GündəmİqtisadiyyatKÖŞƏManşetTexnologiyaXəbər xətti

Rəqəmsallaşmaya gedən yol: Azərbaycan üçün yeni perspektivlər

Dünya dördüncü sənaye inqilabı (Sənaye 4.0) dövrünə qədəm qoyur. İndi bəşəriyyət köklü dəyişikliklərin başladığı bir dünyada yaşayır. Dördüncü sənaye inqilabı özünün miqyası, əhatə dairəsi və mürəkkəbliyi baxımından bəşəriyyətin əvvəlki təcrübələrindən fərqlidir.

Dördüncü sənaye inqilabının mərkəzində rəqəmsallaşma dayanır. Hazırda dünyada rəqəmsallaşma prosesləri sürətlə irəliləyir. Rəqəmsal transformasiya dövlətlərin, cəmiyyətlərin, bizneslərin və vətəndaşların inkişafı üçün geniş imkanlar açır. Qloballaşma şəraitində yeni, rəqəmsal dünyaya keçidlə əlaqəli post-sənaye dövrünün bütün çağırışları qaçılmaz olaraq Azərbaycana təsir edir və biz də bu çağırışlara cavab verməyə başlamışıq.

Sürətli rəqəmsallaşma prosesinin mərkəzində qlobal internet şəbəkəsi dayanır. XIX əsrin sonlarında dəmir yollarının inkişafı malların, sərnişinlərin daşınması, eyni zamanda məlumatların ötürülməsi zamanını qısaltdı. Bu dəyişiklik sənaye dövrünə keçid üçün katalizator rolunu oynadı. Rəqəmsal cəmiyyətə keçiddə internet eyni rol oynayır. Hazırda dünya əhalisinin 62%-i internetə çıxış imkanına malikdir. Belə bir yüksək inkişaf səviyyəsi rəqəmsallaşmanın qlobal tətbiqinə başlamağa imkan verir.

Rəqəmsal formasiya, biz buna necə gəldik

Yeni inkişaf üfüqlərinə çatmaq üçün bəşəriyyət uzun inkişaf yolu keçmişdir. Artıq bəşəriyyət ibtidai cəmiyyətdən sənaye cəmiyyətinə qədər uzun bir yol qət edərək post-sənaye mərhələsinə qədəm qoymuşdur. Buna baxmayaraq, bəşəriyyətin qarşılaşdığı böyük məlumat axını bu məlumatları idarə etmək üçün tamamilə fərqli bir yanaşma tələb edir. Aydın olur ki, köhnə həqiqət də yeni bir yanaşmaya tələb edir, çünki post-sənaye dövründə “məlumatı idarə edən dünyanı idarə edir.”

İndi dünyada 7-ci formasiyaya keçid başlayır. Dünya post-sənaye cəmiyyətindən rəqəmsal cəmiyyətə keçir. Bu prosesi, ona nəyin şərait yaratdığını və prosesin necə baş verdiyini başa düşmək üçün əvvəlki formasiyaların mənşəyini və inkişafını başa düşməliyik. Cəmiyyətin mərhələlərlə necə inkişaf etdiyini və yeni dövrə keçdiyini nəzərdən keçirək.

1. Sənayədən əvvəlki dövr;

2. Sənaye dövrü;

3. Post-sənaye dövrü.

Bu 3 formasiyadan əvvəl isə aşağıdakılar olmuşdur:

1. İbtidai icma quruluşu;

2. Quldarlıq quruluşu;

3. Feodalizm sistemi.

Ümumilikdə cəmiyyət öz inkişafında 6 mərhələdən keçmişdir və hər bir mərhələ enerjidən öz istifadə üsulu ilə, daha doğrusu enerjini faydalı işə çevirməklə xarakterizə olunur.

Hər birinə daha yaxından nəzər salaq.

1. İbtidai icma quruluşu

Yalnız şəxsi əzələ enerjisi faydalı işə çevrilir, əlavə məhsul sıfırdır, yəni istehsal olunan (hasil olunan) hər şey istehlak olunur, ticarət üçün izafilik yoxdur, buna görə elmin inkişafı üçün stimul yoxdur, inkişaf üçün yeganə stimul ovçuluq və özünümüdafiə vasitələridir. Qul işlətmək məntiqsizdir, çünki onlar əldə etdikləri və ya istehsal etdikləri hər şeyi istehlak edəcək.

