Tarix yalnız arxada qalmır, həm də öndən gəlir…
Nizami Cəfərov,millət vəkili, filologiya elmləri doktoru
Yunus Oğuzun “Ovçu” romanı haqqında
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
“Ovçu” romanı (və onun müəllifi), ilk növbədə, bizim yaddaşımızdakı belə bir məlum fəlsəfi müddəanı təzələyir (və təfərrüatca zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə təkrar olunduğuna görə, onun gərdişindən dərs almayan xalqlar çox tez-tez “sürprizlər”lə qarşı-qarşıya dayanmalı olurlar. Ancaq, görünür, müəllifin (və “Ovçu”nun) əsas ideyası, tarixdən (istər Alp Arslan, istərsə də Nadir şah dövrlərindən) nə qədər tutarlı “misallar” gətirsə də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından daha çox , 2016-cı ilin məşhur aprel hadisələrinin tarixi məzmununun bütün miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət edir.
Azərbaycan ordusu 2016-cı ilin aprel ayının ilk günlərində Ali Baş Komandanın öndərliyi ilə, doğrudan da, tarixlərə sığmayan bir Tarix yaratdı ki, Yunus Oğuz “Ovçu”da həmin Tarixi yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə bundan sonra hələ çox yazılacaqdır, Yunus Oğuzun əsərinin dəyəri bir də onunla müəyyən edilir ki, o, ilk böyük işi görmüş, ilk uğurlu ideya-bədii təfsir modeli təqdim etmişdir.
Romanda üç Murad haqqında söhbət gedir: XI əsrdə Alp Arslanın Ani qalasının almasına öz yeni silah icadı ilə kömək edən dəmirçi Usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi olmuş Murad xan və bizim günlərin qəhrəmanı – “Ovçu” ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev…
Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin bir mənzərəsi digərilə əvəz olunur, ancaq dəyişməyən iddialar, maraqlar, konyukturlar mövcuddur ki, onlardan ən mənhusu ermənilərin hakimiyyət hikkəsidir. Və bu hikkə bütün amansızlığı ilə Qriqoryan kilsəsi tərəfindən körüklənərək hər addımda çaxnaşmalar, münaqişələr, faciələr törədir…İnsan mənəviyyatı, qadın ləyaqəti tapdanır. Və ən dözülməzi də odur ki, bütün bunlar hansısa mücərrəd, qeyri-müəyyən məqsədlərə çatmaq üçün bir vərdişə, peşəyə çevrilir… Romanda erməni xislətinin tarixin hər mərhələsində üzə çıxa biləcək yaramazlıqları birbaşa tarixdən alınmış konkret faktlarla təqdim olunur; məsələn, yüz illər boyu himayəsində yaşadıqları Bizansı imkan düşən kimi Səlcuqlara satmaq istəyən erməni heyətini Alp Arslan qapıdan qovur:
“Sultanın baxışlarından keşiş özünü itirdi, sanki canına vicvicə düşdü:
- Sultan həzrətləri! Biz sizin qulunuzuq! Sizə, – sakit səslə dilləndi, – sədaqət andı içə bilərik.
O, istehza ilə soruşdu:
– Bizans imperatoruna içdiyiniz sədaqət andı kimi, eləmi?
Alp Arslan qayıdıb taxtına oturaraq qərarını verdi:
- Ani alındıqdan sonra, yalnız müsəlman olanlara əl vurulmayacaq. Qalanları qarət olunacaq. Qərarım belədir. – Əli ilə söhbətin bitdiyini bildirdi. – Gedə bilərsiniz…”
Yaxud başqa bir misal… Erməni katalikosu Nadir şaha müraciət edir ki, Qafqazdakı gürcü və Alban kilsələrini erməni kilsəsinə tabe etməkdə onlara kömək göstərsin, ancaq tamamilə təbiidir ki, öz hayasız təklifi (və qeyrətsiz hərəkətləri) ilə şahın qəzəbinə tuş gəlir:
“Katalikos bu sözlərdən zərrəcə tutulmadı, ya da özünü o yerə qoymadı. Hiyləgərcəsinə gülümsəyib cavab verdi:
- Ey böyük şah, bu gözəl erməni qızlarını ona görə gətirmişəm ki, şəxsən sizə xidmət etsinlər, cariyəniz olsunlar.
