GündəmKÖŞƏManşetXəbər xətti

DƏMİR YUMRUĞUMUZ, DƏMİR ŞAPALAĞIMIZ və hətta DƏMİR QÜBBƏMİZ də var – Elçin Mirzəbəyli yazır

Ermənistanın bütün sabiq rəhbərləri – Levon Ter-Petrosyandan başlayaraq, Serjik Sarkisyanadək Azərbaycan torpaqlarının qəsb edildiyi və işğalın davam etdiyi zaman kəsiyində İranın təcavüzkar ölkə üçün həyat yolu olduqlarını dəfələrlə dilə gətiriblər. Son olaraq, Nikol Paşinyan da eyni fikirləri təkrarladı və bir daha sübuta yetirdi ki, Ermənistan bölgədə müsəlmanların həmrəyliyindən, qardaşlığından dəm vurduğu halda işi-gücü ancaq müsəlman ölkələrində nifaq salmaqdan ibarət olan, mövcud olduğu 32 ilə yaxın bir dövr ərzində yalnız müsəlman ölkələri ilə, yaxud müsəlman ölkələrinin ərazilərində savaşan İran İslam Respublikasının məzhəbçiliklə pərdələnmiş ultramillətçi panfarsist rejiminin bölgədəki vazkeçilməz müttəfiqi, dostu, qardaşı və daha nə bilim nəyidir.
Əslində, burada təəccüblü heç nə yoxdur. Rejimin təbliğatının ana xəttini öz vətəndaşlarını dünyanın ən məzlum insanına çevirmək təşkil etdiyi üçün, bütün müsəlmanları da eyni durumda görmək istəyir. Başlarina, dizlərinə döysünlər, gecə-gündüz göz yaşı töksünlər və əlindən onlarla birlikdə, həm də saxta göz yaşları “axıtmaqdan” başqa bir şey gəlməyən fars-molla rejiminə yeganə hamiləri, xilaskarları kimi baxsınlar.
Azərbaycan şimalında və müsəlman Şərqində 103 il öncə Cümhuriyyət quran, müsəlman Şərqinin İstiqlal Günəşi olan Azərbaycan Respublikasında bu təbliğat özünü doğrultmadı. Təsir altına düşənlər də gülüş, məsxərə hədəfinə çevrildilər, ifşa olundular və əməllərinə görə ədalət məhkəməsinin qarşısında cavab verməli oldular. Bundan sonra cavab verəcəklər! Heç bir güzəşt olunmadan! Vətən xainləri kimi!
…Azərbaycan Ermənistanın davamlı təxribatlarının qarşılığında öz torpaqlarını işğaldan azad etməyə başladığı gündən İrandakı ədalət düşməni rejimin “qarın ağrısı” dayanmır. Hərbi əməliyyatların davam etdiyi zaman kəsiyində Azərbaycan Ordusunun möhtəşəm uğurlarının Güneydə doğurduğu rezonans, əsgər və zabitlərimizin qəhrəmanlıqlarının yaratdığı yüksək emosional fon, həmçinin haqqında söz açmaq istəmədiyim hərbi-siyasi aspektlər əllərinə verilən kağız parçalarından höccələyən “höccətullah” və “ayətullah”ların səsini boğzalarına qısdığı üçün bu tayda eşidilmədilər… Azərbaycan Ordusunun yürüşünə alqış deyən soydaşlarımızın alqış və duaları, həmçinin “Barakdar” və “HAROP”ların, raket və mərmilərin, qırıcıların səsi də havaya üfürülən kəkələmə və sayıqlamaları elə havadaca boğdu…
…İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, mövqelərini gücləndirib, İran rejiminin də bəslədiyi, himayə etdiyi ermənilərin viran qoyduğu, ana südü kimi halal yurd yerlərini yenidən bərpa edir, bu torpaqlara həyat, insan nəfəsi gətirir.
