Azərbaycanın gənc alimi Çinin nüfuzlu universitetində məruzə ilə çıxış edib – FOTOLAR

11 aprel, 2017-ci il tarixində “Xəzər Humanitar və Sosial Elmlər “ beynəlxalq elmi jurnalının baş redaktor müavini Xəyalə Məmmədova Çin Xalq Respublikasının nüfuzlu universitetlərindən olan Hohai Universitetinin Beynəlxalq Əməkdaşlıq ofisinin təşkil etdiyi Hohai Araşdırma Forumunun növbəti seminarında məruzəçi qismində çıxış edib.

 

 

Aktor.Az xəbər verir ki, görüş “Skayp” vasiətəsi ilə onlayn şəkildə reallaşmış, məruzədə elmi yanaşmalara toxunulmuş, seminar iştirakçılarının sualları cavablandırılmışdır. İştirakçılar Hohai Universitetinin müxtəlif fakültələrində çalışan, oxuyan gənc alimlər və doktorantlar olub.

 

 

Qeyd edək ki, ilk olaraq Hohai Universitetinin Biznes fakültəsinin dekanı və Beynəlxalq Əməkdaşlıq Ofisinin direktoru, idarəçilik və insan resursları üzrə professor Vanq Qun (Wang Qun) seminarın rəsmi açılışını elan edib, Hohai Araşdırma Forumunun missiyası və mövzu ilə bağlı tədbir istirakçılarına ətraflı məlumat verib.

Digər çıxışçı, seminarın təşkilatçısı Mudassar Sarfraz bu vaxta qədər forumun həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək, elmi müzakirələrə tanınmış xarici ekspertlərin dəvət olununduğunu və beynəlxalq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Sonra sözü Azərbaycandan olan gənc alim Xəyalə Məmmədovaya verib.

 

 

Xəyalə Məmmədova məruzəsinə başlamazdan öncə hər kəsi Azərbaycan adından salamlayıb və belə bir önəmli Foruma ekspert qismində dəvət olunmasi üçün seminarın təşkilatçılarına minnətdarlığını bildirib.

Məruzəçi ingilis dilində çıxışında mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasından, böyük imkanlara malik olan beynəlxalq elmi bazalardan yararlanmaq metodlarından, Clarivate Analytics, Scopus və s. bu kimi beynəlxalq elmi bazalarda qeydiyyatdan keçən jurnallarda məqalələr üçün qoyulan tələblərdən, həmçinin müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləridən geniş məlumat verib.

 

 

Daha sonra elmi-tədqiqat metodları, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyyarları və digər praktiki məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Seminarın sonunda Xəyalə Məmmədova seminar təşkilatçıları və iştirakçılarına bir daha öz minnətdarlığını bildirib, Hohai Araşdırma Forumunun gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

Qeyd edək ki, Xəyalə Məmmədova 1983-cü ildə Bakıda anadan olub.2000-2004-cü ildə Xəzər Universitetinin Regionşünaslıq üzrə bakalavr, 2006-2008-ci illərdə isə Beynəlxalq Əlaqələr ixtisası üzrə magistr dərəcəsini bitirib. 2011-2016 -cı illərdə namizədlik dissertasiyasını müdafiə edərək, sosial fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

2009-cu ildən tanınmış “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq jurnalının baş redaktor müavini vəzifəsində çalışır.

2015-ci ildən BMT Qlobal Saziş layihəsinin Azərbaycan üzrə əlaqələndiricisidir. 2016-cı ildən Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəridir.

Xatırladaq ki, hazırda Beynəlxalq Multikultural Şəbəkənin 71 ölkədə rəsmi nümayəndələri fəaliyyət göstərir. Beynəlxalq Multikultural Şəbəkənin yaradılmasında əsas məqsəd , ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafının qorunub saxlanılması, eyni zamanda təbliğinə dəstək olmaqdır. Bu istiqamətdə mütəmadi olaraq xarici ölkələrdə beynəlxalq tədbirlər həyata keçirir. Davamlı olaraq dünya üzrə tanınmış alimlərlə xarici mətbuatda elmi-müsahibələri dərc olunur.

“Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları” adlı layihənin rəhbəridir və bu istiqamətdə həyata keçirilən tədbirlərin rəsmi ekspertidir. Yerli və beynəlxalq jurnallarda araşdırma sahələri üzrə 43 elmi-məqaləsi çap olunub.

Ölkəmizin mədəni-ictimai həyatındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 5 fevral tarixli sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

.