Qaraginin yaltaq və qeyrətsiz olması şahı acıqlandırdı, əsəbi şəkildə dedi:
- Mənim cariyələrə ehtiyacım yoxdur! Mənim əsgərə ehtiyacım var. Ordumda gürcülər, kürdlər, əfqanlar, bütün qızılbaş tayfaları var, amma bir dənə də olsun tumluq erməni yoxdur. Məgər ermənilərdə kişi tapılmır? Əmr verdi. – Çıxarın bu qəhbələri burdan, varınızdırsa kişi gətirin!”
Məsələ burasındadır ki, bu düşük “mübarizə üsullar”ı yalnız tarixdə qalmır, bu gün də davam edir və müəyyən məqamlarda ermənilərin müvəqqəti “uğurlar” qazanmasına da gətirib çıxarmaqla bütöv bir millət miqyasında xəstə təxəyyülün kütləviləşməsinə rəvac verir.
“Ovçu” Murad ermənilərə yalnız mənsub olduğu xalqın deyil, həm də özünün birbaşa tərcümeyi-halı ilə “borcludur”. Onun babası Muradı ermənilər ona görə öldürtmüşlər ki, öz doğma yurdunu tərk etmək istəməmiş, müqavimət göstərmişdi… Və onların Göyçədən silah gücünə qovulan ailəsi minlərlə digər ailələr kimi Kür-Araz ovalığında, təbiətinə, ab-havasına adət etmədikləri şəraitdə yaşamağa məhkum olmuşdu.
Romanda Muradı peşəkar bir hərbçi olaraq erməni cəbhəsinə gətirib çıxaran hadisə- səbəbləri müəllif böyük ustalıqla təsvir edib əsaslandırır. Sevdiyi qızla nişanlanan Murad öz ailəsini də hərbi həyatın gələcək çətinliklərinə, ağrı-acılarına hazırlayır… Çünki bu, onun taleyi idi…
Azərbaycan hərbçisinin həm peşəkarlıq, həm də vətənpərvərlik və ya mənəvi-psixoloji hazırlıq baxımından daha mükəmməl bir şəkildə yetişməsində milli mənbələrə, örnəklərə əsaslanılması ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb önə çəkilir… Müdafiə naziri komandası altında olan zəbitdən tələb edir ki, Azərbaycan əsgəri Suvorovdan yox, milli hərb tarixindən gətirilmiş nümunələrlə formalaşsın…
“Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq İraqda Yanqaz dağını aşaraq düşmənə arxadan zərbə vurdu və bunun nəticəsində bütün İraqı ələ keçirdi. Nəinki İraqı, hətta Hindistanı, Orta Asiyanı, da özünə tabe etdi. Nadir şah xristian olsaydı, o zaman Suvorovdan deyil, ondan danışardılar, hərb tarixində ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin Napaleonuna bənzədirdilər. – Nazir fikirlərini bitirib əsas məsələyə keçdi. – Bütün bunları qısaca ona görə danışdım ki, biləsən. Bizim də şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə, zabitlərə aşılamaq lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda babalarına bənzəmək, qəhrəmanlıq etmək istəyir”.
Əlbəttə, 2016-cı ilin aprel hadisələrinin təsviri müəllifdən yalnız bədii istedad deyil, həm də ciddi siyasi-ideoloji hazırlıq, hərbi işə, onun spesifik texnologiyalarına bu və ya digər səviyyədə bələdlik tələb edir. Və romanda bu baxımdan maraq doğuran, yazıçının istedadının çoxtərəfliliyini, eyni zamanda aprel hadisələrinin gedişini dərindən izləyib araşdırdığını göstərən məqam-detallar kifayət qədərdir…
” – İrəli! İrəli aslan əsgərlərimiz! İndi hər şey sizdən asılıdır. Lələtəpə və Talış yüksəkliklərini almayana qədər dayanmaq yoxdur. İrəli!
