Təhsil

“Mənim ustadım” adlı sərgi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi İsmayıl Hacıyevin fərdi sərgisi keçirilib. Azərbaycanın Əməkdar memarı, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyinə həsr olunmuş “Mənim ustadım” adlanan sərgidə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.Bu barədə institutdan Aktor.Az-a verilən məlumatda deyilir.

Sərgini giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq E.Qasımzadənin ömür yoluna nəzər salıb, Azərbaycanın müasir memarlıq tarixində öz dəsti-xətti, öz yeri olan yubilyarla bağlı fikirlər səsləndirib, ona yaradıcılıq uğurları, can sağlığı arzulayıb. Rektordan sonra həmkarları, müəllimlər E.Qasımzadənin ünvanına təbriklər səsləndirib, ona təbriklər ünvanlayıblar. İ.Hacıyev də çıxışında müəllimi, ustadı haqqında xoş sözlər söyləyib, ona ən xoş arzularını çatdırıb. Göstərilən diqqət və hörmətə görə təşəkkürünü bildirən E.Qasımzadə bundan sonra da memar və müəllim kimi tələbələrinə dəstək olacağını bildirib.

Tədbir sərginin rəmzi qırmızı lentinin kəsilməsi ilə davam edib, sərgiyə gələnlər İsmayılın rəsmləri ilə tanış olub. Əsasən yağlı boya ilə çəkilmiş rəsmlər – Elbay Qasımzadənin portreti, Azərbaycan bayrağı, şahə qalxmış Qarabağ atı, “Xosrov və Şirin” poemasından miniatür sərgi iştirakçılarının marağına səbəb olub.