“Əsas səbəbkar Saakaşvilidir” – Telman Məmmədovla SEÇKİ SÖHBƏTİ

“Azərbaycan qonşu Gürcüstanda sabitliyin hökm sürməsində maraqlıdır”

Oktyabrın 28-də Gürcüstanda növbəti 6 ildə ölkəni kimin idarə edəcəyini müəyyənləşdirmək üçün Prezident seçkiləri keçirildi. Seçkilərdə Qriqol Vaşadze, David Bakradze, Zurab Caparidze, Salome Zurabişvili olmaqla, cəmi 25 namizəd mübarizə aparsa da, sonradan 2 nəfər namizədliyini geri çəkib. Hazırda hakimiyyət uğrunda iki namizəd arasında mübarizə gedir. Salome Zurabişvilinin 40.05%, Qriqol Vaşadzenin isə 37.93% səs toplaması seçkilərdə ikinci turu zəruri edib.

AzNews.az mövzu ilə bağlı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, jurnalist Telman Məmmədovla söhbət edib.

– Telman bəy, Gürcüstanda keçirilən Prezident seçkiləri ilə bağlı nə deyə bilərsiniz?

– Bu, Gürcüstanda səsvermə yolu ilə keçiriləcək sonuncu seçkilərdir. Bundan sonra Gürcüstan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən, prezidenti Parlament seçəcək. Orada belə bir şərt də var ki, parlamentdən başqa qeyri-hökumət təşkilatları, ictimai qurumlar da növbəti dəfə prezidentin seçilməsində səsvermə hüququna malik olacaq. Göründüyü kimi, seçkilərin birinci turunda, hakim partiya tərəfindən dəstəklənən və müstəqil namizəd olan Salome Zurabişvili, lazım olan 50 faizlik barajı keçmədiyinə görə, Gürcüstanda Prezident seckilərinin ikinci turu dekabrın 2-nə təyin olunub. Bu proqnozlar əvvəldən verilən idi. Aydın məsələdir ki, əvvəlki seçkilərdə hakimiyyətə gəlmiş “Gürcü arzusu”, bu seçkilərdə mütləq üstünlük əldə etmişdi. Amma son zamanlar regionda və dünyada baş verən iqtisadi çətinliklər Gürcüstandan da yan keçmədi. Bu da Gürcüstandakı hakim partiyanın nüfuzuna təsirsiz ötüşmədi və seçkilərdə öz əksini tapdı. Digər tərəfdən, partiyalararası hakimiyyətdə postlar tutmuş şəxslərin tez-tez dəyişdirilməsi, bu və ya digər vəzifələrə təyin edilməsindən əhali yorulmuşdu. Bütün bunlar da hakim partiyanın namizədinin lazım olan səsləri toplamamasına təsir etdi.

– Sizcə, bundan sonra Gürcüstanda nələr ola bilər?

– Bu barədə müəyyən bəyanatlar verilir. İkinci tura Saakaşvilinin və 8-9 qurumun müəyyənləşdirdiyi Qriqor Vaşadze namizəddir. O, artıq seçkilərə avantajlı girir. Çünki birinci turda 9 partiya idisə, artıq ikinci turda müxalif partiyalar bəyanat verdilər ki, məhz Qriqor Vaşadzeyə səs veriləcək. Saakaşvilinin verdiyi məlumata görə, hətta səslər 60%-in üstündə də ola bilər. Bu, ola da bilər, olmaya da. Çünki “Gürcü arzusu” partiyasi üçün ikinci tura keçmək məğlubiyyət deməkdir. Digər tərəfdən, onlar bunu məğlubiyyət hesab edirsə, dinamik şəkildə nəticə çıxarır və məğlubiyyətə məruz qaldığı yerlərdə, əsasən də soydaşlarımızın kompakt halda yaşadığı bölgələrdə təbliğat işlərinə geniş şəkildə yer verirlər.

– Yeri gəlmişkən, seçkilər ərəfəsində və seçkilər yekunlaşdıqdan sonra soydaşlarımıza yönəlik hansı addımlar atıla bilər? Ümumiyyətlə, keçmiş və indiki prezidentlərin dövründə oradakı soydaşlarımızın durumu necə oldu?

– Bu məsələni üç hissəyə bölmək olar: Qamsaxurdiya-Şevardnadze dövrü, Saakaşvili dövrü və hazırki prezident, yəni İvanişvili komandası dövrü.

Qamsaxurdiya dövründə ümumiyyətlə, soydaşlarımızın hüquqları tapdalanmaqla yanaşı, kütləvi şəkildə təzyiqlərə də məruz qalırdılar. Din, dil, təhsil, işlə təminat barəsində onlar o qədər acınacaqlı vəziyyətdə idilər ki, bu və ya digər ölkələrə üz tutmağa məcbur qalırdılar.

Şevardnadze dövründə azərbaycanlıların təhsil və digər məsələləri nisbətən yüngülləşsə də, problemlər ciddi şəkildə qalırdı.

Saakaşvili bir islahatçı kimi gəldi, müəyyən addımlar atdı, bunu danmaq olmaz. Azərbaycanlı tələbələrin dövlət təhsil proqramlarında, Gürcüstanda ali elm ocaqlarında təhsil almaları üçün bir neçə qanun qəbul etdi. Həmin dövrdə gənclərimiz müəyyən dövlət qurumlarında, nazirlik və komitələrdə irəli çəkildi. Demək mümkündürsə, Saakaşvili dönəmində soydaşlarımızın ümumi güzəranı, hüquqları nisbətən düzəlmişdi. Amma bəzi problemlər hələ də qalırdı. Məsələn, elə bölgələr var idi ki, orada yaşayan azərbaycanlılar az olduğu üçün məktəblər bağlanırdı. Dövlət keçid proqramları fikirləşib, o məktəblərin bağlanmasının qarşısını almalı idi. Qənaətimcə, Saakaşvili bu sahədə ciddi addımlar atmadı.

