir. Mütəxəssislərin meqa layihə hesab etdikləri bu layihə həm Azərbaycan, həm də Avropa üçün geosiyasi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı Elman Nəsirov Cənub Qaz Dəhlizinin açılışına münasibət bildirərkən dedi:

–  Azərbaycan dünya miqyasında elə bir böyük dövlət olmasa da, sözünün  çəkisi və mənası böyükdür.  Son illər beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələrin reallaşdırılması da bundan xəbər verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi -Ərzurum, Bakı –Tbilisi – Qars və bir neçə gün əvvəl təntənəli açılışı olmuş Cənub Qaz Dəhlizi kəməri ölkəmizin dünya miqyasındakı nüfuzunun  daha da artmasına təsir göstərən layihələrdir. Yəni, bunlar, əslində, miqyasına görə elə də böyük olmayan Azərbaycan dövlətinin sözünün çox böyük çəkiyə  malik olduğunu təsdiqləyir. Ölkəmiz hansı layihə  və təşəbbüslə çıxış edirsə, bu, mütləq  öz məntiqi həllini tapır. Bu nöqteyi-nəzərdən,  xatırlatmaq istərdim ki, bir vaxtlar  “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı –Tbilisi – Qars və digər layihələri əfsanə, xəyal hesab edirdilər. Ancaq dövlət başçımızın siyasi iradəsi, qətiyyəti bu “əfsanələri” reallığa çevirdi. Zənnimcə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına da bu məntiqdən yanaşmaq lazımdır.

E.Nəsirov bildirdi ki, 4 il bundan əvvəl Səngəçalda təməli qoyulan  bu nəhəng layihənin  açılış mərasiminin keçirilməsi Azərbaycanın növbəti uğurudur. Bu, həm iqtisadi, həm də siyasi baxımdan yüksək nailiyyətdir. Cənub Qaz Dəhlizi kəmərinin rəsmi açılışı bütün dünyaya göstərdi ki, Azərbaycan nəhəng bir layihənin təsəbbüşkarı kimi çıxış etdi. Təbii ki, belə bir layihəni təkbaşına həyata keçirmək mümkün deyildi. Çox mürəkkəb, iqtisadi, texniki xüsusiyyətlərə malik olan bu layihənin həyata keçirilməsi üçün beynəlxalq  əməkdaşlığa nail olmaq, etibar qazanmaq lazım idi.  Yeri gəlmişkən, diqqətə çatdırım ki, bu layihənin reallaşdırılmasına 40 milyard dollardan artıq vəsait qoyulub. Bu proses hələ də davam edir. Təsadüfi deyildir ki, bu layihə Avropanın meqa layihəsi adlandırılır. Avropanın  Cənub Qaz Dəhlizindən böyük layihəsi yoxdur.

Necə oldu ki, bu nəhəng layihə baş tutdu? Bu suala aydınlıq gətirən E.Nəsirov  bunun səbəbini, ilk növbədə, Azərbaycan dövlətinin, onun başçısının siyasi iradəsində, qətiyyətində gördüyünü bildirdi. Eyni zamanda, ölkəmizə dünya miqyasında böyük etimadın nəticəsi kimi də dəyərləndirdi. Dedi ki, hazırda  beynəlxalq aləmdə  Azərbaycana böyük etimad və inam var. Bununla yanaşı, respublikamız dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır: “1994-cü ildə ulu öndər Heydər Əliyevin müstəsna xidməti sayəsində  “Əsrin müqaviləsi” imzalandı. O vaxtdan  bəri daha 34, ümumilikdə Azərbaycanın iştirakı ilə 35 beynəlxalq  neft müqaviləsi imzalanıb. Bunların  hamısı Azərbaycan parlamentində ratifikasiya olunub. Bu, son dərəcə ciddi zəmanət deməkdir.  Qarşı tərəflərdə, yəni bizimlə əməkdaşlıq edən dövlətlərdə, iri şirkətlərdə bir inam yaranır ki, Azərbaycanla bu sahədə əməkdaşlığa dəyər”.

Politoloq qeyd etdi ki, Cənub Qaz Dəhlizi kəmərinin açılış mərasiminin keçirildiyi gün – 29 may, sözün həqiqi mənasında, müstəqillik tariximizə əbədi həkk olunan bir tarixdir. Bunun həm də simvolik mənası var.  28 May Azərbaycan Cümhuriyyətinin 100 illiyi, 29 may isə XXI əsrin ən böyük layihələrindən birinin açılış günü oldu. E.Nəsirov bildirdi ki, Cümhuriyyət liderlərinin ən böyük arzularından  biri  neftimizin dünya bazarına ­çıxarılması idi. Təəssüf ki, onların bu istəyi baş tutmadı. Cənab Prezident İlham Əliyev də bu məqamı vurğulayaraq dedi ki,  Cümhuriyyəti yaradan o böyük şəxsiyyətlər Azərbaycanın bugünkü vəziyyətini görsəydilər –Azərbaycan müstəqil dövlət kimi öz neftinin və qazının bir sahibi olaraq nə qədər inkişaf edib – onlar bundan qürur duyardılar.

E.Nəsirov dedi ki, son 15 il ərzində həyata keçirilən ardıcıl, məqsədyönlü siyasət, sistemli fəaliyyət nəticəsində bu gün respublikamız çox böyük maliyyə, iqtisadi imkanlara malikdir.  Eyni zamanda, siyasi iradə nümayiş etdirir, müstəqil siyasət yeridir. Hər kəsə məlumdur ki, Azərbaycanın  təşəbbüskarı olduğu  bu layihə  digər layihələr kimi, hansısa bir tərəfi hədəfə almır. Bu, sırf  əməkdaşlıq, tərəfdaşlıq layihəsidir: “ Həmin  tarixi mərasimdə  dövlətimizin başçısı İlham Əliyev bizimlə əməkdaşlıq edən dövlətlərə xüsusi təşəkkürünü bildirdi. Cənab Prezident qeyd etdi ki, ABŞ bu layihənin reallaşdırılması üçün bizə siyasi  və mənəvi dəstək oldu. Eyni zamanda, maliyyə dəstəyi də göstərdi. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentini 3 dəfə təbrik etməsi, eyni zamanda, bu ölkənin dövlət katibinin də təbrik məktubu ünvanlaması respublikamızın dünya miqyasında reytinqinin artmasının göstəricisidir.

ABŞ Prezidenti təbrik məktubunda qeyd edir ki, 100 yaşı tamam olan Azərbaycan dövləti bu gün firavan, inkişaf edən bir dövlətdir, həm də dünya qlobal iqtisadiyyatına inteqrasiya etmiş bir dövlətdir. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması, həqiqətən də  növbəti dəfə Azərbaycanın gücünü, potensialını göstərdi. Bir daha məlum oldu ki, Azərbaycanın təşəbbüsü ilə başlanan istənilən layihədə bütün tərəflər uduşlu vəziyyətdə olur ”./Xalq qəzeti

.