DinGündəmManşetMədəniyyətSiyasətSosialTəhsilXəbər xətti

İslama həqarət edən deputata reaksiya gəldi

Deputat Ağacan Əbiyevin İslam dini ilə bağlı səsləndirdiyi fikirlər ciddi qalmaqala səbəb olub. Xəbər verdiyimiz kimi, o, xaricdə dini təhsil almağın qəti əleyhinə çıxıb və bir sıra başqa qalmaqallı açıqlamalar verib. “Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərəqqidə nəyə nail oldu, ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı” deyən deputatın bu kimi fikirlərinə münasibət öyrəndik.

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya görə, onun fikirlərində həqiqət payı olan məsələlər də var, ziddiyyətli fikirlər də: “Məhəmməd Peyğəmbər dini gətirməyib, din Allah tərəfindən göndərilən inananlar üçün bir yoldur və onun da mesajları təkrarolunmazdır. Amma həqiqətən də islam dünyası dini Məhəmməd Peyğəmbərin təbliğ etdiyi kimi yaşamadığına görə, uzun müddət cəhalət və xurafat içində qalmalı olub. Lakin bununla yanaşı, İslam arealında kifayət qədər elm adamları yetişib. Amma müasir dövrün elmini, texnologiyasını təbliğ edən İbn Sina, Fərabi kimi alimlərin qarşısına Qəzali kimi bir kəlam ustadını çıxardılar. O demək olar ki, fəlsəfəni qadağan etməklə, fəlsəfənin mənasızlığını ortaya qoymaqla İslam dünyasında fikir müzakirəsinin qarşısını aldı. Bu da düşüncənin İslam dünyasında önə keçməsinin qarşısını aldı. Bu baxımdan həqiqətən də XIV-XV əsrdən sonra dünyada mövcud olan kəşflərin heç birində İslam arealının rolu yoxdur. Hər halda bir Eynşetyn, Nyuton yetişdirə bilmədik. İstifadə etdiyimiz də Qərb texnologiyası oldu. Bu baxımdan xaricə elmi biliklərə yiyələnmək üçün adamların göndərilməsi vacibdir. Amma bu o demək deyil ki, İslam sahəsində bilgi öyrənmək üçün ilahiyyat elmini seçən insanlara xor baxmaq lazımdır. Doğru dinin təbliği üçün fayda verə bilərlər. Ağacan müəllimi narahat edən odur ki, oxuyandan sonra da əgər adam cahil olursa, yaxud zorakılığı qəzəbi, nifrəti təbliğ edirsə, yaxud onu dəyər olaraq özü üçün seçirsə, bunun bizə faydası olmur.

 

Ağacan müəllimin fikirlərinin bu qədər dözümsüz qarşılanmasını anlaya bilmirəm. Adam həqiqətləri söyləyib. Lakin söylədiyi məsələlərdə bəzi ziddiyyətlər və yanlışlıqlar da. Müəyyən məsələlər var ki, başqasının haqqına girmək olmaz. Kim istəyirsə, seçim edib haradasa oxuya bilər. Bunun faydası barədə dedikləri onun subyektiv fikridir. O da özünə görə haqlı ola bilər ki, daha çox hansı istiqaməti seçsək ölkəmizə xeyir gələ bilər. Şəxsən mən də sağlam ilahiyyat təhsilinin tərəfdarıyam”.

Bir cavab yazın