Ana Səhifə Blog Səhifə 1029

Sevda Tahirli: “Dövlət Sabirin yubileyinə xüsusi diqqət yetirir” – MÜSAHİBƏ

Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verib. Şair çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir. Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş görkəmli ədibimizin qarşıdan 155 illik yubileyi gəlir. Yaradıcılığı və görülən işlər barədə şairin nəvəsi Sevda Tahirli Aktor.Az-ın suallarını cavablandırıb…

 

– Sevda xanım, bu il dahi şairimiz Sabirin 155 illiyidir, bununla bağlı dövlət orqanları ilə yanaşı siz hansı tədbirlər planı hazırlamısınız? Həm Fond olaraq, həm də böyük şairin nəvəsi kimi, bu yubileydə məsuliyyətinizi necə dəyərləndirərdiniz?

– Artıq xeyli vaxtdır – 1962-ci ildən, Sabirin 100 illiyindən bu günə qədər, yəni 54 ildir ki, dövlətimiz hər il may ayının 30-da şairin xatirəsiniə ehtiram olaraq Sabir poeziya günləri keçirir. 2010-cu ildə dövlət başçısı şairin ölümünün 100, doğumunun isə 150 illiyinin yüksək səviyyədə qeyd olunması üçün sərəncam imzalamışdı.Həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda – Rusiyada, Ukraynada şairin yubiley tədbirləri çox yüskək səviyyədə qeyd olundu. Respublikanın Mədəniyyət və Turzim Nazirliyinin təşkilatçılığı ilə bir sıra tədbirlər gerçəkləşdi – çox yüksək səviyyədə görkəmli rəssamlarımızın Sabirin əsərlərinə çəkmiş olduğu rəsm əsərlərindən ibarət sərgi keçirildi, şairin “Hophopnamə”si çox nəfis şəkildə yenidən və gozəl bir tərtibatda nəşr olundu və bu, Sabir yaradıcılığı vurğunlarına bir töhfə olmaqla yanaşı, onun əsərlərindən ibarət nəşrlər siyahısını çox layiqli bir şəkildə zənginləşdirdi. 2017-ci il isə şairin 155 illiyidir.

SABİR YARADICILIĞININ QORUNMASI

Bütün başqa tədbirlərlə bərabər atamın Bakıda Sabirə aid muzeyinin olması arzusunu hazırkı imkanlardan çıxış edərək reallaşdırmaq üçün “Sabir virtual muzeyi”ni yaratmağı planlamışıq. Bu mövzuya dərindən diqqət verməyimizin həmçinin digər əsaslı səbəbləri də var:
Əvvəla ,ölkənin əksər kitabxanalarında Sabir yaradıcılığının tədqiqinə dair elmi və populyar əsərlərin əksəriyyətini tapmaq mümkün deyil. Şairin həyatına dair maddi sübutların toplanaraq sistemləşdirilməsi işində catışmazlıqlar var. Şairin az sayda saxlanılan şəxsi əşyaları və əlyazmaları müxtəlif şəxsi kolleksiyalarda qorunur. Sabirin həyat və yaradıcılığının müxtəlif mərhələləri ilə bağlı araşdırmalar dağınıqdır. Kitabxanaların bugünkü vəziyyətində onların bir çoxunun tapılıb əldə edilməsi problemlidir. Eləcə də Sabirin həyat və yaradıcılığını əks və tərənnüm edən bədii, musiqi, kinomatoqrafiya əsərləri də sistemləşdirilməmişdir. Şairin müxtəlif dillərə tərcümə olunub dərc edilmiş əsərlərinin nüsxələrinin bir çoxu tamamilə itirilib, bir çoxları isə nadir nüsxələr şəklində yenə də şəxsi arxivlərdə saxlanılır. Şairin müxtəlif dövrlərdə dərc olunmuş əsərlərinin toplu kitabxanası yoxdur və s. Virtual muzey yaradılmasının əsas məqsədi sözügedən maddi nəsnələrin bir virtual məkanda toplanması, bununla da Sabir yaradıcılığı ilə maraqlananlar üçün informativ resurslardan istifadəyə şəraitin yaradılması, eyni zamanda ictimai fikir tariximizin mühüm məqamını gələcək nəsillər üçün qoruyub saxlamaqdır.