Zirehli texnikaların mühərrikləri işə düşdü. Mühərriklərin uğultusu hətta ermənilərin arxa cəbhəsindən eşidildi.
Çox keçmədi ki, əsgərlərimiz hər iki yüksəkliyi ələ keçirdilər. İtki minimal idi. Düşmənin çoxlu silah-sursatı, yaralısı, ölüsü ələ keçdi.
Hücum o qədər ildırımsürətli idi ki, erməni əsgərlərinin başılovlu qaçması onların əvvəlcə kəndlərdə yaşayan əhalisini, sonra isə Xankəndində, daha sonra da İrəvandakıları həyəcan, panika, təşvişə saldı. Kəndlərin əhalisi bir-birlərinə xəbər verirdilər ki, qaçın, türklər gəlir. Əhali olub qalanını, kimin maşını vardı maşınına, arabası olan arabaya, olmayanı isə kürəyinə yükləyib Xankəndinə istiqamət götürürdülər”.
Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə gətirib çıxaracağı siyasi-publisitik baxımdan, yeri gəldikcə (və mətnin bədii keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir:
“Erməni komandanlığı başa düşürdü ki, düşmən özünə gələn kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq. Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəkliklər geri alınmasa, birincisi Azərbaycan ordusunda ruh yüksəkliyi qalxacaq, digər yerləri də azad etmək həvəsində olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun, korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlanacaq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll etmək istəyən dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqları müharibə yolu ilə azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa, Azərbaycan tərəfi öz şərtlərini diktə edəcək.
Hər iki tərəf bunu gözəl anlayırdı. Bir tərəf bu hücumun qarşısını alıb, əks-hücumla itirdiyini geri almaq, vəziyyəti əvvəlki halında saxlamaq, digər tərəf isə bu uğurları davam etdirmək fikrində idi”.
Aprel döyüşləri yalnız hərbi-siyasi xarakter daşımır, hər iki tərəfdən mülki əhalinin də psixologiyasına, məişətinə, həyatına, birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla ermənilərdə tamamilə fərqli reaksiyalar doğururdu…
“Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir qışqırıq düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun.
Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına normal baxa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta elələri vardı ki, bu soyqırımla fəxr edirdilər.
İndi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə bildilər ki, türklər Xocalı soyqırımının qısasını alacaqlar. Odur ki, təşviş, həyəcan, panika o həddə çatmışdı ki, ər arvadı, ana balanı atıb qaçırdı.
Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl vurulmadı, heç bir ev qarət edilmədi. Hətta bölüyün bir çox əsgərləri, heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq, sakinləri açılan dəhlizlə kəndən tez çıxmağa tələsdirmək idi”.
Romanda öz doğma torpağını azad etməyə qalxan, ölümün gözünə dik baxan vətənpərvər Azərbaycan əsgərinin əhvali-ruhiyyəsi işğalçı erməni ordusunun (və xüsusilə onun zabitlərinin, komandanlığının) işbazlığı, pozğun (və çürük) mənəviyyatı realist boyalarla qarşılaşdırılmış və tamamilə zəruri olaraq müəyyən təfərrüatlara varılmışdır…
“Döyüş yerini bir neçə saat durbinlə izləmələrinə baxmayaraq heç bir hərəkətlilik müşahidə olunmurdu. Onlar doqquz nəfərin yerini tapmadıqca həyəcanları daha da çoxalırdı. Çünki baş Qərargahdan da hər yarım saatdan bir zəng edib məlumat almaq istəyirdilər ki, kənd geri alınıb, ya yox? Alınıbsa kəndin içində gedən bu döyüş, atəş səsləri nədir? Yox alınmayıbsa, düşmən niyə məhv edilmir? Komandir deyə bilməzdi ki, atan yalnız bizimkilərdir. O məruzə edə bilməzdi ki, iki tankımız sıradan çıxarılıb. Belə olduğu şəraitdə onun İrəvanda vəzifə pilləsinin qarşısına böyük sual işarəsi qoyulardı. Əslində, erməni komandiri bu torpaqlardan çoxdan getmək istəyirdi. Bilirdi ki, onlar Azərbaycan torpaqlarını işğal ediblər. Amma hara gedəcəkdi? Yaxşı bilirdi ki, Qarabağdakı o biri komandirlər kimi, onun da ailəsi İravanda demək olar ki, girovluqdadır. Düz bir söz demədinsə, etiraz elədinsə, dərhal səni ailənin başına hansı oyunları gətirəcəkləri ilə hədələyirlər. Onun özü də burada bir növ girov kimidir”.
