Azərbaycan dili xarici təsirlərdən qorunmalıdır

  Hər bir dili yaşadan, qoruyan, inkişaf etdirən onun daşıyıcılarıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Xalqımıza ulu babalardan miras qalan , ən qiymətli milli sərvəti olan ana dilimizi hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Tarixi faktlar da təsdiqləyir ki, ümummilli liderHeydər Əliyevin xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dili ümumişlək dilə, dövlət dilinə çevrilmişdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən dil siyasəti məsələsini daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Bu siyasət sərt kommunist rejiminin hökmranlığı dövründə də özünü büruzə vermişdir.Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük tarixi hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik “Müasir Azərbaycan dili” adlı fundamental dərslik çap olunmuşdu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ana dilimizin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüflə xatırlanır.Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox önəmli hadisələrlə yadda qaldı. Hər şeydən əvvəl, millimənəvi sərvətimiz olan ana dilimizin adı bərpa edildi. Anadilimiz özümüzə qaytarıldı.

1995-ci il noyabrın 12- də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Bu bir faktdır ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritetinə çevrilib.Dövlətimizin başçısının bu məqsədlə imzaladığı fərmanlar ana dilimizin saflığının qorunmasında əhəmiyyətli rol oynamışdır.

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmanla “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması bu istiqamətdə atılan növbəti qətiyyətli addımlardandır. Bundan sonra Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə ciddi nəzarət ediləcək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunması təmin olunacaq.

Dövlətimzin başçısı hər zaman ana dilinin saflığını diqqət mərkəzində saxlayıb.Prezident və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı yeni istifadəyə verilmiş Muğam Mərkəzində rayon ictimaiyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdə də Azərbaycan dilinin saflığının qorunmasının vacibliyindən söhbət açıldı.

Ölkə başçısı bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzaladığını xatırlatdı və dedi ki, bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir: “Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir,əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm.Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”.

 

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

 

.