SƏRHƏDSİZ SEVGİ

– Ölkədə keçiriləçək tədbirlərlə yanaşı, xaricdə yaşayan azərbaycanlılarla bağlı planlarınız varmı? Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımıza M.Ə.Sabiri necə tanıtdırmaq olar?

– Zamandan asılı olmayaraq Sabir sevilən şairlərdəndir və bu sevgi sərhəd tanımır. Məhz bu zamansız və sərhədsiz sevginin təsiri ilə haqqında yuxarıda söz açdığım virtual muzeyi yaradaraq həm sevənlərini, həm də onu daha yaxından tanımaq istəyənlər üçün rahat bir tanıtım müstəvisi təklif edəcəyik. Həmçinin, istər ölkəmizdə, istər ölkəmizdən uzaqlarda da yaradıcılığı böyük ehtiramla anılan Sabirlə baglı görüşlər keçirmək, Sabirin ölkədən kənarda tanıtımını apara bilmək üçün onun şeirlərinin tanınmışların ifasında audio versiyasının hazırlanması ilə bağlı layihə üzərində də işləyirik.

– Dahi şairimizin yaradıcılığının tam elektron variantının hazırlanması üçün nələr etmək olar?

– Əslində bu istiqamətdə artıq ilk, amma inamlı addımlar atılıb. M.Ə.Sabir Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə uzunmüddətli əməkdaşlıq layihəsinə başlayıb. Bizim birgə əməkdaşlıq çərçivəsində MEK-də Sabirə aid həm şəxsi kolleksiyalarda yer alan və həmçinin Sabirin ev muzeyində mühafizə olunan sənədlərin sistemləşdirilməsi, Sabirin əsərlərinin ilk nəşr dövründən – 1912-ci ildən bugünədək işıq üzü görmüş, həm Azərbaycanda, həm də ölkədən kənarda nəşr olunmuş bütün kitablarının rəqəmsallaşdırılması, e-kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi prosesinə start verilməsi barədə razılığa gəlinib. Həmçinin, Sabirin 155 illiyinin kitabxanada qeyd olunması, unikal nüsxələrdən ibarət sərginin təşkil olunması və digər bu kimi tədbirlərin keçirilməsinə dair birgə fəaliyyət planı da hazırlanıb.

– Şairin yaradıcılığının dünya dillərinə tərcümə olunması mümkündürmü? Bunun üçün Sabir Fondu nə edə bilər?

– Qeyd edim ki, postsovet məkanında müraciət edilərək şeirləri tərcümə olunmuş və bu əsərlər dəfələrlə nəşr edilmişdir. Ötən əsrdə Sovet İttifaqının bəzi xalqlarının – rus, ukrayna, qırğız, özbək və s. dillərinə, eləcə də qardaş Tükriyədə türkcəyə, İranda farscaya, həmçinin bəzi şeirləri ingilis dilinə, o cümlədən alman dilinə tərcümə olunaraq nəşr olunmuşdur. 2007-ci ildə Sabirin “Hophopnamə”si Türkiyə İş Bankının həyata keçirdiyi layihə çərçivəsində türk dilində çap olunaraq türk oxucularına təkrar təqdim olunub. Bu, Türkiyədə çap olunan ikinci kitabdır. İlk kitab 1975-ci ildə çap olunub. Məlumat üçün qeyd edim ki, “Hophopnamə” müxtəlif illərdə, həmçinin ABS, Almaniya, İran və digər ölkələrdə də çap olunmuşdur. Hazırda Sabir fenomeninin dünya müstəvisində daha geniş şəkildə təqdim olunması və daha yaxından tanınması üçün onun əsərlərinin digər xalqların dillərinə də tərcümə edilməsi Fondumuzun marağında olduğu mövzulardandır. Və bu istiqamətdə artıq bəzi addımlar da atılıb.

