Zamandan öndə…
Hadisələri önləmək, xalqının məhrumiyyətlərə düçar olmasına, dövlətinin geosiyasi oyunların güdazına getməsinə imkan verməmək təkcə strateji düşüncəyə sahib liderlik keyfiyyəti deyil, həm də gerçək qəhrəmanlıq nümunədir. Mübaliğəsiz yazıram. Gözümüz önündə cərəyan edən hadisələrin mahiyyəti və perspektivi belə düşünməyə və yazmağa əsas verir.
…Çox uzağa getməyəcəyəm. Təxminən 2008-ci ildən etibarən biz gurultuli bəyanatlara, riyakar, özünüqoruma instiktinin “diplomatiya” ilə maskalanmış görüntülərinə, “dostluq”, “tərəfdaşlıq” imitasiyalarına aldanmağı yadırğamışıq. ətrafımızda baş verənlərdən payımızı götürüb bizi öz maraqlarına görə qurban vermək istəyənlərin “payını”, həm də artıqlaması ilə verməyi bacarmışıq.
“Payını götüməyənlər”, nəticə çıxarmayanlar, dərs almayanlar da var, şübhəsiz. Belələri bir gözü çıxmış qardaşlarının o birin gözünü də çıxarıb, cəlladların səfində yer alanlardır.
…2020-ci ili, noyabrın 10-dan sonra sosial şəbəkələri başına götürən klaviatura və dil “pəhləvanları”nın hay-küyünü xatırlayıram. Bəziləri hələ də dillərini və əllərini dincə qoymağı bacarmırlar. Bilmirəm, bu adamlar hazırda Ukraynada baş verənlərə hansı baxış bucağından, hansı reallıqlar çərçivəsindən yanaşır, gözləri önündə, həm də ildırım sürətilə baş verən hadisələrin, emosiyadan kənar, gerçək məzmun kəsb edən hissələrini “sapa düzüb” necə və hansı məntiqlə təhlil edirlər? Edirlərmi? Şübhəylə yanaşıram. Mənə görə, gözünü şəxsi və zehni natamamlıqlarının, girov düşdükləri maraqların pərdəsi qapatmış kəsləri qəflət yuxusundan ayıltmaq, olduqca müşkül məsələdir.
Bu baxımdan da, zehninə, gözünə işıq düşənlər üçün yazıram:
44 günlük Vətən müharibəsində Azərbaycanı, əsasən qardaş Türkiyə dəstəkləyirdi. Bu hər kəsin bildiyi həqiqətdir. Ukraynanı isə, cüzi istisnalarla bütün dünya müdafiə edir. Qlobal informasiya məkanı yalnız və yalnız Ukraynanın tərəfindədir. Transmilli media resurslarının, beynəlxalq təşkilatların, bütövlükdə dünyanın gündəmi Ukraynadır.
Cəmi 2 il öncə biz hansı durumdaydıq? Ümid edirəm, əksəriyyət unutmayıb. 30 ilə yaxın bir zaman kəsiyində haqqımızı görməzdən gəlib işğalçıya və işğala “şam tutanlar” 44 günlük müharibədə də haqdan, ədalətdən, beynəlxalq hüquqdan və hətta adi insani dəyərlərdən uzaq fəaliyyətlərini daha qərəzli, daha amansız və daha qəddar bir riyakarlıqla davam etdirirdilər. Dünyanın aparıcı media resurslarının, qlobal informasiya məkanının irili-xırdalı oyunçularının böhtan və yalanlarının qarşısında təkbaşına dayanmışdıq. Daha dəqiq desəm, TƏKBAŞINA dayanmışdı. Yəqin ki, çoxları şərəfli tariximizin yazıldığı o günlərdə tranmilli media şəbəkəsi təmsilçilərinin Prezidentə ünvanladıqları sualları da xatırlayırsınız. Adlarını “peşəkar jurnalist”, “azad söz keşikçisi” qoyan informasiya terrorçularının gözlərindən sıçrayan qəzəbi, dillərindən süzülən zəhəri də həmçinin, ümid edirəm ki, unutmamısınız. Burada da yanımızda yalnız Türkiyə vardı… Vəssalam! Yalnız zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş strategiya, yol xəritəsi, geosiyasi reallıqların sərhədlərinin düzgün müəyyənləşdirilməsi və proqnozlaşdırılması, soyuq məntiqə, intellektə söykənən prinsipiallıq, qətiyyət bizim tamamilə qeyri-bərabər gerçəkliklərdən qələbə ilə çıxmağımıza zəmin yaratdı. Amma bəziləri bu qələbənin nələrin bahasına başa gəldiyini, hansı reallıqlarla qarşı-qarşı qala biləcəyimizi nəzərə almadan ritorik suallarını düşmənin mərmi atəşindən daha intesiz bir şəkildə üzərimizə yağdırırdılar: “Xankəndiyə niyə girmədik”, “Xocalının qisası niyə alınmadı və s…
Qisas döyüş meydanında alınmışdı! Həm də şərəflə, ləyaqətlə!
Bu gün Ukraynanı cəhənnəmə çevirən raket atəşlərini necə, görə bilirsiniz? O raketlərdən bir neçəsi Gəncəyə, Tərtərə… düşmüşdü… Yazmaq, danışmaq… asandı! Sözdü də… Amma bu gün sözün də çəkisi bir ölkənin həyatını xilas edəcək və yaxud sonuna çıxa biləcək ağırlıqdadı.
Reallıq bundan ibarətdir ki, əgər Azərbaycan 10 Noyabr sənədinə imza atmasaydı, Xankəndiyə ordu yeritsəydi, o zaman bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Və kim bilir son 28 ildə əldə etdiklərimizdən – təfərrüatına varmaq istəmirəm – indi nələr qalmışdı… Heç kim şübhə etməsin ki, hazırda Ukraynada yaşananlar Azərbaycanda da baş verə bilərdi və nəinki qazandıqlarımızı, bütövlükdə müstəqilliyimiz və dövlətçiliyimizi də itirə bilərdik. Bütün bunlar gəlişigözəl sözlər deyil. Belə fikirləri oxumağın və eşitməyin xoş olmadığını da yaxşı başa düşürəm. Amma bugünümüzün acı reallığıdır. Və biz bu rellığı düzgün qiymətləndirdiyimiz üçün də gələcəyə böyük ümidlərlə baxırıq.
Gələcəyə həm də ona görə böyük ümidlərlə baxa bilirik ki, Azərbaycanın bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağı, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla, həm ölkəmizin ərazi bütövlüyünü bərpa etməyi, həm də dövlətimizi mümkün geosiyasi kataklizmlərdən sığortalamağı bacaran lideri var.
Elçin Mirzəbəyli