Cinayətkarlar arzularına çata bilməyəcəklər – Prezident
Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək.Bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi: “Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq.
Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə – nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir: “Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir – həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə”.
Prezident deyib ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmayıb: “Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi”.