Xəritələrin verilməməsi Azərbaycan xalqına qarşı mina terrorudur – Azər Allahverənov
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslər mina partlaması nəticəsində həyatlarını itirirlər. Son vaxtlar Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə mülki şəxslər mina terrorunun qurbanı olublar.
Vətən müharibəsi başa çatdıqdan sonra 260 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub. 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib.
Bu fikirləri “Kaspi”yə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov söyləyib.
QHT sədri diqqətə çatdırıb ki, xəritələrin Azərbaycana verilməməsi açıq-aydın Azərbaycan xalqına qarşı mina terrorudur. Bu, sülh və təhlükəsizlik üçün maneə törədir və bəşəriyyətə, sülhə qarşı yönəlmiş beynəlxalq cinayətdir.
“Bu məsələdə bir neçə məqam diqqət çəkir. Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq mina xəritələrinin verilməsi məsələsini gündəmə gətirmişdi. Əvvəlcə Ağdam və Füzuli şəhərlərinin mina xəritələri erməni hərbi əsirlərinin geri qaytarılmasının müqabilində bizə təqdim olunmuşdu. Amma sonra məlum oldu ki, verilən xəritələrin yalnız 25 faizi uyğun gəlir. Bu da onu göstərir ki, Ermənistan doğru xəritələri Azərbaycana vermək istəmir.
Məsələn, Füzuli və Ağdam rayonlarında 97 min mina aşkarlanıb, amma bu, hələ son deyil. Bu günlərdə Ağdam rayonunda mina partlaması nəticəsində daha iki vətəndaşımızın minaya düşərək ağır yaralanması hiddət doğurur. Azərbaycanın işğal altında olmayan Daşkəsən rayonu ərazisində belə ermənilər mina basdırmağa müvəffəq olublar və burada 500-ə yaxın mina basdırılıb. Kəlbəcər və Laçında sentyabrın 13-14-də baş verən hadisələr zamanı müəyyən oldu ki, diversiya qruplarının bu ərazilərdə basdırdığı minalar aşkarlanıb. Təbii ki, minaların basdırılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, tikinti işlərinin aparılmasına mane olmaqdır, Böyük Qayıdış prosesini ləngitməkdir”, – deyə A.Allahverənov bildirib.
QHT sədri işğaldan azad edilmiş ərazilərdə basdırılan minaların 2021-ci il istehsalı olduğunu qeyd edib. İnsan həyatı üçün təhlükəli olan mina tələlərindən də danışan A.Allahverənov bu prosesdə xüsusi mina basdıran avtomollərdən istifadə olunduğunu qeyd edib. Bildirib ki, minaların basdırılması xəritə aparılmadan qətiyyən mümkün deyil. Hərbi qaydalara görə mina basdırılması zamanı minaların anbarlarda saxlanılması, qorunması və müvafiq yerlərə daşınmasına nəzarət edilir və qeydiyyatı aparılır. Təbii ki, Ermənistan bilərəkdən xəritələri vermir.
Beynəlxalq təşkilatlar Ermənistanı mina terroruna görə məsuliyyətə cəlb etməli və ona öhdəlik qoymalıdırlar. Beynəlxalq təşkilatların mina terroruna qarşı Ermənistana təzyiq göstərməməsi Azərbaycana qarşı ikili standartların göstəricisidir.