Köçəri həyat tərzi yeni enerji növlərinin – mal-qaranın əzələ enerjisini və hərəkət edən çayların enerjisini inkişaf etdirdi. Heyvandarlığın əzələ enerjisi çay enerjisinə daha çox ehtiyac duyulan əkinçiliyin əsasını qoyur (yəni suvarma). İstehsal olunan məhsulun artıqlığı və nəticə olaraq, onun daha çox (artıqlığı) istehsalı üçün qullara ehtiyacı ortaya çıxardır, ticarət və onunla bərabər elm inkişaf etməyə başlayır. Bu dövrdə bütün hallarda əsas enerji fərdi əzələ enerjisi olaraq qalır.

2. Quldarlıq quruluşu

Qullar əlavə bir məhsul istehsal etməyə başladığı andan müharibələr başladı, qulların əldə edilməsi, yəni enerjiyə sahib olmaq üçün müharibələr başladı. Müharibələr və ticarət elm və texnikanın inkişafına təkan verdi, bu da öz növbəsində təbii enerjinin, külək və su enerjisinin daha dərindən mənimsənilməsinə səbəb oldu. Bu yeni enerji isə qulları əvəz etməyə başladı. Yəni, qulların dəyəri azaldı, enerji onları əvəz etməyə və feodalizmə keçid başladı. Bu, xüsusən də bəzi fəaliyyət növlərində (külək və su dəyirmanları) əzələ enerjisinə olan tələbatın tamamilə yox olması, gəmiçilikdə isə xeyli azalmasında (yelkənli gəmiqayırmanın inkişafı) özünü daha çox göstərdi.

 

3. Feodalizm

Feodalizm quldarlıq dövründə toplanmış sərvət uğrunda müharibələrlə başladı. Bu müharibələr süvarilərin kütləvi istifadəsi (mal-qaranın əzələ gücünün istifadəsi) və od enerjisinin istifadəsi (xüsusən yunan atəşi) ilə xarakterizə olunurdu və XI əsrin əvvəllərinə qədər yeni enerji növlərindən istifadə müşahidə edilmirdi.

Lakin 1096-cı ildə Papa Urban II, məlumat enerjisindən istifadə edərək ilk səlib yürüşünə başladığı zaman hər şey dəyişdi. Bundan sonra məlumat enerji kimi getdikcə daha vacib rol oynamağa başladı.

1450-ci ildə yeni bir məlumat daşıyıcısı – Qutenberq çap dəzgahı meydana çıxır, lakin əhali arasında kritik kütlə (qavrayış, savadlılıq qabiliyyəti) aşağı olduğundan təsir hələ də zəif olur. 16-cı əsrin əvvəllərində isə kritik kütlə formalaşdıqdan sonra ilk partlayış – reformasiya baş verir və məlumat enerjisi mexaniki enerjiyə çevrilir.

Yeni məlumat daşıyıcısının meydana gəlməsi ilə savadlılıq səviyyəsi artmağa başlayır, elm və texnologiya inkişaf edir və 18-ci əsrin ortalarında yeni bir enerji mənbəyi – buxar enerjisi yaranır. Bu iki yeni mənbə (məlumat və buxar) feodalizm dövrünün sonu və kapitalizmin başlanğıcını şərtləndirir.

4. Kapitalizm (klassik)

Buxar enerjisindən istifadə, əzələ gücünə ehtiyacın azalmasına və nəticədə sənaye istehsalının yaradılması və istehlak mallarının meydana çıxmasına səbəb oldu. Lakin idarəetmə müəssisələrinin strukturu hələ də olduqca sadədir, istehsal olunan mallar bəsitdir və buna görə klassik kapitalizmin əsas qanunu – tələb təklifi yaradır – işləkdir.

Eyni zamanda, enerjinin artması ilə məlumatın rolu sürətlə artır, qəzet və jurnallar meydana çıxır, poçt şöbələrinin işi yaxşılaşır və bu da elmin sürətli inkişafına (məlumatların azad mübadiləsinə) şərait yaradır və nəticədə yeni bir enerji növü olan elektrik enerjisi kəşf olunur.

Məlumatın dağıdıcı işinə başqa bir nümunə: ABŞ, 1902-ci il, The Wall Street Journal cəmi 7000 tirajla buraxılır. Bu rəqəm 1928-ci ildə 50,000-ə çatır. 1929-cu ildə birja böhranı baş verir – məlumat enerjisi buraxıldı, bu da qiymətli kağızlar bazarının dağılmasında öz əksini tapdı.

