GündəmKÖŞƏManşetXəbər xətti

Bakının qlobal mərkəzə çevrilməsi və xatirələrimdən yarpaqlar

Baxıram, Azərbaycan az qala hər həftə, hər ay hansısa beynəlxalq tədbirə ev sahibliyi edir. Özü də çox nüfuzlu tədbirə. Dünyanın müxtəlif guşələrindən bəzən adını belə düz-əməlli bilmədiyimiz ölkələrin təmsilçiləri Bakıya toplaşır, qlobal məsələləri müzakirə edir, bəyanatlar, qətnamələr qəbul edir, dünyaya çağırışlar səsləndirir. Bütün bu oluşumların içində Azərbaycanın adı keçir. Biz də vətəndaş olaraq ölkəmiz və dövlətimiz adına qürurlanırıq, bir az da özgüvənimiz artır. Doğrudan da Azərbaycan hazırda dünyanın diqqət mərkəzinə çevrilmiş ölkələrin önündə gedir.

Hələ onu da əlavə edək ki, ölkənin lideri – Prezident İlham Əliyevin belə tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməsi, ev sahibi qismində qonaqlara göstərdiyi sayğı, öyünüləcək ölkəmizlə bağlı onları məlumatlandırması da diqqətlərdən yayınmır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın da bu oluşumu uğurlu bir şəkildə tamamlaması nəinki bizim, elə gələn qonaqların da yüksək təqdirini görməkdədir.

Lakin vaxtlar var idi ki…

Vaxtlar var idi ki, Azərbaycanın adını belə dünyaya tanıtmaqda əziyyət çəkirdik. Ölkəmizin harda yerləşməsini izah edərkən şəxsən özümün də tər tökdüyüm vaxtlar olub. Afrika, Asiya bir yana, ABŞ və Avropada belə gözəlim ölkəmi tanıdarkən coğrafiya bilgilərimi tarix bilgilərimin üzərinə əlavə etməklə zəhmət çəkdiyim vaxtlar olub. O günlər yaxın deyil. Lakin çox uzaq da sayılmaz. Aşağı-yuxarı 20 ilin söhbətini edirik.

Beynəlxalq təşkilatlarla işləyirdik. Tez-tez xaricdə olurdum. Çox nüfuzlu beynəlxalq qurumların tribunalarından çıxış etmək, ölkəm və xalqımın səsi olmaq imkanlarım yaranırdı. Lakin hər çıxışdan sonra dinləyənlərə həm də Azərbaycanı tanıtmaq məcburiyyətində qalırdım. Bəzən elələri olurdu ki, ölkəmizin adını ilk dəfə məndən eşidirdi…

Belə bir durumda həmişə düşünürdüm ki, beynəlxalq təşkilatları – xarici nümayəndələri mümkün olduqca Azərbaycana dəvət etmək lazımdır. Artıq 2000-ci illərin başlanğıcında bu yöndə çox ciddi planlarla işə də başlamışdım. Nəticələr də az olmadı. Sadəcə günümüzdən hərəkətlənərək onlardan ikisini indiki mərhələdə qeyd etmək istərdim…

2001-ci ilin iyun ayında 3 həftəlik Uzaq Şərq səfərim başladı. İlk qısa dayanacağım Özbəkistan olmaqla öncə Tailanda, ardından da Güney Koreyaya yollandım…

Tailandın paytaxtı Bangkokda Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX – International Freedom of Expression eXchange) adlı təşkilatın illik toplantısı keçirilirdi. Burada müzakirə olunan məsələlər sırasında növbəti illər üçün toplantıya ev sahibliyi edəcək ölkəni müəyyən etmək də vardı. Eyni zamanda qurumun rəhbər orqanı olan Şuraya seçkilər keçirilməliydi. Beynəlxalq platformalarda nisbətən yeni olsam da fürsətdən yararlanmaq qərarına gəlmişdim. Düşüncəmə görə, Şura üzvü olmaqla bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunarsam, ölkəm və xalqım adına bir uğura imza atmış olacaqdım. Qurumun illik toplantısına ev sahibliyini də qazansam Azərbaycanı tanıtmaq üçün əlavə imkan yaranacaqdı…