İran isə bundan aşırı narahat olduğunu, əndişələndiyini gizlətmir. Gah, intellekti Azərbaycanın siyasətə yenicə atılmış, təcrübəsi olmayan ekspertlərinin topuğundan aşağı olan “molla”larının diliylə sərsəm iddialar səsləndirir, gah işğaldan azad etdiyimiz ərazilərin yaxınlığında hərbi təlimlər keçirirək “əzələ” nümayiş etdirir və bütün bunlar rezonans doğurmayanda rejimin “ağır artilleriyası”nı işə salaraq, bizi haq yolumuzdan çəkindirmək, bölgədə davamlı sülhə və təhlükəziliyə xidmət edən addımlarımızdan yayındırmağa çalışır.
Məsələn, hərbi məktəb məzunlarının qarşısında çıxış edən İslam Respublikasının ali dini lideri deyir ki, “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər… Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin”.
Əvvəla, regionda heç bir bölgədənkənari ölkənin hərbi iştirakı yoxdur. Əgər söhbət Azərbaycan-Türkiyə ittifaqından gedirsə, düşünürəm ki, Türkiyənin bölgə dövləti olduğunu İranın ali dini rəhbəri, hər halda çox yaxşı bilməlidir. Həmçinin Rusiyanın da bölgə dövləti olduğundan, yəqin ki, məlumatı var. Əgər söhbət Azərbaycan, Türkiyə və Pakistanın xüsusu təyinatlılarının birgə təlimlərindən gedirsə, buna İranin hər hansı bir formada müdaxilə etməyə nə haqqı var, nə də hüququ… Pakistan Azərbaycanın haq işinə açıq siyasi, mənəvi dəstək verən ölkələrdən biridir. Digər tərəfdən, əgər İran elan etdiyi prinsiplərə sadiqdirsə, o zaman üç müsələman ölkəsinin əməkdaşlığını ən azı təqdir etməlidir. Həmçinin, sual olunur, Ermənistan üçün uzun illər boyu “həyat yolu” oynayan bir ölkənin rəsmiləri hansı haqla Azərbaycanın müttəfiqlərini təftiş etmək kimi, riyakarlığın son həddi olan bir iddiaya düşüblər?
Bununla yanaşı, dini liderin məlum çıxışı ilə bağlı bəzi başqa suallar da ortaya çıxır ki, onların da dəyərli oxucuların diqqətinə çatdırmağı vacib hesab edirəm:
Rusiya uzun illərdir ki, Ermənistan adlanan ölkənin ərazisində hərbi baza saxlayır. Rusiyanın dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlərin hərbçiləri dəfələrlə, həm də İranla həmsərhəd ərazilərdə genişmiqyaslı təlimlər həyata keçiriblər. Bu sıraya Rusiyanın Xəzərdə keçirdiyi təlimləri, o cümlədən İranın başı üzərindən Suriya ərazisinə atılan raketləri də əlavə etsək, o zaman mənzərə tamamilə aydın olur. Və məlum olduğu kimi indiyədək İran bütün bu sadaladıqlarımla bağlı Rusiyaya və müttəfiqlərinə öz etirazını bildirməyib? Nə üçün? Bəlkə Rusiyanın adı gələndə “şirin quyruğu” əsməyə başlayır…
O ki, qaldı dini liderin “təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünənlər” və “şapalaq” barədə dediklərinə, bildiyim qədər nüsəlman ölkələri indiyədək İrandan “badalaq” görüblər, “şapalaq” yox. Şapalaq biz türklərə aid olan cəza üsuludur. Türkiyədə “Osmanlı tokatı” deyirlər. Yəni bizim DƏMİR YUMRUĞUMUZ da, DƏMİR ŞAPALAĞIMIZ (TOKATIMIZ) da və hətta DƏMİR QBBƏMİZ də var. Təhlükəsizliyimizi isə yalnız və yalnız Azərbaycan dövlətinin gücü, qüdrəti hesabına təmin edirik.

Elçin Mirzəbəyli