Məlumat enerjisi getdikcə əhəmiyyətli rol oynamağa başlayır və bu özünü getdikcə mürəkkəbləşən müəssisə idarəetməsində, ilk növbədə hazır məhsulların mürəkkəbləşməsində özünü göstərir və sənaye dövrünə keçidi şərtləndirir.

Azərbaycan üçün yeni imkanlar astanasında

Hazırda qloballaşma şəraitində rəqəmsallaşma prosesləri, o cümlədən Azərbaycan üçün də geniş imkanlar açır. Son 26 il ərzində Azərbaycan mühüm inkişaf yolu keçib və regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət, həyata keçirdiyi böyük infrastruktur layihələri, habelə bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və onun bütün fəaliyyət sahələrində həyata keçirdiyi islahatlar Azərbaycanın davamlı inkişafına səbəb olub.

Bütün bu müddət ərzində Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri), TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi mühüm enerji layihələri həyata keçirilib. Həmçinin, bölgənin inkişafına təkan verən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi və s. kimi nəqliyyat layihələri reallaşıb.

Qeyd etmək lazımdır ki, hələ ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyev Azərbaycandan keçən Avropa ilə Asiya arasında telekommunikasiya dəhlizinin yaradılması layihəsini də təşəbbüs edib. Bu gün ümummilli liderin təşəbbüsü ilə irəli sürülən bu ideya və layihə Rəqəmsal İpək Yolu (Digital Silk Way) layihəsi olaraq həyata keçirilir və rəqəmsallaşma sahəsində Azərbaycanın inkişafı üçün yeni üfüqlər açır. Tarixi İpək Yolunun yerində həyata keçirilən Rəqəmsal İpək Yolu qlobal layihəsi təkcə Azərbaycanın deyil, eyni zamanda qitələri birləşdirən yeni bir telekommunikasiya dəhlizinin keçəcəyi Avropa və Asiya ölkələrinin inkişafı üçün imkanlar yaradır.

Belə bir qlobal rəqəmsal dəhlizin yaradılması və infrastruktur layihələrinin həyata keçirilməsi Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya ölkələrinin və digər qonşu bölgələrin (dünya əhalisinin 1/4 hissəsi və ya 1,8 milyard insan) internetə və müxtəlif rəqəmsal xidmətlərə ehtiyacları qarşılamağa imkan verəcək.

Hazırda dünyada pandemiya ilə mübarizə fonunda baş verən dəyişikliklər müasir çağırışlara cavab vermək və iqtisadi inkişafda yeni üfüqlər açmaq yolunda Azərbaycanın da qarşısında öhdəliklər qoyur. İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan da iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması və innovasiyaların tətbiqi məsələlərini prioritet hesab edir. Ölkənin əlverişli coğrafi yerləşməsi və təbii sərvətləri, insan potensialı, habelə son illərdə Prezident İlham Əliyev tərəfindən qəbul olunan dövlət proqramları, fərman və sərəncamları bunun üçün bütün imkanları yaradır.

Bu gün dövlətin və bütövlükdə cəmiyyətin rəqəmsallaşması üçün dövlət konkret addımlar atır. Dövlət İKT sektorunu inkişaf etdirmək və rəqəmsallaşma proseslərini gücləndirmək üçün tədbirlər görür. Müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana marağı artır, ölkə yeni uğurlar qazanır. Bu uğurlardan biri də Azərbaycanda Ümumdünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanmasıdır. Belə ki, 21 yanvar 2020-ci ildə Davosda Azərbaycanda Ümumdünya İqtisadi Forumunun afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende imzalayıblar. Görüş zamanı bu cür mərkəzlərin məhdud sayda ölkələrdə yarandığı, və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsi olduğu vurğulanıb. Bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən strategiyasının ölkəni və cəmiyyəti gələcək post-sənaye cəmiyyəti şəraitində yeni çağırışlara hazırlamasının nümunəsidir.

Bu gün Sənaye 4.0 şəraitində öz üstünlüklərindən (əlverişli coğrafi yerləşməsi, zəngin təbii və insan resursları) istifadə edərək və yeni qlobal layihələr həyata keçirərək Azərbaycan intensiv rəqəmsallaşma və davamlı iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlara sahibdir.

 

Fuad Allahverdiyev