“Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycanda aparılan idarəetmə və kadr islahatlarının mərkəzində yalnız struktur dəyişiklikləri deyil, daha geniş və hərtərəfli nəzarət mexanizmi dayanır. Dövlətimizin başçısının fikirlərində açıq şəkildə vurğulanan əsas mesaj ondan ibarətdir ki, istənilən idarəetmə modelinin uğuru, ilk növbədə, insan amilindən və cəmiyyətin nəzarət imkanlarından asılıdır.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modeli çeviklik və operativlik baxımından müasir çağırışlara cavab verir. Lakin Prezidentin də qeyd etdiyi kimi, ən ideal struktur belə, əgər etibarlı və məsuliyyətli kadrlarla təmin olunmayıbsa, gözlənilən nəticəni vermir.
Bu baxımdan dövlətimizin başçısının “Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri” fikri strateji yanaşmanın mahiyyətini açır”.
Aktor.Az xəbər verir ki, bu sözləri açıqlamasında İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də Prezidentin ictimai nəzarəti real qərarvermə mexanizmi kimi təqdim etməsidir. Dövlətimizin başçısı açıq şəkildə bildirir ki, qəbul etdiyi bir çox kadr vəzifədən azadetmə qərarlarının əsasında yerlərdən daxil olan siqnallar, yəni vətəndaşların, yerli ictimaiyyətin və müxtəlif mənbələrin verdiyi məlumatlar dayanır. Bu siqnallar təkcə bir qurum tərəfindən deyil, bir neçə instansiya vasitəsilə yoxlanılır ki, subyektivlik və şəxsi maraqlar istisna edilsin.
Bu yanaşma göstərir ki, ictimai nəzarət Azərbaycanda yeni mərhələyə daxil olaraq, institusional və funksional mexanizmə çevrilib. Prezident İlham Əliyevin “Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm?” fikri dövlət-vətəndaş münasibətlərində məsuliyyətin qarşılıqlı xarakter daşıdığını açıq şəkildə ortaya qoyur. Yəni vətəndaş təşəbbüsü vacibdir, bu olmasa problemlər gizli qala bilər, aktiv mövqe isə islahatların sürətlənməsinə xidmət edir.
Mühüm məqamlardan biri də odur ki, dövlətimizin başçısı kadr pozuntularını nəsil və yaş amili ilə əlaqələndirmir. Gənc və ya yaşlı olmasından asılı olmayaraq, əsas meyar şəxsi keyfiyyətlər, mənəvi dəyərlər və cəmiyyət qarşısında məsuliyyət hissidir. Bu isə meritokratiya prinsipinin, – ləyaqətə əsaslanan idarəetmənin, – dövlət siyasətində prioritet olduğunu göstərir.
“Hesab edirəm ki, dövlətimizin başçısı ictimai nəzarətlə bağlı məsələlərə xüsusi diqqət ayırmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, bu yanaşma müvafiq qurumlar tərəfindən də eyni həssaslıqla olsun, vətəndaş təşəbbüslərinə və ictimai nəzarət mexanizmlərinə ciddi münasibət göstərilsin. Bu isə cəmiyyətdə və yerlərdə məmurlara olan ictimai etimadın daha da güclənməsinə xidmət edir. Vətəndaşların məmurların fəaliyyəti ilə bağlı mövqeyinin birbaşa Prezidentə qədər çatması yerli icra strukturları üçün açıq və ciddi xəbərdarlıq xarakteri daşımalıdır.
Prezident İlham Əliyevin müsahibəsi bir mesajı açıq şəkildə cəmiyyətə çatdırır: vəzifə etimaddır, ictimai nəzarət isə bu etimadın qoruyucusudur. Dövlət idarəçiliyində şəffaflıq, ədalət və məsuliyyət yalnız yuxarıdan verilən tapşırıqlarla deyil, cəmiyyətin fəal iştirakı və nəzarəti ilə mümkündür. Bu baxımdan ictimai nəzarətin gücləndirilməsi həm dövlətin, həm də vətəndaş cəmiyyətinin ortaq marağı və məsuliyyətidir”, – deyə QHT sədri vurğulayıb.
C.Hüseynzadə qeyd edib ki, islahatların davamlılığı məhz bu qarşılıqlı etimad və nəzarət balansı üzərində qurulur. Prezidentin ifadə etdiyi kimi, bu proses asan deyil, lakin ictimai nəzarətə söykənən idarəetmə modeli Azərbaycanın uzunmüddətli inkişafının əsas təminatlarından biridir.