Seçkilər keçirildi. Həm Şura üzvlərinin seçimi, həm də növbəti toplantılar üçün ev sahibliyi məsələsini gizli səsverməyə buraxdılar. Hər iki məsələdə rəqabət güclü idi. Tanınmış şəxslər və ölkələr iddialı idi. Mənsə nəinki Azərbaycandan, ümumiyyətlə keçmiş Sovetlərdən tək bir təmsilçi idim. Yalqız başıma mücadiləyə başlamışdım. Ayrı-ayrı təmsilçilərə yanaşır, özümü təqdim edir, ölkəm haqqında bilgi verirdim. Yavaş-yavaş insanların rəğbətini hiss etməyə başlamışdım. Lakin, dediyim kimi, rəqabət çox güclü idi. 2004-cü ilə nəzərdə tutulan illik toplantı üçün Azərbaycanın paytaxtı Bakını namizəd olaraq göstərmişdim. Rəqabətə girişənlərsə bir Afrika ölkəsilə bərabər Avstriyanın paytaxtı Vyana idi. Udmaq mümkün görünmürdü. Həm də ona görə ki, Vyananın namizədliyini mərkəzi qərargahı o şəhərdə yerləşən çox nüfuzlu bir təşkilat – Beynəlxalq Mətbuat İnstitutu irəli sürmüşdü…

Yarışdıq. Həm Şura üzvlüyü, həm də illik toplantıya ev sahibliyi üçün təqdimatlarımızı elədik. Bundan sonra Afrikadan olan iddiaçı geri çəkildi. Bakı ilə Vyananın adı bülletenə salındı və nəticələr ürəkaçan oldu!

Beynəlxalq Mətbuat İnstitutunun təmsilçisi – italyan qızı Barbara Trionfi seçkidən sonra mənə yaxınlaşıb şövqlə belə təbrik etdi: “Sadəcə əhsən! Siz ikiqat qələbə çaldınız. Həm Şuraya seçildiniz, həm də ev sahibliyini bizim əlimizdən aldınız”. Bu, bizim indi də dostluq etdiyimiz Barbaranın səmimi təbriki idi. Mənsə çox qürurlu idim…

Sonra Güney Koreyaya yollandım. Beynəlxalq Jurnalistlər Federasiyasının qurultayında iştirak üçün. 1926-cı ildə qurulmuş Federasiyanın tarixində ilk Azərbaycanlı olaraq onun qurultayına qatılırdım. 2001-ci ilin iyun ayın idi. Burda da boş durmadım. Müsəlman ölkələrindən gələnlərlə müsəlman kimi, keçmiş SSRİ-dən gələnlərlə keçmişdə eyni dövlətin vətəndaşı kimi ünsiyyət qurdum. Avropalılarla Avropalı, Asiyalılarla Asiyalı kimi davrandım, dostlaşdım. Burda da qarşımıza bir problem çıxmışdı. Yunanıstan təmsilçisi Quzey Kıbrıs Türk Cümhuriyyətinə qarşı bir bəyanat layihəsi təklif edirdi. Türkiyədən olan həmkarımıza layihənin zərərli olduğunu deyib hərəkətə keçməsini istədim. Solçu idi. “Aman, bizi milliyyətçi sanarlar”, deyib yaxasını kənara çəkincə özüm hərəkətə keçdim. Layihədə xoşuma gəlməyən bir ifadə vardı. Onu dəyişdirməsəm rahat olmayacaqdım. Yunanlar Quzey Kıbrsdan “Kıbrısın Türkiyə tərəfindən işğal edilmiş Quzey kəsimi” deyə söz edirdi. Bunu həzm edəcək deyildim. Ona görə də qurultayın sədri – Böyük Britaniyadan olan yeni tanışıma yanaşıb bunun bir siyasi bəyanat olduğunu, bizimsə belə bəyanat qəbul etməyə haqqımızın olmadığını dedim. Qeyd etdim ki, əgər yunanlar o ifadəni dəyişməzsə, qurultayda etiraz edəcəyik. Britaniyalı dostumuz məni haqlı saydığını, lakin qaydalara görə yalnız layihəni verənin ona dəyişiklik edə biləcəyini dedi. Onda təklif etdim ki, yunana bunu izah etsin. Sağ olsun, etdi də. Mən də fürsətkən qurultay nümayəndələrilə tək-tək danışıb onların dəstəyini istədim. Aldım da.