GƏNCLİK SABİRƏ MARAQ GÖSTƏRİR

– Sizcə yeni nəsil Sabirin şeirlərinə maraq göstərirmi?

– İstənilən diqqət və maraq motivasiyaya və təbliğata bağlıdır. İnkişaf etməkdə olan nəslə nəyi təqdim və təbliğ edərsənsə, onu da qəbul edəcək və ya ona üstünlük verəcək. Əgər bugünkü tamaşaçı efirdə düşüncəmizin, mənəviyyatımızın ehtiyacını tamamlamaq üçün görmək, duymaq istədiklərini deyil, əksinə, hövsələsini tarıma çəkən bayağı mövzularla üzləşirsə və bu mövzular, verilişlər seyrçinin əlindəki zamanı daha faydalı şəkildə dəyərləndirmək fürsətinin itirilməsinə səbəb olursa, üstəlik, hətta onun potensial olaraq oxucu kimi fəaliyyətini də zaman baxımından məhdudlaşdırırsa, bu, pozitiv düşünmək üçün heç nəyi vəd eləmir.Amma desəm ki, gənclik Sabirə maraq göstərmir, bu, heç doğru olmaz. Bunu sosial şəbəkələrdə Sabirin yaradıcılığına müraciətlərdən hiss etmək çox asandı. Bu, özlüyündə çox gözəl bir faktdır. Xatırlayıram ki, ibtidai sinifdə oxuduğum zaman sinif müəlliməmiz bizim hər birimizə Sabirin şeirlərinin personajlarından ibarət səhnələşdirilmiş çıxışlar- rollar verirdi. Sabirin qəhrəmanlarının dövrü üçün səciyyəvi olan geyimlərdən, hətta qrimlərimizdən tutmuş ifa etdiyimiz şeirlərin uşaq təfəkkküründə və mahiyyətini o zaman tam dərk etməsək də, bugünə qədər unuda bilmədiyimiz çox fərqli bir təəssürat yaradırdı. Belə dəyərli təəssüratların yaranması və yaşanması üçün bu gün biz hər şeyi edirikmi? Doğrudur, Sabir yaradıcılığına həsr olunmuş oxu müsabiqələri, şagirdlərin yer aldığı səhnələşdirilmiş tamaşaların olmasını da qeyd etməyi özümə borc bilsəm də, bunun kifayət qədər kütləvi olmadığını da etriaf etməliyəm. Bu gün yetişməkdə olan nəslə təkcə Sabiri deyil, ümumiyyətlə milli dəyərlərimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə sevgi hissinin daha da dərinləşməsi üçün maarifləndirici işlərin sayını, istiqamətini, auditoriyasını və arealını artırmaq lazımdır. Əgər bu gün yeniyetmə və ya gənc  Füzulini, Müsfiqi, Səttar Bəhlulzadəni, Toğrul Nərimanbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini və digər korifeylərimizi tanımırsa, dahi sənətkarlar haqqında geniş demirəm, hətta xırda məlumatlara malik deyilsə, bu, yalnız onun gunahıdırmı? Tikilən bir binada ətrafı görmək üçün pəncərə buraxmayan memarmı günahkardır, yoxsa həmin binada yaşamağa məhkum edilən sakinlərmi?

– Müasir azərbaycanlı Sabirin yaradıcılığından nəyi öyrənə bilər?