Azərbaycan zabiti Murad Mirzəyev isə həqiqətən (Tarixin!) timsalıdır, vətən uğrunda kişi kimi döyüşür, kişi kimi həlak olur…
“Ayaq səsinə gözünü açdı. Erməni çalanın başımda durmuşdu. Fikirləşmədən tapancanın ucunu qaldırıb atəş açdı. O, çalanın içinə, elə onun yanına yıxıldı. Kənardakılar ermənicə qışqırdılar:
- Burda hələ biri ölməyib. Bəlkə də “Ovçu” deyilən budur.
Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə huşunu itirəcək. O zaman ermənilər onu əsr götürəcək, dindirəcəklər. Gözünün qabağına əsgərləri gəldi. Bütün şəhidlər və qazilər bir-bir gözünün önündə sıralandı. Amma üzündən təbəssüm çəkilmirdi. Generala verdiyi sözü yadına düşdü. “Komandir, mən əsir düşməyəcəm, son anda başıma bir güllə çaxacam”. – Tapançanın lüləsini qaldırıb gicgahına dirədi. Fikirləşdi: “Görən komandir Fizzəyə sms göndərdi?” ayaq səsləri daha bərkdən eşidilirdi.Güllə açıldı…”
“Ovçu”nun şəhid olması (və dünyaya yenidən gəlməsi!) onun atasının, anasının və həyat yoldaşının təhtəlşüuruna, Vətənin isə əbədi yaddaşına (Tarixə) çökür…
“… Xəbərin ağırlığından Fizzənin üstünə elə bil dağ yıxmışdılar. Özü özündən gizlənmək istəyirdi. Sən demə, ürəyinin içində bir ürək də varmış, bundan heç xəbəri olmayıb. Sən demə, o ürək Muradınmış. İndiyə qədər bunun heç fərqində olmayıb. Öz ürəyi dayananda, sinəsində döyünən ürək Muradın ürəyi olub. Ah, o bunun fəqini indi ayırd edə bilib. Onu da bilirdi ki, özünün ürəyinin yağı əriyib qurtarıb. İndi sinəsində Muradın ürəyi döyünür…
Ona “Milli Qəhrəman” adı verilmişdi. Dəfninə xalq yığılmışdı.
…Heç kimin gözləmədiyi halda Fizzə dilləndi. “Vətən sağ olsun! Dünənə qədər o mənim qəhrəmanım idi, bu gündən xalqın qəhrəmanıdır! Vətən sağ olsun!”
Əsərin sonunda verilmiş “4 aprel, Prezident Administrasiyası” fəsli Azərbaycan ordusunun 2016-cı ilin aprel qəhrəmanlıqlarının tarixi nəticələrini dəyərləndirmək, dövlət başçısının mürəkkəb beynəlxalq siyasi münasibətlər kontekstində həmin nəticələrə istinad edərək ondan xalqın, dövlətin gələcək taleyi, mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə (və diplomatik məharətlə) faydalanmaq əzmini təsvir edir.
Və roman özünəməxsus ideya-məzmun çoxqatlılığı, təhkiyə polifoniyası ilə çox aktual olan bir mövzunun bədii təfsirini sənətkarlıqla təqdim etməklə yanaşı, bu sahədə yeni yaradıcılıq axtarışlarına, fikrimcə, geniş imkanlar açır.