FotoManşetSosialTəhsilXəbər xətti

20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb – FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi – “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Aktor.Az xəbər verir ki, rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb. Çıxışında rektor yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

Rektorun çıxışından sonra söz alan universitetin İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb. O qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, itkilərimiz oldu. “Lakin mənfur rejim xalqımızın mübarizlik əzmini, azadlıq istəyini boğa bilmədi. Azərbaycan canı, qanı bahasına müstəqilliyinə qovuşdu, 70 illik imperiya müstəmləkəsindən qurtuldu”. Kafedra müdiri vurğulayıb ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Tələbələrdən Əmrah Vahabzadə və Aybəniz Əmrullazadə yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini paylaşıblar, şeirlər söyləyiblər, ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.

Mitinqdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyublar.