“ƏCABA, NƏ MATAH ŞEYMİŞ BU ERMƏNİLƏR…”
Azərbaycan xalqının mütləq əksəriyyəti üçün haqsızlığı, riyakarlığı, ikiüzlülüyü, ədalətsizliyi simvolizə edən bütün nəsnələrin ön sırasında ATƏT-in Minsk Qrupu və onun Sovet “üçlüyü” kimi heç bir dəyəri qalmayan həmsədrləri dayanır.
Dəfələrlə şahidi olmuşam, vətəndaşlarımız Minsk Qrupu həmsədrlərinin adı gələndə sanki dünyanın ən iyrənc məxluqu ilə, lap elə nağıllardan və əfsanələrdən bizə “tanış” olan “üçbaşlı əjdaha”, yaxud “üçbaşlı ilan”la qarşılaşıbmışlar kimi diksinirlər. Bu adı və onun üfunət qoxuyan mahiyyətini bir kimsə “nəfəsinə çəkmək” istəmir. Elə mən özüm də, istənilən xəbərin, yaxud şərhin içərisində “ATƏT-in Minsk qrupunun həmsədrləri”ylə qarşılaşanda baxışlarımı yayındırmağa çalışıram. Oxumaq, dinləmək, görmək istəmirəm – Vətənini sevən bütün azərbaycanlılar və ədalət hissini itirməyən bütün insanlar kimi. Əslində, bu reaksiyanın nifrətlə, sevməməklə, qəbul etməməklə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Bütün bu hisslərlə bağlı olan mərhələni çoxdan adlamışıq. Biz indi ATƏT-in Minsk Qrupunun simasız siyasətləri üfunət qoxuyan həmsədrlərindən, sadəcə iyrənirik.
30 ilə yaxın bir zaman ərzində yüzminlərlə azərbaycanlının köçkün həyatı yaşamasında, ana südü kimi halal torpaqlarımızın viran edilməsində və sayı saydıqca tükənməyəcək qədər çox olan müharibə cinayətlərində, amansız terror aksiyalarında Ermənistan qədər pay sahibi olan bu “üçbaşlı ilan”ın başları heç bir məsələdə bir araya gələ, ortaq mövqe sərgiləyə bilmir. Onları birləşdirən yeganə “dəyər” Azərbaycan torpaqlarındakı bir ovuc erməninin misli görünməyən həyasızlığının, bətnimizdə qarayara kimi yetişdirdikləri erməni separatizminin sonsuza qədər qorunması, himayə olunmasıdır.
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən “üçlüyün” – Rusiya, ABŞ və Fransanın istər keçmiş SSRİ məkanındakı, istərsə də dünyadakı separatçı hərəkatlara, ərazi iddialarından qaynaqlanan münaqişə və müharibələrə bir-birindən tamamilə fərqlənən yanaşmaları var.
Məsələn, ABŞ və Fransa Abxaziya və Cənubu Osetiya, Krım, Donbas, Luqansk və Dnestryanıdakı separatçı hərəkatları kəskin şəkildə pisləyir, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, separatçılara və onları himayə edənlərə sanksiyalar tətbiq edir, sözügedən separatçı bölgələrin ram edilmələri üçün əllərindən gələni əsirgəmir. Rusiya isə, məlum olduğu kimi tamamilə əks mövqedə dayanır. Rəsmi Moskvanın Dnestryanı istisna olmaqla, digər separatçı bölgələrin “müstəqilliklərini” tanıması da hər kəsə bəllidir.
Kosova məsələsində isə, Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir, Fransa və ABŞ Kosovanı “müstəqil dövlət” kimi tanıyırlar. Yalnız söhbət Azərbaycan ərazilərinə və bu əraziləri cəhənnəmə çevirən ermənilərə və Ermənistana gələndə bu “üçbaşlı ilan”ın didişən başları eyni hədəfə köklənir, yalan və böhtan “dişlərindən” eyni “zəhəri” axıdırlar.