İvanişvili dövrünü də bir düz xətt kimi səciyyələndirmək olar. Nə irəliyə, nə də geriyə addım kimi qiymətləndirmək olmaz. Ümumən, Gürcüstanın yüksək səviyyədə olmayan iqtisadi vəziyyəti azərbaycanlılara da təsir etdi. Azərbaycanlıların işlə təminat məsələsi dildən də, toponimlərdən də, təhsildən də üstün məsələdir. Bunu da Gürcüstandakı ab-hava ilə əlaqələndirmək olar. Rustavi ağır metallurgiya zavodu demək olar ki, çöküb. Maşınqayırma zavodları var idi. Kənd təsərrüfatı sahəsində belə, hansısa iri müəssisələrin mövcudluğundan söhbət gedə bilməz. Təbii ki, belə instansiyalar yoxdursa, azərbaycanlıların işlə təminatında problemlər yaranırdı.

Yığılan bütün bu mənfi hallar, bu seçkilərdə öz sözünü dedi. Azərbaycanlıların yaşadığı Borçalıda seçkilərin nəticələrinə fikir versək, hakim komandalarla müxalif komandaların səs nisbətinə baxsaq, Marneulidə, Dmanisidə azərbaycanlıların daha çox müxalifət namizədi olan Qriqor Vaşadzeyə səs verdiyini görərik. Onlar ümid edirlər ki, Saakaşvili dönəmində olduğu kimi azərbaycanlılarla bağlı müəyyən addımlar atılacaq. Ümumilikdə isə vəziyyət mürəkkəbdir. Azərbaycan dövləti olaraq seçkiləri kənardan izləyir, Gürcüstan xalqının qərarına digər dövlətlər kimi hörmət etməyi əsas bilirik. Digər tərəfdən, Gürcüstan bizim üçün qonşu dövlət olmaqla yanaşı, transmilli layihələrimizin reallaşdığı coğrafi müstəvidir. Həm soydaşlarımız amili, həm də layihələrimizin keçdiyi ərazi kimi Azərbaycan da bu ölkədə sabitliyin hökm sürməsində, qarşıdurmaların baş verməməsində maraqlıdır.

– Qeyd etdiniz ki, hakim partiya öz namizədi yerinə müstəqil namizəd olan Zurabişvilini dəstəkləyir. Niyə məhz Zurabişvili?

– Bəzi söhbətlər dolaşır ki, niyə “Gürcü arzusu” seçkilərə öz namizədi ilə getmədi. Siyasi kluarlarda belə söhbətlər gedir ki, son Parlament seçkilərində az qala, hakim komanda parlamentdə 70% deputat masalarına sahibləndi. Müxalifət bir növ küncə sıxılmış formada göründü. Kluarlarda gürcü və beynəlxalq siyasətçilər də qeyd edirlər ki, İvanişvili hər hansı bir hüquqi vəzifə tutmasa da, bu ölkədə bütün siyasi prosesləri pərdə arxasından o idarə edir. Əslində iqtidar komandasının verdiyi qərarın kökündə o durur ki, “müstəqil” namizəd verməklə, demokratik imic formaşladırsın ki, baxın, öz partiyamızdan kimisə namizəd vermədik, Avropada yaşamış bir şəxsi namizəd kimi irəli verdik. Xatırladım ki, S. Zurabişvilinin valideynləri Fransada yaşayıblar. Onlar ciddi şəkildə Fransada Gürcüstanın milli maraqları üçün müəyyən addımlar atıblar. Zurabişvili özü Fransa XİN-də çalışıb. Hətta 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri olub. Salome Zurabişvilinin Gürcüstana qayıtmasının da birinci səbəbkarı M. Saakaşvilidir. Onun bu uğurlarını görən, 2004-cü ildə hakimiyyətə gəlmiş M. Saakaşvili Zurabişvilini xarici işlər naziri təyin edib. Bu məsələləri o vaxt Jak Şirakla da müzakirə ediblər. 2004-2005-ci illərdə o, Gürcüstanda xarici işlər naziri kimi çalışıb. Bu vəzifədən getməsindəki səbəb o vaxt parlamentin spikeri Nino Burcanadze ilə aralarında yaranan fikir ayrılıqları olub. Həm də 2008-ci ildə Rusiya Cənubi Osetiya Gürcüstan münaqişəsində birmənalı qaydada Saakaşvili administrasiyasını qınayıb.

Zurabişvili bildirib ki, müharibənin baş verməsinə və Gürcüstanın bu hala düşməsinə rəvac verən şəxslərdən birincisi hakim koalisyadır. Zurabişvili bunu öz kitablarında da qeyd edib. Fikir ayrılığı, partiya çərçivəsində ona qarşı rəy formalaşdı. Bu dövrlərə qədər o, müstəqil siyasətçi kimi fəaliyyət göstərirdi. Dediyim kimi, onun irəli çəkilməsində iki amil var idi. Birinci amil, imicinin qaytarılması, ikinci amil Avropada yaşamış avropalının prezident seçilməsi. Təbii ki, bizim fikirlərimiz seçkinin gedişinə təsir etməyəcək, amma etiraf etmək lazımdır ki, Zurabişvilinin o xarizmada olmadığını birinci tur göstərdi.

.