Eyforiya, pafos və Ukrayna
Dünyada geosiyasi dəyişim prosesi gedir. Bu da təbii ki, qlobal qarşıdurmalarla müşahidə olunur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə çıxışında bildirdi ki, qlobal idarəetmə sistemi çökür və dünyada köklü dəyişikliklər prosesi başlayıb. Buna görə də dövlətlər bu prosesi görür və gələcək perpektivlərini müəyyənləşdirirlər.
Təbii ki, bu proses sıradan hadisə deyil, ikinci dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin yıxılması bütün dünyaya təsir edir. Özü ilə yıxım, dağıntı, iqtisadi çöküş, müharibələr gətirir ki, bu da qaçılmazdır.
Ağıllı, uzaqgörən liderlər bu prosesdən mümkün qədər az zərərlə çıxmaq haqqında düşünür və proseslərə adekvat fəaliyyət göstərirlər.
Amma bu proseslər fonunda bəzi siyasi çevrələrdə siyasi cəhətdən yetkin olmayan, məsuliyyətsiz, proseslərə qeyri-adekvat fikirlər səslənməkdə davam edir.
Ukraynadan dərs çıxarmaq əvəzinə, öz təfəkkür tərzlərinə uyğun şəkildə qəhrəman obrazı yaradır, cəmiyyəti aydınlatma məsuliyyətini dərk etmirlər.
Təbii ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırmaq doğru yanaşma deyil. Eyni zamanda Zelenski hökumətinin oyuna gətirilərək xalqını qırğına verməsində və öz dövlətçiliyinin mövcudluğunu sual altına salmasında bəzilərinin körüklədiyi qəhrəmanlıq nümunələri tapa bilmirik.
Siyasi liderlərlə hərbçilər, yaxud vətən uğrunda döyüşən vətəndaşlara şamil edilən qəhrəmanlıq anlayışı fərqlidir. Öz avtomobili ilə birlikdə körpünü partladaraq rus hərbçilərinin qarşısını kəsən ukraynalı hərbçi birmənalı olaraq qəhrəmandır.
Siyasi lider isə xalqını və dövlətini gözlənilən təhlükələrdən sığortalamaq, ağıllı siyasət yürüdərək kataklizmlərdən qorumaqla mükəlləfdir.
Bu gün Azərbaycanın yürütdüyü xarici siyasət mükəmməldir və birmənalı olaraq milli maralarımızı təmin edir.
Biz, dövlət və xalq olaraq geosiyasi böhrandan nəinki az itki ilə çıxmaq haqqında düşündük, eyni zamanda böhranı öz lehimizə çevirməklə bir nömrəli problemimizi həll etdik. Bölgədə bərabərhüquqlu tərəfdaş olaraq yaxın və uzaq pertspektivə hesablanan geosiyasi maraqlarımızı təmin etdik.
“Xankəndiyə niyə girmirik”,- deyən “cəsur” siyasətçilər, yaxud şəxslər Ukraynadan dərs çıxartmaq yerinə, Ukrayna “cəbhəsi”ndə də “döyüşə” davam edirlər. Bu ya siyasi korluqdur, ya da cəhalət.
Təəssüf ki, bu gün istər siyasi çevrələrdə, istərsə də media sektorunda kütlə psixologiyası ilə hərəkət edən, kütləni aydınlatmaq yerinə, arxasınca sürünən, emosional davranış sərgiləyən insanlar az deyil.
Bu gün demokratik və ədalətli dünya, beynəlxalq hüququn tənzimlədiyi dövlətlərarası münasibətlər sistemi hamının arzusudur. Amma təəssüf ki, belə bir dünya yoxdur. Bu səbəbdən də əslində qəhrəman lider öz dövlətini və xalqını təlatümlərdən qoruyan, dünyanı çox yaxşı bilən, praqmatik və öz dövlətini yaxşı oyunçuya çevirməyi bacaran siyasətçilərdir.
Bu gün Azərbaycan belə bir liderə sahib olduğu üçün şanslıdır.
Prezident İlham Əliyev nəinki öz xalqını və dövlətini təhdidlərdən qorumağı bacardı, eyni zamanda geosiyasi böhranı öz lehinə çevirərək dövlətin əsas problemini də həll etdi. Qarabağın işğaldan azad olunmasını təmin edərək tarixi ilkə imza atdı…
Ukraynaya boylansa da rellıqları dilə gətirmək istəməyərək “Xankəndi kartı” ilə oynamaq istəyənlərdən fərqli olaraq Azərbaycanın bir qarış torpağının belə işğalda qalmayacağını əminliklə söyləyə bilərik. Artıq Ermənistanın sülhə imza atmaqdan başqa çarəsi yoxdur və Azərbaycan torpaqlarının hər qarışına sahib olacaq.
Proseslərə strateji yanaşdıqda görürük ki, Ukrayna fəlakəti Azərbaycanın uğurlu və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiq edir…
Əli Zülfüqaroğlu