Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri, şəhid Məhərrəm İbrahimovun bu gün doğum günüdür.
Demokrat.az xəbər verir ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistan Sovet Sosialist Respublikasının Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbində (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya — Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.
2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalı ilə də təltif edilib.
Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm hərbi jurnalist kimi topladığı zəngin təcrübəni həvəslə digərləri ilə bölüşüb. Respublikamızda peşəkar hərbi jurnalist kimi tanınan Məhərrəm İbrahimov bu sahəni dərindən bilən şəxs kimi bir çox tədbirlərdə iştirak edib, bilik və təcrübələri bölüşüb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün təşkil olunan “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminarda Məhərrəm İbrahimov silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirə oxuyub. Ali Hərbi Məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Ailəlidir. Uğur və Toğrul adlı iki oğlu var.
2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib.
Allah rəhmət eləsin.