AzMİU dünyanın ən ekoloji universitetlər siyahısına daxil olub – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il ilk dəfədir ki, “UI Green Metric World University” reytinq bazasının ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısına daxil olub.Aktor.Az xəbər verir ki, dünyanın ən yaxşı 619 universiteti arasında, 453-cü yerdə qərarlaşıb. Azərbaycan Universitetləri arasında AzMİU beynəlxalq Green Metric reytinq sisteminə daxil olan yeqanə universitetdir. Green Metric reytinq sistemində Böyük Britaniyanın Oksford Universiteti, Türkiyənin Boğaziçi Universiteti, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və bu kimi dünyanın ən nüfuzlu universitetləri yer alıb.

Reytinqin altı əsas meyarı əsasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Reytinqdə eyni zamanda təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.

Məlumat üçün qeyd edək ki, UI Green Metric World University Ranking İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. UI Green Metric reytinqi ekologiya sahəsində yeqanə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.

2017-ci il UI Green Metric-nin tam nəticələrini bu saytdan əldə edə bilərsiniz: http://greenmetric.ui.ac.id/overall-ranking-2017/

 

.