BAXCP sədri:”Paşinyanın da başına bir güllə vuracaqlar, bununla da məsələ bitəcək” – MÜSAHİBƏ
Deputat, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Musavat.com-a danışıb. İllər boyunca Qarabağın işğalına son qoyulmasından ötrü Azərbaycanın Rusiya ilə birbaşa və açıq danışmasını zəruri sayan millət vəkili indiki durumdakı bəzi qeyri-müəyyənliklərin aradan qaldırılmasından ötrü də Bakı ilə İrəvan arasında deyil, Bakı ilə Moskva arasında birbaşa dialoqu, açıq söhbəti və konkret tələblər irəli sürməyi ümumi işimiz üçün faydalı sayır.
– Qüdrət bəy, bu günlərdə ABŞ dövlət katibi öz açıqlamasında növbəti dəfə Azərbaycanı günahlandırmağa cəhd göstərdi. Sizcə, Ağ Ev niyə işğalçı Ermənistanı bu qədər ciddi-cəhdlə müdafiə etməyə çalışır?
– Bu, Amerikadakı erməni diasporuna xoş gəlmək üçündür.
– Bəlkə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün gedişdir…
– Yox, onlar bilirlər ki, bu, alınan məsələ deyil.
– Necə bilirsiniz, yaxın dönəmdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalanacaqmı?
– Baxın, Serj Sərkisyan da Avropa İttifaqı ilə assosiativ üzvlüyə dair saziş imzalamaq istəyirdi. Çağırdılar Kremlə, qulağını burdular, dedilər get, otur yerində. Ondan sonra da Aprel döyüşləri başladı, ardınca da hakimiyyət dəyişikliyi baş verdi. Mən ona görə bu fikirdəyəm ki, biz Rusiya ilə anlaşmağa, Rusiyanı inandırmağa çalışmalıyıq ki, Azərbaycanla müttəfiqlik barədə imzaladığınız sazişə hörmətlə yanaşsanız, bundan yalnız faydalana bilərsiniz. Siz Azərbaycanı müharibə,yaxud separatizmi dəstəkləmək təhdidi ilə özünüzə yaxın, müttəfiq dövlətə çevirə bilməzsiniz. Bunun yolu Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına hörmətdir. Ona görə ki, Qarabağ məsələsi bizim qürur məsələmizdir, millətin şərəf məsələsidir. Biz Rusiya ilə anlaşa bilsək, o zaman əlbəttə, Paşinyanla müqaviləni dərhal imzalaya biləcəyik. Amma belə bir anlaşma yoxdursa, uzaqbaşı nə baş verə bilər: Paşinyan çalışacaq ki, danışıqları ən azı Ukrayna ilə Rusiya arasındakı müharibənin sonuna qədər uzatsın. Ermənilər çox ümidlidirlər ki, bu münaqişənin nəticəsi olaraq həm Rusiyanın bölgədə mövqeyi zəifləyə, həm də Putin hakimiyyətdən gedə bilər, bölgədə Qərbin mövqeyi güclənər. Qərb də güclənsə, ümid edirlər ki, ABŞ və Fransanın təsiri ilə Azərbaycanı Qarabağ ermənilərinin status məsələsini referenduma çıxararmağa məcbur edəcəklər. Referendumun da nəticəsi əvvəldən bəllidir. Həm də ermənilər 2023-cü ildə Ərdoğanın növbəti dəfə seçilməyəcəyinə inanırlar. Ona görə ermənilərə təzyiqləri artırmalı, Rusiya ilə danışaqları gücləndirməliyik.
– Əks halda…
– Əks halda, Paşinyan Rusiyanın icazəsi olmadan bizimlə sülh sazişi imzalamağa cəhd eləsə, o zaman Köçəryan və Sərkisyanın cinayətkar birliyi, Baş Nazir Vazgen Sərksiyanla Parlamentin spikeri Stepan Dəmirçyanın başına parlamentdə necə güllə vurdularsa, Paşinyanın da başına bir güllə vuracaqlar, bununla da məsələ bitəcək. Ermənilər terroru yaxşı bacarır, çünki Ermənistan baş tutmamış terror dövlətidir.
– Rusiyadan bu günlərdə də nümayəndə heyətləri Bakıya gəldi, danışıldı, amma vəziyyət dəyişmir. Ortada müttəfiqlik müqaviləsi olsa da, Rusiya Avropa İttifaqına münasibətdə mövqelərini, sülhyaratma təşəbbüslərini əldən vermək, güzəştə getmək istəmir. İndiki situasiyada Paşinyan Rusiyanı “havasına oynayır”, yoxsa Avropanın?
– Paşinyan Brüsseldən qayıdandan sonra Moskvaya çağırıldı və Moskva səfərindən dərhal sonra bəyanat verdi ki, (Dağlıq) Qarabağ ermənilərinin razılığı olmadan Azərbaycanla heç bir sülh sazişi imzalanmayacaq.
– Mövqelərini sərtləşdirdi.
– Əslində mövqelərini təkcə sərtləşdirmədi,onu 180 dərəcə dəyişdi. O, Rusiyadan qayıdandan sonra Bürüssel görüşünə dair parlamentdəki, hökumətin iclasındakı çıxışından tam fərqli bir mövqe ortaya qoydu. Paşinyan Moskvadan bəyan etdi ki, biz Qarabağ məsələsində Putinlə anlaşdıq. O, nə anlaşıb, ona nə söz verilib, bilmirəm, amma qayıtdı və mövqelərini dəyişdi.Bəziləri deyirlər ki, Paşinyan sülh sazişi imzalamaq istəyir və s. El məsəli var: “İlanın ağına da, qarasına da lənət”. Guya ermənilərin yaxşısı bu idi, amma görürsünüz, Moskvada qulağına nə pıçıldadılarsa, tam dəyişdi.
– Ola bilərmi ki, Rusiya Qarabağda da Abxaziya, Cənubi Osetiyadakı ssenariləri təkrarlamaq istəyir? Son vaxtlar “Qarabağda Rusiya pasportlarının paylanması” barədə xəbərlər də yayılır. Bu mənada mümkündürmü ki, Kremlin Paşinyanın qulağına pıçıldamasının açması budur: “Sən Azərbaycanla sülh müqaviləsi imzala, amma Qarabağ məsələsi mənlikdir…” Rusiya rəhbərliyi belə bir iştaha düşə bilərmi?
– Fikrimcə, Rusiya Azərbaycana deyir ki, biz sənin ərazi bürtövlüyünü tanıyırıq, amma münaqişənin sülh müqaviləsi imzalamaqla həlli mümükün deyil, görünən budur. Rusiya münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı görsənir. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs haqqında sazişdən sonra Putin mətbuata verdiyi ilk açıqlamada söylədi ki, Dağlıq Qarabağın indiki status qalır və Dağlıq Qarabağın son statusunu gələcək rəhbərlər həll edəcəklər. Rəhbərlər deyəndə ki, 2024-cü ildə Rusiyada seçki olacaqsa, ondan sonra da Putin daha 12 il prezident olmağa hazırlaşır, bu da 2036-cı ilə gedib çıxır. Gələcək rəhbərlər deyərkən sözsüz ki, o, Rusiyanın da prosesdə iştirakını nəzərdə tutur. Əgər o, 2036-cı ilədək Rusiyada özünün prezidentliyini görürsə, deməli, bu müddət üçün ən azından münaqişənin dondurulmasını və orda da Rusiya əsgərlərinin qalmasını istəyir. Bu müddət ərzində Qarabağdakı ermənilərlə azərbaycanlılar arasında hər hansı təmasa imkan verilmədi. Amma bizim Türkiyə kimi təbii müttəfiqimiz var. Azərbaycan və Türkiyə Rusiya ilə çox ciddi danışıqlar aparmalıdır. Rusiyanı inandırmalıyıq ki, Qarabağdakı separatizmin dəstəklənməsi Rusiyanın maraqlarına cavab vermir və Azərbaycan-Rusiya ,o cümlədən Türkiyə-Rusiya münasibətlərinə öz mənfi təsirini göstərəcək.
– Rusiya çox güman ki, Azərbaycandan nələrsə qopartmaq istəyir ki, qarşılığında güzəştə getsin. Razılaşırsınızmı?
– Mən belə düşünmürəm. Rusiya sadəcə olaraq özünün bölgədə mövcudluğunu hərbi iştirakda görür. Ona görə mən hələ 44 günlük savaşdan öncə də deyirdim ki, ərazi bütövlüyümüzün qan tökülmədən təmin olunması qarşılığında Azərbaycanda Rusiyanın hərbi bazasını yarada bilərik, məsələn, Qəbələdə vaxtilə olduğu kimi.
