TəhsilXəbər xətti

Xaricdə doktorantura təhsili ilə bağlı qərar verildi

Baş Nazir Əli Əsədov  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının seçim Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. 

Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları (bundan sonra – namizədlər) sırasından seçilirlər. Dövlət hesabına Azərbaycanın ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

Namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə (bundan sonra – xarici ali təhsil müəssisəsi) təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublkası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması;  namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması; namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması; namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (namizədin təhsili iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hər birinin) aşağıdakı beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması və. s meyarlar əsasında proqram iştirakçıları seçilir.

Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə hər tədris ilinin hər semestrinin başlamasına azı 2 (iki) ay qalmış Təhsil Nazirliyinin rəsmi internet saytında verilir.

Bir cavab yazın