Yol polisidən müraciət
Yanvar ayının 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi havanın qeyri-sabit keçəcəyini nəzərə alaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallarla bağlı sürücü və piyadaları ehtiyatlı olmağa çağırıb.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında deyib ki, yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçiriləcək:
“Sürücülərə sürətlə avtomobili idarə etməmələri, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur. Sürücülərdən xahiş edirik ki, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, yuxarı sürət həddini seçməsinlər, mümkün qədər şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bununla yanaşı, piyadalar da səkilərlə, onlar üçün nəzərdə tutulmuş keçidlərlə hərəkət etməlidirlər”, – deyə V.Əsədov bildirib.