– Nə axtardığını bilməyən insan heç vaxt nə tapdığını anlaya bilməz. Hansısa bir standart olmayanda əldə olanın yetərli və ya yetərsiz olması barədə fikir söyləmək gözü bağlı ikən pəncərənin o biri tərəfindəki hava haqqında fikir yürütməyə bənzəyər. Sabir yaradıcılığı mənəviyyat üçün bir kamerton rolunu oynaya bilir. Əgər kimsə öz mənəviyyatını yenidən və ya daha dəqiq desək, düzgün kökləmək istəyərsə, bu, onun üçün əvəzolunmaz bir vasitədir. Tərəqqipərvərlik, humanistlik, mənəvi zənginlik, inkişafa açıqlıq, saflıq, dürüstlük, vətənsevərlik, millətsevərlik, ailə dəyərləri, zorakılığa qarşı etiraz kimi keyfiyyətlərin təbliği onun əsərində müasir azərbaycanlı üçün bir nümunə ola bilər.

SABİRİN ŞEİRLƏRİNİN SƏHNƏLƏŞDİRİLMƏSİ

– Sabirin şeirlərinin səhnələşdirilməsi, teatrlaşdırılması maraqla qarşılanarmı?

– 2012-ci ildə ölkə prezidentinin sərəncamı ilə Sabirin 150 illik yubileyi çox möhtəşəm bir şəkildə qeyd edildi. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Orxan Fikrətoğlunun və Əli Əmirlinin Sabirin şeirləri əsasında hazırladıqları gözəl bir tamaşa səhnələşdirilmişdi.Burda aktyor qrupunun əziyyətini və rejissor işinin də mükəmməlliyini xüsusi qeyd etmək lazımdır. Tədbir iştirakçılarının, həm də şəxsi qənaətimə əsasən deyə bilərəm ki, tamaşa çox uğurlu alınmışdı. Məncə, bu təşəbbüsü gözəl bir təcrübə saymaq olar.

– Dahi şairimizin yaradıcılığının öyrənilməsi, müasir metodlarla təbliği sahəsində hansısa təşkilatlardan əməkdaşlıq təklifləri alırsınızmı?

– Bu mövzu Sabirin ölümündən sonraki illər ərzində çoxsaylı və görkəmli tədqiqatçıların geniş araşdırmalarının davamlı obyekti olmasına baxmayaraq, əslində, hələ də öz aktuallığını qoruyub saxlayan mövzudur.İctimai fikir tariximizin önəmli düşüncə fenomeni olan Sabir yaradıcılığını və fəaliyyətini öyrənən, onun maddi və mənəvi irsinin mərkəzləsdirilmiş tədqiqat instansiyası indiyədək yoxdur. Bu günkü elmi və dövri nəşrlərdə Sabirin tərcümeyi-halı, bədii və ictimai fəaliyyəti haqqında bir-birinə zidd və bəzən bir-brini tamamilə istisna edən fikirlər yürüdülür. Belə bir təklif edilərsə, bunun çox əhəmiyyətli ola biləcəyini vurğulayaraq onu çox böyük maraq və həvəslə qarşılıq verə bilərik.

 

AZƏRBAYCAN EVLƏRİNİN XİDMƏTİ

– Dünyanın müxtəlif ölkələrində Azərbaycan evləri yaradılır. Şairin tanıdılması üçün onlarla əməkdaşlıq etmək kimi planlarınız varmı?

– Əlbəttə. İstənilən halda ortaq maraqlar çərçivəsində əməkdaşlıq etmək bizim fəaliyyətimizin ən birinci şərtidir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən hər bir Azərbaycan evinin xalqımızın mədəniyyətinin, incəsənətinın, milli dəyərlərinin, tarixinin tanıdılması yönündə ölkəmizin təmsilçisi kimi böyük xidməti var. Hesab edirəm ki, şair Sabirin 155 illik yubileyi ərəfəsində ölkəmizdən kənarda da tanıdılması üçün diasporamızın və Azərbaycan evlərinin böyük xidməti ola bilər.

Sabir Fondunun əməkdaşından möhtəşəm layihə – FOTOLAR

0

Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 155 illiyi ərəfəsində onun adını daşıyan fondun AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə fəaliyyətinin nəticəsi kimi MEK-in “360° virtual bələdçi”si layihəsi yekunlaşıb.

Aktor.Az xəbər verir ki, layihəni Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Sabir Fondunun əməkdaşı, iqtisadçı və fotoqraf Nurlan Tahirli həyata keçirib.

