Monteneqroda “Arşın mal alan” filminin təqdimatı keçirilib – FOTO
24 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Cineplexx” kinoteatrında “Arşın mal alan” filminin bərpa olunmuş və rənglənmiş versiyasının Monteneqro dilində təqdimatı keçirilib.Bu barədə diaspor qurumudan Aktor.Az-a verilən xəbərdə deyilir.
1913-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında 1945-ci ildə ağ-qara formatda çəkilmiş “Arşın mal alan” filmi Heydər Əliyev fondunun təşəbbüsü və Ata Holding şirkətinin dəstəyi ilə 2013-cü ildə operettanın 100 illiyi münasibəti ilə Hollivudda bərpa edilmişdir.
Təqdimatda Monteneqronun dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin təmsilçiləri iştirak ediblər.
Film böyük marağa səbəb olub və yerli KİV-lərdə işıqlandırılıb. Yerli televiziya kanalının müraciəti əsasında filmin yaxın zamanlarda monteneqro dilində nümayişi də nəzərdə tutulur.