Azərbaycanda konstruktiv siyasi dialoq mühiti təkmilləşir…radikallar isə öz “nimdaş” ampluasindadir
Bu, bir həqiqətdir ki, siyasi partiya vətəndaşların siyasi iradəsini ifadə etmək üçün yaradılan kollektiv alətdir. Birləşmək azadlığı isə siyasi partiyaların öz fəaliyyətlərində əsas tutduqları prioritet prinsipdir. Müasir siyasi həyatın nəbzi bir çox hallarda məhz siyasi partiyaların fəaliyyəti ilə tənzimlənir.
Siyasi sistemin mərkəzi elementi olan partiyalar ilk növbədə dövlətdə siyasi hakimiyyətə malik olmağa can atır, yerli və mərkəzi idaretmə orqanlarında öz nümayəndələri vasitəsilə təmsil olunmaq istəyirlər. Bu reallığı bütün sivil və demokratik dövlətlər qəbul edir və öz fəaliyyətlərində rəhbər prinsip kimi həyata keçirirlər.
Demokratik dünyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası da bu baxımdan istisna təşkil etmir. Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədi ilə müvafiq islahatlar kursunu həyata keçirir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli və genişmiqyaslı islahatlar kursu yeni mərhələyə yüksəlmişdir. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşmışdır. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçmişdir. Partiyalararası dialoqun möhkəm təməli qoyulmuşdur və onun inkişaf istiqamətlərinin konturları cızılmışdır.
Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratmışdır. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrilmişdir. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla “Siyasi partiyalar haqqında” qanun qüvvəyə minmişdir. Nəticədə ölkəmizin siyasi sisteminin dayanıqlı və hərtərəfli inkişafı üçün olduqca mühüm qanunvericilik bazası formalaşmışdır.
Bəs bu mühüm hüquqi bazanın tətbiqi məsələləri hansı səviyyədədir? Bu istiqamətdə hansı əməli addımlar atılmışdır? Bu prosesdə siyasi partiyaların fəallığı və adekvatlıq əmsalını necə qiymətləndirmək olar?
Elə eyni məntiqlə may ayının 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, o cümlədən 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin əsaslandırılmış, konkret faktlara və arqumentlərə söykənən mövqeyinə gorə, əvvəla, bu qanunun qəbul edilməsi bir daha təsdiqlədi ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında demokratiyaya davamlı bir proses kimi yanaşır və bu istiqamətdə adrıcıl və sistemli addımlar atır.
İkincisi, Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya və siyasi mədəniyyətin bundan sonrakı inkişafı üçün mühüm qanunvericilik bazası formalaşmışdır.
Üçüncüsü, Azərbaycanda siyasi sistemin dayanıqlığı və partiyalararası dialoqun keyfiyyətcə yeni məznun kəsb etməsi üçün əlverişlı imkanlar pəncərəsi açılmşdır.
Dördüncüsü, ölkəmizdə siyasi partiyaların yaranması, dövlət qeydiyyatı və formalaşması prosesində keyfiyyət əmsalının həlledici amilə çevrilməsi təmin edilmişdir.
Beşincisi, siyasi partiyalar arasında sağlam siyasi rəqabət mühitinin yaranması, habelə ümummilli məsələlərdə onların vahid mövqedən çıxış etmələri üçün yeni imkanlar və mexanizmlər formalaşmışdır.
Altıncısı, dövlət orqanları ilə siyasi partiyalar arasında konstruktiv əməkdaşlıq mühiti yaranmışdır və onun inkişaf etdirilməsinin geniş perspektivləri mövcuddur.
Qeyd edilən istiqamətlər üzrə müvafiq dovlət qurumları və siyasi partiya təmsilçiləri arasında ətraflı fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin nəticəsi olaraq belə bir ortaq anlaşma əldə edilmişdir ki, partiyalardaxili, dövlət orqanları və partiyalar arasında sağlam əməkdaşlıq mühitinin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn məsələlərdir. İqtidar-müxalifət münasibətləri konstruktiv əməkdaşlığa, sağlam tənqidə, təşəbbüskarlığa və ən başlıcası ümummilli məsələlərdə ortaq mövqeyə əsaslanmalıdır. Ulu öndər Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi, “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.”
Vətəninə, xalqına, mənəviyyatına və məsləyinə müxalif olan yalnız bir siyasi partiya-AXCP demokratiyanın mühüm elementi olan siyasi dialoq mühitindən yenə də boyun qaçırdı. Bununla da “azadlıq aşiqləri”ləri və onların miskin tör-töküntüləri bir daha öz kimliklərini və mahiyyətlərini ortaya qoydular. Doğrudan da “sürünmək üçün doğulanlar heç vaxt uça bilməz”. Həqiqətən də, xalqın gözü tərəzidir: “qozbeli qəbir düzəldər.”
Artıq ölkə ictimai fikrində “AXCP” və “boykot” ifadələri sinonimləşib. “AXCP” deyəndə “boykot”, “boykot” deyəndə “AXCP” yada düşür. Əslində isə xalqımız bu siyasi qruplaşmanı çoxdan boykot edibdir. Yaddan çıxmayan əsl həqiqət budur.
Bu davranışları ilə AXCP və eyni “bulaq”dan “su” içənlər öz uğursuz siyasi talelərini çoxdan müəyyən edibdir. Bu antimilli ünsürlər “siyasi yalquzaq”lığa məhkumdurlar. Bu yanaşmanın isbata ehtiyacı yoxdur, onu bir aksiom tələbi kimi də qəbul etmək olar.
Elman Nəsirov
Milli Məclisin deputati, YAP Təftiş Komissiyasinin üzvü,
siyasi elmlər doktoru, professor