Qeyd edək ki, 2014-cü ildə istifadəyə verilən MEK binasının bütün mərtəbələrində – oxu zalları və onların istirahət otaqları, akademiklər zalı, konfrans zalları, sərgi salonu,  sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla- bir sözlə, kitabxana binasında yer alan 60-a qədər məkanı özündə birləşdirən bu böyük layihə həcminə görə fotoqrafın ilk böyük panoramik işidir. Bundan əvvəl NurlanTahirli həm Azərbaycanda, həm də bir sıra xarici ölkədə – Avstriya, Almaniya, Hollandiya, Estoniya, Latviya, Türkiyə və Gürcüstanda ticarət mərkəzlərinin, park və meydanların, otellərin, eləcə də təyyarələrin, dünyanının ən baxımlı metrostansiyaları sırasında ilk beşlikdə yer alan  Nizami metrostansiyasının  və s. 360°  panoramik görüntüsünü hazırlamışdır. Bu görüntülər gənc fotoqrafın 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Türkiyənin Didim şəhərində keçirilən fərdi sərgilərində nümayiş etdirilmişdir. Hal-hazırda Tahirli.net web səhifəsində foto və 360.tahirli.net səhifəsində 360° Virtual Səyahətlər qalerayası sərgilənməktədir.

Xatırladaq ki, Nurlan Tahirli 1988-ci ildə Bakıda anadan olub. Azərbaycan İqtisad Universitetinin biznesin  təşkili və idarə olunması fakültəsinin türk bölməsini bitirb. Marketinq üzrə magistratura təhsilini Türkiyədə alıb. Fotoqraflığa hobbi olaraq  maraq  göstərsə də, hazırda bu sahədə ciddi olaraq fəaliyyət göstərir. Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. 2015-ci ildə Azərbaycanda, 2016-cı ildə isə Türkiyədə fərdi sərgiləri keçirilib.

 

 

 

 

 

 

 

Sabir Fondunun prezidenti “Bizimlə Həmsöhbət”in qonağı olub – VİDEO

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli “İki sahil” qəzətinin nəzdində fəaliyyət göstərən internet televiziyasının “Bizimlə həmsöhbət” verilişinin qonağı olub. Verilişdə günün ən aktual mövzuları ətrafında müzakirə aparılıb.

Aktor.Az həmin görüntüləri təqdim edir:

 

Sabir Fondunun layihəsinin yekun tədbiri keçirilib – FOTOLAR

Mirzə Ələkbər Sabir Fondu Bakı Humanitar Kollecində 2016-cı ildə həyata keçirdiyi və Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi”nə həsr olunmuş layihəsinin yekun tədbirini keçirdi.

Aktor.Az xəbər verir ki, tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Bakı Humanitar Kollecinın pedaqoji şöbəsinin müdiri Əsəd İbrahimov, Kollecin tədris hissə müdiri Talıb Zülfüyev, müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə Bakı Humanitar kollecinin pedaqoji şöbəsinin müdiri Əsəd İbrahimov açdı. O, fərdi inkiaf təlimlərinin gənclərimizin həyatında mühüm əhəmiyyətini qeyd edərək belə gözəl layihənin gerçəkləşməsində Bakı Humanitar Kollecini seçdikləri üçün Mirzə Ələkbər Sabir Fonduna təşəkkür etdi.

Daha sonra söz alan Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli tədbir iştirakçılarını salamladı. O, qeyd etdi ki, şair Sabirin maarifləndirmə ənənəsini davam etdirmək Fondun əsas fəaliyyət istiqamətlərindən biri olaraq bu gün də ciddi səylə davam etdirilir və bu layihə Fondun bu yöndə atdığı ən uğurlu addımlardan biri sayıla bilər. O, həmçinin, gənclərin maarrifləndirilməsi ənənəsinin Mirzə Ələkbər Sabir Fondu tərəfindən 2016-cı ildə layihə çərçivəsində uğurla davam etdirilməsində AR Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyini vurğulayaraq layihənin baş tutuması üçün təşkilatı dəstək göstərən Binəqədi Bələdiyyəsinə, eləcə də Bakı Humanitar Kollecinin rəhbərliyinə də öz təşəkkürünü bildirdi.