Bu 3 ölkə bu gün dünyanın hər yerində bir-biri ilə didişirlər. Ukraynada qarşı-qarşıya dayanıblar, bir-birilərini Yer üzündən silməyə hazır olduqlarını nümayiş etdirirlər. “Minsk prosesi” çoxdan cəhənnəmə vasil olub və kimsənin yadına düşmür. Amma Azərbaycana gələndə yaxın tarixin ən böyük “geosiyasi impotenti” olan “Minsk Qrupu” hər üç həmsədrin yadına birdən düşür. ABŞ və Fransanın adının çəkilməsindən belə qıcıqlanan, ürəyi bulanan Rusiya ərazilərimizdəki bir ovuc separatçı-terrorçu ilə bağlı məsələ gündəmə gələr-gəlməz “Minsk Qrupu həmsədrlərini” yada salır və beləcə, əksliklər çox rahatlıqla əl-ələ, baş-başa verib, əsəblərimiz üzərində “yallı” gedirlər. Bu simasız yanaşmanın tarixi tərəfləri hər kəsə bəllidir: Cənub Qafqazda, tarixi Azərbaycan ərazilərində “Ermənistan” adlı qarayaranın yaranmasında və onun Qarabağımıza qədər irinli köklər atmasında Rusiya və Fransa birbaşa, ABŞ isə dolayısıyla iştirak edib. Amma bu gün dünyadakı bütün reallıqlar dəyişib, bu “üçlüyün” başları BMT Təhlükəsizlik Şurasında, demək olar ki, bütün məsələlərdə qarşı-qarşıya gəlir. Rusiya “birqütblü dünya”nın ən qatı əleydarı kimi çıxış edir, qlobal proseslərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək üçün olan-qalan imkanlarını da “havaya” sovurur, tarixin ən sərt sanksiyaları ilə üz-üzə qalmaq reallığını gözə alıb, qeyri-bərabər imkanlarla özünü gücdən salır, ABŞ və müttəfiqlərini, o cümlədən Fransanı nüvə silahı ilə təhdid edir, amma məsələ bir ovuc satqın, xəyanətkar, bəşər tarixinin ən qəddar cinayətlərinə əl atmağı məqbul sayan erməni separatçılarına gələndə, dərhal silahını da, silahdan daha kəskin ritorikasını da bir kənara qoyub, ən qatı düşmənləriylə bir araya gəlməyi “bacarır”. Əcaba, nə matah şeymiş bu ermənilər…
Anladım, indi kimlərsə “diaspor”, “lobbi” və bu kimi nəsnələri “çeynəyib tökəcək” ortalığa… Bütün bunlar hər kəsə bəlli olan məsələlərdir və mövcud reallıqlar çərçivəsində Rusiya, ABŞ və Fransanı birləşdirə biləcək qədər böyük əhəmiyyətə malik deyil.
Zənnimcə “üçlüyü” erməni məsələsində bir araya gətirən, bəzən açıq şəkildə ifadə etmək istəmədiyimiz, ABŞ, Fransa və Rusiyanın siyasi elitasının şüurunun alt qatına oturuşmuş və çox böyük təəssüflə açıqlamaq istədiyim başqa bir faktor var – xristianlıq və bu dinin formalaşdırdığı vahid mədəniyyət məkanı amili… Hər 3 ölkə Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü ilə bağlı məsələyə, buradakı separatçı hərakatların himayə olunub-olunmamasına onlara aid olan və dini amillərdən qaynaqlanan ortaq mədəniyyət arealının daxilində baş verən ziddiyyətlər kimi yanaşırlar. Biz isə, istəsək də, istəməsək də bu “ortaq mədəniyyət” arealından kənardayıq və bizə qarşı ən amansız cinayətləri törədənlər, torpaqlarımıza göz dikənlər ABŞ, Fransa və Rusiya ilə, onların baxış bucağından yanaşanda, eyni mədəniyyətin, eyni dini dünyagörüşünün daşıyıcılarıdır. Ola bilsin ki, ənənəvi siyasi mötivlərdən br qədər kənara çıxdım, amma bədnam Minsk Qrupu “üçlüyü”nün Azərbaycana münasibətdə sərgilədiyi ortaq ləyaqətsiz davranışın başqa izahını tapmaq mümkün deyil.
