ManşetMüsahibəSiyasətXəbər xətti

Qüdrət Həsənquliyev: “Parlamentin fəaliyyətindən narazıyam” – MÜSAHİBƏ

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinə müsahibə verib. Aktor.Az həmin açıqlamanı təqdim edir:

 

– Qüdrət bəy, necə şahmatçısınız? Özünüzü güclülərdən hesab edirsiniz?

– Asudə vaxtlarımızda, adətən, Fazil bəylə şahmat oynayırıq, çay içirik. Fazil bəy yaxşı şahmatçıdır. Düzdür, hərçənd o, zarafatla deyir ki, Qüdrət bəy yaxşı oynayır, mən əla oynayıram. (Gülür) Amma son vaxtlar nəsə bir az zəifləyib. Hər halda, şahmat çox maraqlı oyundur. Gənclərə də tövsiyə edirəm ki, bu oyunu öyrənsinlər və boş vaxtlarında şahmat oynasınlar.

– Həmkarlarınızdan daha kimlər şahmat həvəskarıdır?

– Belələri var. Keçmiş həmkarımız Rövşən müəllim yaxşı şahmat oynayır, “Qaçqınkom”un indiki sədri. Bir vaxtlar Milli Məclis Aparatında çalışan Lətif  Hüseynov da yaxşı şahmat oynayırdı. Fəzail Ağamalı da, Zahid Oruc da şahmat oynaya bilir. Amma sözün doğrusu, mən vaxtım olanda Fazil bəylə oynayıram.

– Bir ara parlamentin futbol komandası çox populyar idi, siz də oynayırdınız. Amma futboldan şahmata keçid elədiniz. Səbəb nə oldu?

– Bəli, bir müddət oynadıq. O zaman həmin komandada mən, Siyavuş Novruzov, Adil Əliyev, Fazil bəyin özü var idi. Amma artıq yaş öz işini görür. Həm də qayğılar artır,  vaxt ayırmağa imkan da olmur. Ona görə də son vaxtlar mən futbol oynamıram. Amma Fazil bəy davam edir.

– Hətta çimərlik futbolunu oynayır, bu, daha çətindir…

– Hə, davam edir. Həmişə deyirəm ki, elə eləmə, Allah uzaq eləsin, bir gün zəng gəsin ki, Fazil bəy stadionda yıxılıb qalıb və sənin dalınca gələk stadiona? (Gülür) Deyirəm, artıq dayanmağın vaxtıdır. Təsəvvür edirəm ki, 55 yaş nədir. Vaxtilə məşhur pedaqoq Uşinski deyirdi ki, böyük iradə o demək deyil ki, nəyisə arzulayıb ona nail olasan, böyük iradə ən böyük istəyin qarşısını almaqdır. Yəni sən futbol oynamağı çox istəyirsən, amma  ağıl deyir ki, yaş öz işini görür və sən dayanmalısan. Yəni sən istəyinin qarşısını ala bilməsən, ondan əziyyət çəkə bilərsən. Amma Fazil bəy özünü saxlaya bilmir,  davam edir, öz sağlamlığına və fiziki imkanlarına güvənir, təki olsun. Amma ehtiyatlı olmaq lazımdır. (Gülür)

– Qüdrət bəy, elə oyunumuz davam edərkən Milli Məclisin yaz və növbədənkənar sessiyasının yekunlarından danışaq, icazənizlə. Spiker sessiyaların yekunundan çox razı qaldı, parlament müxalifətinin nümayəndəsi nə fikirdədir?