Tədbirdə söz alan Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbir iştirakçılarını salamladı. O, QHT-lər tərəfindən həyata keçirilən bu qəbildən olan layihələrin gənclərin gələcək fəaliyyətində, uğur qazana bilməsində, özünü təsdiqində necə böyük rol oynadığını yüksək dəyərləndirərək gələcəkdə də belə maarrifləndirici layihələrin həyata keçirilməsində təmsil etdiyi qurumun dəstək verməyə hazır olduğunu bildirdi.

Bakı Humanitar Kollecinin tədris hissə müdiri Talıb Zülfüyev çıxışı zamanı bildirdi ki, onun böyük hörmət və sevgi bəslədiyi şairin adını daşıyan Fondun bu layihə ilə onların tədris müəssisəsinə qonaq gəlməsi kollec rəhbərliyini çox məmnun edir və bu, alqışa layiqdi. Daha sonra o belə tədbirlərin keçırılməsinin yalnız gənclər üçün deyil, cəmiyyətdə öz yerini tutmağa çalıçan hər kəs üçün əhəmiyyətindən danışaraq belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacib olduğunu diqqətə çatdırdı.

Sonda təlim içtirakçısı olmuş tələbələrə sertifikatlar və hədiyyə olaraq Sevda Tahirlinin qan qrupundan asılı olaraq insanın həyat fəaliyyətinin, xarakterinin, uğurlarınını, xəstəliklərinin necə dəyişməsi və s. həsr olunmuş “Qanımızın səsi” kitabı hədiyyə edildi.

Qeyd edək ki, Mirzə Ələkbər Sabir Fondu tərəfindən 2016-cı ildə həyata keçirilən və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində 8 təlim, Sumqayıt və Şirvan şəhərində 2 ustad dərsi keçirilmişdir.

dsc_4676 dsc_4680 dsc_4691 dsc_4706 dsc_4718 dsc_4721 dsc_4725 dsc_4728 dsc_4729 dsc_4731 dsc_4733 dsc_4736 dsc_4737 dsc_4738 dsc_4739 dsc_4742 dsc_4748 dsc_4750 dsc_4752 dsc_4754 dsc_4756 dsc_4758 dsc_4759 dsc_4762 dsc_4765 dsc_4767 dsc_4769 dsc_4771 dsc_4773 dsc_4776 dsc_4778 dsc_4780 dsc_4782 dsc_4785 dsc_4786 dsc_4788 dsc_4789 dsc_4791 dsc_4794 dsc_4795 dsc_4796 dsc_4797 dsc_4799 dsc_4800 dsc_4802 dsc_4805 dsc_4806 dsc_4808 dsc_4810 dsc_4812 dsc_4813 dsc_4814 dsc_4815 dsc_4816 dsc_4818 dsc_4819 dsc_4824 dsc_4826 dsc_4827 dsc_4852 dsc_4855 dsc_4833 dsc_4841 dsc_4846 dsc_4847

Sabir Fondunun təşkilatçılığı ilə Şirvanda ustad dərsi baş tutub – FOTO

Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” layihəsinin sonuncu ustad dərsi Şirvan şəhərində keçırilib.Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli tədbir iştirakçılarını salamlamış, onlara Sabir Fondu və Fondun həyata keçırdiyi cari layihəsi və onun əhəmiyyəti barədə qısaca məlumat vermişdir.

Daha sonra tanınmış təlimçi Sənan Nəcəfovun ustad dərsini iştirakçılar  böyük maraqla qarşılayıblar.