…Öz əhdəliklərinə sadiq qalmağı bacarmayan, dövlətlərarası münasibətlərdə qeyri-sabit, dəyişkən xarakter nümayiş etdirən, imzasını və sözünü urvatdan salan Rusiyanın Müdafiə Nazirliyinin son iki açıqlamasının və məramı sülh olmayan missiyasının davranışlarının da, həmçinin, izahı yoxdur! Bütün bunlar, bizimlə heç bir əlaqəsi olmayan qəzəbdən, əzilmiş təkəbbürün yaratdığı natamamlıq kompleksindən doğan qeyri-müəyyən çırpıntılara bənzəyir. Nonsensdir, Rusiya Müdafiə Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin tələblərini kobud şəkildə pozduğu açıqlamalarında, Azərbaycanı eyni sənədlərdə yer alan müddəalara əməl etməməkdə suçlamağa çalışır. Bütün bunlar müəyyən fasilələrlə baş versəydi, o zaman Rusiyanın sarizmdən qalma “dövşana qaç, tazıya tut” siyasətindən qaynaqlandığını, ənənəvi “manevr” xarakteri daşıdığını söyləmək olardı… Amma indi elə bir təəssürat yaranır ki, sanki bu açıqlamalar dərin sarsıntı keçirən başın, yaxud başların havaya püskürdüyü “sərxoş” ifadələrdir. Yaxud mətni xaricdəki hesabları bloklanan, villalarına, yaxtalarına həbs qoyulan, şirkətlərinin fəaliyyəti dayandırılan bir neçə nəfər yazıb. Məsələn, Yevgeni Popov, Olqa Skabayeva, Marqarita Simonyan, Vladimir Solovyov, Roman Babayan, Semyon Baqdasarov, Aram Qabrelyanov, Armen Qasparyan, Konstantin Zatulin, Tiqran Keosayan, Aleksandr Kots, Sergey Kurqinyan, Andranik Miqranyan və digərləri… Ola bilsin ki, hərəsi bir cümlə püskürüb havaya, Rossiyana Markovskaya da bu cümlələrdən bir-biri ilə ziddiyyət təşkil edən bir mətn “toparlayıb” atıb ortalığa… “Ata xəlvət, tülkü – bəy”, onsuz da baş qarışıqdı…
Rusiya sülhməramlıları 5 il müddətinə gəlmişdilər torpaqlarımıza. Amma 1 il 7 ay ərzində bütün etimad limitlərini alt-üst ediblər. Bundan sonra, həm Rusiya Müdafiə Nazirliyinin, həm də onun məramı sülh olmayan missiyasının etimadını bərpa etmək bəlkə də mümkün olmayacaq.
Azərbaycanın ərazi bütövlüyü Azərbaycan xalqının keçilməz qırmızı xəttidir. Bilmirəm, ölkəmizdəki real mənzərə və insanların düşüncələri ilə bağlı Moskvaya kimlər hansı məlumatları ötürür, amma Rusiya Müdafiə Nazirliyinin son açıqlamaları da sübuta yetirir ki, Azərbaycan xalqının dünyagörüşü və hadisələrə münasibəti ilə bağlı təssəvvürlərdə böyük yanlışlıqlar var.
Azərbaycan xalqının dünyagörüşündə və Azərbaycan dövlətinin siyasətində isə heç vaxt dəyişməyəcək bir gerçəklik var: Qarabağ Azərbaycandır! Həm də istisnasız olaraq!
Elçin Mirzəbəyli
Əməkdar jurnalist