Yunanıstan nümayəndəsi öz layihəsini tribunadan olduğu kimi təqdim edəndə düşündüm ki, artıq böyük dava başlayacaq. Lakin o, layihəni oxuduqdan sonra əlavə etdi ki, “burada Azərbaycanlı nümayəndə “Kıbrısın Türkiyə tərəfindən işğal edilmiş Quzey kəsimi” ifadəsini məqbul saymır. Biz də kompromis olaraq sadəcə “Quzey Kıbrıs” ifadəsini təklif edirik”. Və əlbəttə ki, layihə bu şəkildə yekdilliklə qəbul edildi, bizim də ürəyimizcə oldu…

…2004-cü ilin yayında Bakıda 50 ölkədən 80-ə qədər təmsilçinin iştirakıyla IFEX-in illik toplantısına ev sahibliyi etdik. Düz bir həftə boyunca qonaqları ağırladıq. Hətta öz şəxsi vəsaitim hesabına onlara Bakıda yaddaqalan turlar təşkil etdim. Möhtəşəm tədbirdi. Bakı indiki qədər gözəl və inkişaf etmiş olmasa da onlar valeh olmuşdular. Lakin bu günə kimi unuda bilməyəcəyim bir durum da yaşandı onda. Bu qədər böyük çaplı tədbiri Azərbaycan TV kanallarından heç biri işıqlandırmadı… Təkcə Space TV səhər efirinə 2 qonaq dəvət edib danışdırdı. Qəzetlər belə bizdən məsafəli davrandılar. Yalnız “Yeni Müsavat” gündəlik reportajlar verdi. Özümün də işlədiyim “Azadlıq”sa cəmi 2 dəfə…

Hələ o illik toplantıda daha nələr oldu, nələr yaşandı, bu haqda kitab yazmaq olar. Lakin müxalif mövqeli şəxs olsam da bir sıra məsələlərdə Azərbaycanın üzərinə gəlmə cəhdlərinin qarşısını şəxsən və bizə dəstək olan dostlarım – Umud Rəhimoğlu, Yadigar Məmmədli, Qafar Çaxmaqlı, Müşfiq Ələsgərli ilə birlikdə almağı da bacarmışdıq onda. Bunlar haqqında yazmıram, başqa söhbətin mövzusudur…

…Və indi görürəm ki, hər kəs Azərbaycanın beynəlxalq platformalarda təmsil olunması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən şövqlə danışır. Çox sevinirəm buna, çox. Çünki illər öncə biz bunu arzu edirdik. İllər öncə çalışırdıq ki, bizimlə hesablaşsınlar, dünya bizi tanısın, qəbul etsin, sayğılı davransın. Bu gün artıq ürəklə bunu deyə bilərik ki, istəyimizə çatmışıq. Elə bu yazını yazdığım anda da Bakıda çox böyük bir beynəlxalq tədbir keçirilir. 70-dən artıq ölkənin 500-dən çox təmsilçisi Dünya dini liderlərinin 2-ci Bakı Zirvəsində iştirak edir. Bundan öncə – oktyabrda Qoşulmama Hərəkatının Bakı Zirvəsi keçirildi. 120 dövlətin təmsilçisi gəlmişdi ölkəmizə. Özü də hərəkatın növbəti 3 il üçün sədrliyi Azərbaycana keçdi. Az öncə isə yenə də Bakıda Türk Keneşinin zirvə toplantısı keçirildi.

Daha öncə… daha öncə… və daha öncə… Siyahını uzatdıqca uzada bilərik. Nə qədər qürurvericidir, deyilmi?

 

Azər HƏSRƏT, @azerhasret

Bir cavab yazın