Qeyd edək ki, 6 ay müddətində davam edən bu layihə “ Kütlə qarşısında mükəmməl nitq”, “ Qan qrupu ilə peşə seçimi, uğur yolu və ətraf mühitin kimliyinin müəyyən olunması“, “Gənc ailələr üçün psixoloq məsləhəti, keçid dövründə cəmiyyətdə gərgin psixoloji durumdan yayınmaq, müsbət əhval-ruhiyyənin saxlanılması metodları” , “Vaxtın idarə olunması”,  “CV və rezumelərin hazırlanması, iş müsahibəsində uğur qazanma metodları”, “ Yaşam Kouçluğu, GROW və SMART metodla gələcək perspektivin müəyyən olunması seansları”, “ NLP texnikaları ilə mükəmməl ünsiyyətin qurulması” mözularına dair 8 təlim, eləcə də “Region gəncləri üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla keçirilməsi mövzusunda 2 ustad dərsini əhatə edirdi.

Layihə çərçivəsində təşkil olunan təlimlərin Bakı şəhərində, ustad dərslərinin isə Suymqayıt və Şirvan şəhərində keçırılməsi nəzərdə tutulmuşdu. Bundan əlavə, layihədə iştirak edən təlimçilər layihə müddətində hər ayın sonu skype-konfrans kecırib, təlim və ustad dərslərində iştirak edə bilməyənlərin çoxsaylı suallarını cavablandırıblar.

Diqqətə çatdıraq ki, daim ictimaiyyəti maraqlandıran, həlli vacib bilinən məsələlərin gündəmə gətirilməsində yaxından iştirak edən Mirzə Ələkbər Sabir Fondu bundan sonra öz dəsti-xəttini davam etdirəcək.

sabirfondu-telim-22-11-16-2

Sabirin yubileyinə hazırlıq planı təsdiqlənib

Böyük şair Mirzə Ələkbər Sabirin 155 illik yubileyi ilə əlaqədar onun adını daşıyan Fondun keçirəcəyi tədbirlər planı təsdiq olunub. Fondun prezidenti Sevda Tahirli Aktor.Az-a bildirib ki, qurumun xətti ilə həm ölkə daxilində, həm də bəzi xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu bildirib:

“Bakı, Şamaxı və bəzi başqa şəhərlərimizdə, rayonlarda təşkil olunması planlaşdırılan yubiley mərasimləri geniş ictimaiyyətin iştirakı ilə keçiriləcək. Sabir-155 tədbirləri ilə bağlı hazırda bəzi diaspor rəhbərləri ilə danışıqlar aparılır. Xarici ölkələrdə nəzərdə tutulan tədbirlərin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənc nəslin böyük şairimizin irsini öyrənməsi, onun yaradıcılığına marağın artırılmasıdır.Bununla yanaşı şairin virtual muzeyinin hazırlanması sahəsində də ciddi işlər gedir”.

Sevda Tahirlinin bildirdiyinə görə, M.Ə.Sabirin şerlərinin müxtəlif dillərə tərcümə olunması və bəzi kitablarının yenidən, eyni zamanda böyük turajla çap olunması üçün də addımlar atılacaq.

Sabir Fondundan yeni xəbər var

Noyabrın 3-də Bakı Humanitar Kollecində M.Ə.Sabir Fondunun xətti ilə yeni seminar keçirilib. Aktor.Az xəbər verir ki, təlim yenə də maraqlı bir mövzuda – yaşam kouçluğu, GROW və SMART metodla gələcək perspektivin müəyyən olunması seansları adı altında təşkil edilib.

Təlimlərdə tədbirin keçirilməsi barədə geniş məlumat verilib. Yaşam kouçluğu nədir? Bu metodla nəyə nail olmaq olar? Həyat çarxı necə çəkilir? GROW metodu ilə perspektiv planlanma, SMART modellə hədəflərin müəyyən olunması kimi maraqlı məqamlar təlimlərin əsasını təşkil edib. Qeyd edək ki, seminarı tanınmış təlimçi Sənan Nəcəfov aparıb. Sonda praktik seanslar baş tutub.

