Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb – FOTOLAR
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat məlumatları əsasında həyata keçirilən ilk tədbir zamanı Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar.
Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.
Baş İdarə əməkdaşlarının Sabirabad rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı Hidayət Məmmədov saxlanılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ona külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev Binəqədi rayonunda tutulub. Bu şəxslərdən və Orxan Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar olunub.
Həyata keçirilən daha bir əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar olunub.
Adları sadalanan 7 nəfər beynəlxalq narkoşəbəkənin üzvləri olublar. Onlar qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışıblar.
Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının qeyd edilən dövr ərzində Lənkəran şəhəri və Astara rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 8 nəfər saxlanılıb. Onlardan isə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.