– Biz hesab edirik ki, parlament ölkədə dövlət quruculuğu prosesinə, ölkəmizin qarşısında duran problemlərin həllinə daha çox töhfə verə bilər. Çox təəssüf ki, bizim parlament daha çox qanunvericilik fəaliyyəti ilə məşğul olur. Amma parlament təkcə qanunvericilik fəaliyyəti ilə məşğul olmamalıdır. Ölkəmizi narahat edən bu və ya digər məsələlər mütəmadi şəkildə parlamentdə müzakirə olunmalıdır. Bəzən biz hansısa yüksək çinli məmurlarla, bu və ya digər nazirliyin tərkibindəki qanunsuzluqlarla bağlı, yaxud ümumiyyətlə, sosial problemlərlə əlaqədar çox müxtəlif qanun pozuntuları barədə eşidirik. Amma bu məsələlər parlamentdə müzakirəyə çıxarılmır. Sanki parlamentin buna aidiyyəti yoxdur və bu, icra hakimiyyətinin məşğul olmalı olduğu məsələdir. Məsələn, iki devalvasiya oldu, parlamentdə bir dəfə müzakirə oldumu ki, bunlar niyə baş verdi və nə etmək lazımdır ki, növbəti dəfə bu kimi hallar baş verməsin? Yaxud vaxtilə MTN-də baş verən hadisələr, sahibkarların təqib olunması, onlardan qanunsuz olaraq vəsait tələb olunması və s.  Və ya Beynəlxalq Bankla bağlı məsələ. 10 milyard dollardan artıq vəsait oğurlandı, bizim pulla 17 milyard manat edir. Bu qədər vəsait vəsaitin oğurlanmasını parlament müzakirəyə çıxartdımı? Müvafiq vəzifəli şəxslər dəvət olundumu ki, parlamentə gəlin, hesabat verin, görək bunlar niyə baş verib? Ona görə də çox təəssüf ki, parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olur. Parlamentin vəzifəsi ancaq bundan ibarət deyil. O baxımdan, əlbəttə, mən ümumən parlamentin fəaliyyətindən narazıyam.

– Bəs təqdir etdiyiniz nələrsə varmı?

– Parlamentin beynəlxalq təşkilatlardakı fəaliyyəti var. Doğrudan da, bizim millət vəkilləri çox fədakarcasına çalışırlar, istəyirlər, ölkəmizin imicinin yaxşılaşdırılması, ölkəmizin maraqlarının qorunması üçün həmin təşkilatlarda nələrsə eləsinlər, yəni bunları qiymətləndirmək lazımdır. Sonra deputatlar tərəfindən büdcə müzakirəsi, hökumətin hesabatı zamanı yerlərdəki problemlər qabardılır, deyilir, bunlar da müsbət hallardır. Amma yuxarıda qeyd etdiyim məsələlər və parlament idarəetməsində müxalifətin iştirak etməməsi, müxalifət fraksiyasının olmaması və bunun nəticəsi olaraq alternativ məruzələrlə müxalifətin çıxış etmək imkanının olmaması –  bütün bunlar, əlbəttə, parlamentin üzərinə kölgə salır. Həm də parlament aktiv olacağı təqdirdə icra hakimiyyətinə yönələcək bir çox tənqidləri öz üzərinə götürəcək – hakimiyyətin bir qanadı kimi. Ölkədəki bütün proseslərə görə təkcə icra hakimiyyəti məsuliyyət daşımır ki.

Hakimiyyətdən söhbət gedirsə, hakimiyyətin üç qanadı var, icra hakimiyyəti onlardan biridir. Məhkəmə hakimiyyəti də məsuliyyət daşıyır, qanunverici orqan da. Məhkəmə və qanunverici hakimiyyət icra hakimiyyəti ilə ciddi şəkildə həm səlahiyyətləri bölüşməlidir, həm də məsuliyyətin üçdə ikisini öz üzərinə götürməlidir. Bizim cəmiyyətdə, açıq deyək, hamı hər şeyi yalnız icra hakimiyyətində görür, bu da doğru deyil.

– 2020-ci il parlament seçkiləri ilidir. Təbii ki, qalan müddətdə əgər növbədənkənar seçki elan olunmazsa…

– YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir.

– Bu addımın atılması real görünür?

– Bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz. Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir.

– Sizin vaxtilə proporsional seçki sistemini bərpa etməklə bağlı təklifləriniz olmuşdu. Siyasi islahatların tərkib hissəsi olaraq bu təklifə baxıla bilərmi?

– Proporsional seçki sistemi referendumla yeni konstitusiya qəbul etməklə, yaxud mövcud konstitusiyanı dəyişməklə bərpa oluna bilər. Mən çox istərdim ki, belə olsun. Proporsional seçki sisteminin bərpası ölkədə çoxpartiyalı sistemin inkişafına böyük təkan vermiş olacaq. Həm də parlamentdə fraksiyaların yaranmasını şərtləndirəcək. Məsələn, biz birbaşa konstitusiyada yaza bilərik ki, parlamentdə ən azı 3 partiya təmsil olunmalıdır və topladığı səsdən asılı olmayaraq, müxalifət partiyalarının təmsilçiliyi 30 faizdən aşağı olmamalıdır.

Bizim ölkəmizin bir çox problemləri müxalifətin zəifliyindən qaynaqlanır. Beynəlxalq Bankda, MTN-də baş vermiş cinayətlər həm də ölkədə güclü müxalifətin olmamasının göstəricisidir. Ona görə də ölkədə hökumətin fəaliyyətinə nəzarət etmək gücündə olan müxalifət olmalıdır. Ölkədə bu missiyanı ləyaqətlə yerinə yetirmək gücündə olan konstruktiv, sağlam müxalif qüvvələr var. Sadəcə olaraq, islahatlar nəticəsində onların önü açılmalıdır ki, parlamentdə təmsil oluna bilsinlər və  həm də parlamentin imici dəyişsin.

Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Hətta müxalifət komitə sədrlərinin müavini səviyyəsində belə, hər hansı vəzifədə təmsil olunmur. Bizdə nəinki parlamentdə özünü müxalifət elan etmiş partiyalar, hətta iqtidarı birmənalı şəkildə dəstəkləyən və özünün iqtidaryönümlü partiya olduğunu deyən partiya sədrlərini də komitə sədrinin müavini qoymurlar. Ya bitərəf olmalıdır, ya da YAP üzvü, başqa partiya olmaz. Halbuki vitse-spikerlərdən də biri müxalifətdən olmalıdır, komitə sədrləri də müxalifət partiyaları ilə bölünməlidir. Ən azı bəzi şeyləri Rusiyadan öyrənməliyik.

Milli Məclisin Daxili Nizamnaməsində qeyd olunub ki, Milli Məclisin idarə olunması çoxpartiyalılıq prinsipinə əsaslanır. Həmin qanunu prezident də imzalayıb. Amma çoxpartiyalılıq prinsipi harada özünü göstərir? Heç yerdə. Düşünürəm ki, islahatlar bu sahələri əhatə edə bilər.

– Qüdrət bəy, sizin Pənah Hüseyn və digər bir neçə partiyanın sədri ilə görüşünüz oldu. Bu görüşlərdə həm də müxalifətin seçkidə birgə iştirak məsələsi müzakirə edildimi?

– Yox, orada seçkidən, seçkidə birgə iştirakdan söhbət getmirdi. Söhbət islahatların dərinləşdirilməsinə töhfə verməkdən gedirdi. Yəni partiyalar toplaşıb hökuməti bir daha çağırırdı ki,  islahatlar genişləndirilsin və islahatlara gedilən zaman hansı prinsipial məsələlər həllini tapmalıdır. Müzakirə üçün ilkin sənəd də təklif olunmuşdu. Sonradan işçi qrup yaradılmalı, o sənəd üzərində işlənilməliydi, amma  tədbirin təşkilatçıları olan üç partiyaya  sistemdən kənar destruktiv və radikal qüvvələrin hücumu bu işi dayandırdı.

– Yəni artıq BAXCP ilə bu təşkilatların əməkdaşlığına nöqtə qoyuldu?

– Məncə, nöqtə qoyuldu. Şantajdan qorxdular. Bu cür siyasi iradə sahibi olanlarla əməkdaşlıqdan da müsbət nəsə gözləməyə dəyməz. Azərbaycanın siyasi sistemindəki nöqsanları, çatışmazlıqları, qüsurları biz hamımız görürük və bu vəziyyəti dəyişmək üçün iqtidarla və gənclərlə çox işləməliyik.  Yalnız iqtidarın xoş niyyəti hazırkı məqamda müsbət dəyişikliklərə yol aça bilər…

Bir cavab yazın