İştirakçılar təlimə böyük maraq göstəriblər və qeyd olunmalıdır ki, bu təlimlər layihə çərçivəsində Bakı şəhərində keçirilməsi planlaşdırılan son təlimdir.

Layihəni Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Diqqətə çatdıraq ki, layihə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” adı altında gercəkləşir. Layihənin sonuncu seminarı (ustad dərsi) Şirvan şəhərində baş tutacaq.

sabirfondu-telim-03-11-16-2

Sabir Fondunun növbəti təlimi uğurla başa çatıb

Mirzə Ələkbər Sabir Fondunun xəttilə Bakı Humanitar Kollecində keçirilən növbəti təlim uğurla başa çatıb. Fondun prezidenti Sevda Tahirlinin Aktor.Az-a verdiyi məlumata görə, təlimlərdə NLP texnikaları ilə ünsiyyətin mükəmməl qurulması diqqət mərkəzində olub.

Təlimdə NLP qanunları, prinsiplər, bu sahədə texniki imkanlardan maksimum istifadə barədə geniş məlumat verilib. İştirakçılar təlimin sonunda müxtəlif diqqət və yaddaş texnikaları ilə tanış olublar. Bu, sayca 8-ci təlimdir.Seminarı tanınmış təlimçi Sənan Nəcəfov aparıb. Layihə belə adlanır – “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi”.

Layihəni Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  maliyyələşdirir.

Qeyd edək ki, Bakıda daha bir təlim və Şirvanda bir ustad dərsi keçiriləcək. Layihə 6 ay müddətə nəzərdə tutulub. Layihənin sonunda iştirakçılara sertifikat və hədiyyə təqdim olunacaq.

Sabir Fondunun növbəti təlimlərinə yekun vurulub

Mirzə Ələkbər Sabir Fondu həyata keçirdiyi təlimlərin nəticələri barədə açıqlama yayıb. Aktor.Az xəbər verir ki, qurumun xətti ilə layihə çərçivəsində təşkil olunan növbəti təlimə yekun vurulub.

Qeyd edilib ki, təlim Bakı Humanitar Kollecində baş tutub. “CV və rezümelərin hazırlanması, iş müsahibəsində uğur qazanma metodları” adlanan seminarı tanınmış təlimçi Sənan Nəcəfov keçib. Təlim “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, yaşam kouçluğu, taym-menecment, personalogiya və s) habelə youtube, veb-nar, skype konfransla keçirilməsi” layihəsinə uyğun reallaşıb. Həmin layihəni Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurası maliyyələşdirib. Layihə üzrə 8 təlim və 2 ustad dərsinin keçirilməsi nəzərdə tutulub.

Milli geyim günü “Müzakirə vaxtı”nda – VİDEO

Bir çox ziyalılarımız ölkəmizdə milli geyim günün olması ilə bağlı təkliflərini tez-tez səsləndirilər. Bu ideyanı dəstəkləyən və maraqlı təkliflərlə çıxış edənlərdən biri də M.Ə.Sabir Fondunun prezidenti Sevda Tahirlidir. Sevda xanım bu təklifin reallaşması üçün hətta əlaqədar təşkilatlara Fond adından müraciət etmək qərarına gəlib.

Onun qənaətinə görə, belə bir günün təsis edilməsi Azərbaycanda milli adət-ənənələrin yaşamasına, gənclərin təfəkküründə daha da möhkəmlənməsinə təkan verə bilər. Bu ideyanın yayılmasına xidmət edən faktlardan biri də budur ki, M.Ə.Sabir Fondunun rəhbəri və təmsilçiləri müxtəlif tədbirlərə milli geyimlərdə qatılıblar.

Qeyd edək ki, mövzu ilə bağlı İctimai Televiziyada yayımlanan və tanınmış jurnalist Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Müzakirə vaxtı” verilişində də Sevda xanım və həmkarları məsələni ciddi şəkildə təhlil aparılıb.

Aktor.Az həmin verilişi təqdim edir:

 

sabirfondu-milli-geyim-03-10-16-2