GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

KORSİKA FRANSA DEYİLDİR VƏ NİDA İŞARƏSİ

Fransa yenidən “müstəmləkəçilik libası”na bürünüb, korsikalıların azadlıq mübarizəsini qan içində boğmaqdadır. 1768-ci ildə Korsikanı işğal edən Fransa bu regionda törətdiyi qətl və vəhşilik aksiyalarının artıq sayını itiribdir. Özünü beynəlxalq ictimai fikrə “sülh göyərçini” kimi sırımağa çalışan Fransa əslində beynəlxalq arenada qırğı rolunda çıxış edir, xalqların azadlıq və ədalətlə bağlı arzularını süngü ilə qarşılayır. Fransa bü gün Korsikada XVIII əsrdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqda davam edir. Görünür 256 il ərzində Korsikada törətdiyi bəşəri cinayətlərə görə cəzasız qalması Fransada “arxayınçılıq sindromu“ yaratmışdır. Əks halda hansı hünər ilə Makron Fransası dünyanın gözü qarşısında Korsikanı tam informasiya blokadasına alar, antiterror əməliyyatlar adı altında adanın azadlıq mübarizəsinə qarşı repressiv tədbirlər görə bilərdi. Artıq Azad Korsika Partiyasının onlarla üzvü separatçı və terrorçu damğası ilə həbs olunmuşdur. Fransa üçün “yaxsı” və “pis” separatçı-terrorçu vardır. Qarabağda bir nömrəli separatçı-terrorçu Araik Arutyunyan rəsmi Paris üçün “yaxşı” terrorçu hesab olunur, Azad Korsika Partiyasının üzvləri isə “pis” terrorçu statusundadır. Erməni terrorçu Araikin şərəfinə Fransada qəbullar təşkil olunur, mətbuatda separatçı və terrorçu baxışlarının təbliğinə maksimum şərait yaradılır, korsikalıların azadlıq mübarizəsinin liderləri isə həbsxanalara atılır. Bu, ikili standartların ən bariz nümunəsidir.
Ermənistanda terrorçuluq dövlət ideologiyası səviyyəsinə yüksəldilibdir. Fransa belə bir dövlətə tam dəstək verir. Ermənistan və Fransa liderləri isə bir-birinə “bacı” deyirlər. Fransa doğrudanmı kiçik “bacı”sının pis yola düşdüyündən xəbərsizdir? Yoxsa eyni yolun elə yoldaşlarıdırlar? Belə davam etsə, beynəlxalq siyasətin onsuz da tükənməkdə olan abır-həyası tam qeybə çəkiləcək. Bu vəziyyətdə susmaq və kənar müşahidəçi qismində qalmaq qəbuledilməzdir. Formalaşmış şəraitdə aşağıdakı addımların atılmasını zəruri hesab edirik:
Əvvəla, Fransa hökuməti Korsikaya qarşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq tətbiq etdiyi repressiya siyasətinə son qoymalıdır.
İkincisi, Avropa Şurası ayri-ayrı dövlətlərdə insan hüquq və azadlıqlarının müdafiəsi siyasətində selektiv yanaşma prinsipindən əl çəkməli, AŞPA Korsikaya Fransanın törətdiyi qeyri-insani hərəkətlərə qiymət vermək üçün faktaraşdırıcı missiya göndərməlidir. Bu missiyanın tərkibinin müəyyən edilməsinə olduqca həssas yanaşılmalıdır. Frankofillərdən tərtib ediləcək missiyanın hansı hesabatı hazırlayacağını proqnozlaşdırmaq çətin deyildir.
Üçüncüsü, özünü dünyada demokratiyanın bayraqdarı kimi təqdim edən ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu da Korsikada yaşanan dramatik proseslərlə bağlı fəal hərəkətlərə keçməli, vəziyyəti yerində araşdırmalı və obyektiv mövqeyini ortaya qoymalıdır.
Dördüncüsu, Fransanın Korsikadakı repressiv hərəkətləri ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının (TŞ)gündəliyinə salınması və müvafiq hüquqi-siyasi addımların atılması zəruridir.
Nəhayət, Fransanın BMT TŞ-ın daimi üzvu olaraq malik olduğu veto hüququndan siyasi ambisiyalarını müdafiə etmək üçün yararlanmaq praktikasına son qoyulmalıdır.
Korsika Fransa deyildir və nida işarəsi.

ELMAN NƏSİROV
MİLLİ MƏCLİSİN DEPUTATI,
SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR