KÖŞƏ

ÜAK-ın ləğvi ermənipərəstlərin fəaliyyətinin nəticəsidir

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Bunun üçün göstərilən əsaslar tam subyektiv olmuş (məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”), hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”.

 

Qeyd etmək vacibdir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış və fəaliyyət göstərdiyi müddətddə Rusiyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, eləcə də iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir. Hazırda beynəlxalq münasibətlər sistemində mühüm yerə və rola malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu ölkədə yaşayan azərbaycanlı icması xüsusi rol oynayır. Eynu zamanda, Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. Həmçinin, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.

 

Bununla yanaşı, ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, eləcə də dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışmışlar. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat hər zaman millətlərarası münasibətlərin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış etmiş, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışmışdır.

 

Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olmuş, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etmişdir. Azərbaycan Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərmiş, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

 

Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan etmiş, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da

 

intensivləşməsində maraqlı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə gorüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini demişdir. “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”. Bakı Humanitar Forumunun mütəmadi olaraq ən yüksək səviyyədə keçirildiyini bildirən Rusiya Prezidenti V. Putin iki dövlət qarasında olan münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik oldugunu bildirmişdir. Münasibətlərin xeyli şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf ediyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkəti işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın oldugunu diqqətə çatdırmışdır.

 

Bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə almış, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilmiş və qarşılıqlı dəstək ruhu hökm sürmüşdür. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da davam etdirilir.

 

Buna baxmayaraq, Rusiyadakı Azərbaycan diasporuna belə qərəzli münasibət Azərbaycanla Rusiya arasında, Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin inkişafı və genişlənməsinə xələl gəririr. Azərbaycanda yaşayan ruslar da, Azərbaycan xalqının bu ölkədə rus dilinin, rus mədəniyyəti və ənənələrinin qorunub saxlanmasına qayğısını yüksək qiymətləndirirlər. Həmçinin, bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Eyni zamanda, bu addım Rusiyanın regiondakı fəaliyyətində problem yaradır və onun bitərəf mövqeyinə kölgə salır.

 

Şübhəsiz ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətlərinə zərbə vurmaq planlarını reallaşdırmağa çalışırlar. Bununla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan

 

dairələri, dövlət orqanlarındakı ermənipərəst qüvvələr, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində və KİV-də yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.

 

Bundan əlavə, belə bir ədalətsiz, qərəzli qərarın qəbul edilməsi bəzi suallar da dogurur. Belə ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Eləcə də, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etmiş, həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərmişdir. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?

 

Eyni zamnda, belə bir addım Ermənistana hərbi yardımını artırması fonunda baş verirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da kölgə altında qoyur. Bu baxımdan, Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir, eləcə də Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən addımdır.

 

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, siyasi elmlər doktoru

Bir cavab yazın