– Bəlkə elə yaxşı ki, Rusiya bu təklifin reallaşması istiqamətində addım atmayıb. Bu gün az qala bütün bəşəriyyətə qarşı müharibə elan etmiş ölkənin hərbi bazasının yaradılması yaxşı perspektiv vəd edə bilərdimi?
– Yox, o variantda məsələnin həlli Azərbaycanın daha çox xeyrinəydi. Həm məsələ müharibə olmadan bitərdi, həm də indi rus hərbçiləri sülhməramlı kimi ermənilərlə bizim aramızda dayanıb, bu da münaqişəni qoruyub-saxlamaq imkanları əldə etmək deməkdir. Tutaq ki, Qəbələdə bir hərbi baza olsaydı, o bizimçün daha təhlükəsiz idi, nəinki indiki formada hərbi iştirak. Görünür onlar o variantı qəbul etmədilər. İndi ruslar Qarabağdakı sülhməramlı kontingenti hərbi baza statusunda görürlər, fikirləşirlər ki, ordakı ermənilər də rus əsgərlərinə xidmət edəcək.
– Əks təqdirdə, Xocalıda niyə binalar tikirdilər ki?
– Bəli. Amma Azərbaycan bu məsələnin mümkünsüzlüyünü Rusiyanın nəzərinə çatdırmalıdır.
– Konkret nə təklif edirsiniz?
– Bunun üçün ilk növbədə Azərbaycan elə bu günlərdə bəyanatla çıxış etməlidir ki, Ermənistanla sülh danışıqları üçün konkret vaxt müəyyənləşməlidir, danışıqlar sonsuzluğa qədər davam edə bilməz! Deyirlər ki, işçi qrupu yaradılsın, amma nə olsun, Minsk Qrupu da yaradılmışdı, 1992-ci ildən 2020-ci ilədək ortaya bir iş qoymadı. Ona görə də konkret vaxt qoyulmalıdır. İkincisi, rəsmi Bakı deməlidir ki, qoyulan müddət ərzində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamayacaqsa Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı müddəti uzatmayacaq. Bu, birmənalı bəyan olunmalıdır. Bu bəyanatdan Rusiya da, Ermənistan da hesabını götürməlidir.Rusiya düşünməməlidir ki, münaqişə həll olunmasa, burada daha çox qala biləcək. Rusiya təxribatlara əl atıb sazişə zidd olaraq Qarabağda qalmaq istəsə, o zaman onlar Azərbaycan torpaqlarına qanunsuz soxulmuş işğalçı dövlətə çevriləcəklər. Bunun da başqa hüquqi və siyasi nəticələri olacaq.
– Aprelin 30-dan sonar nələr olacaq?
– Brüsseldəki razılaşmaya görə, aprelin sonuna qədər delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun yaradılması razılaşdırılmışdı. Amma sülh sazişi ilə bağlı orda konkret müddət qoyulmayıb. Sülh sazişi imzalanmamış, nə delimitasiyaya getmək olmaz, nə də demarkasiyaya. Ona görə ki,sərhədlər delimitasiya və demrakasiya olandan sonra Ermənistanın rəsmi dövlət sərhədlərini Rusiya qoruyacaq və onlar özlərini təhlükəsiz hiss edib sülh danışıqlarında daha destruktiv mövqe tutacaqlar.Qarabağdakı ermənilərin də təhlükəsizliyini ruslar təmin etdiyindən danışıqları uzadacaqlar.
– “Havadan asılı vəziyyətdə” olan Xankəndi ilə bağlı nə etməliyik?
– Ermənilər qarşıdakı dönəmdə çalışacaqlar ki, orda növbəti “parlament` və , “prezident” seçkiləri keçirsinlər. Qarabağ Rusiyanın nəzarəti altında olduğundan Azərbaycan Rusiya ilə bütün bu məsələləri danışmalıdır və Rusiyadan tələb etməlidir ki, Azərbaycan qanunlarına zidd olan `seçki`lərin keçirilməsinə imkan verməsin,seperatizmi dəstəkləməsin və fevralın 22-də imzalanmış müttəfiqlik haqqında sazişə sadiq olsun. Azərbaycanın Qarabağ üzərində suveren hüquqları bərpa edilməlidir. Qarabağda yaşayan emrəni sakinlər Azərbaycanın yuristiksiyasına qayıtmalıdır. Azərbaycan Rusiyadan konkret mövqe ortaya qoymağı tələb etməlidir. Bu etiraz etməyi bacarmalıyıq,tələblərimiz nəinki Rusiya ilə münasibətləri korlamaz ,əksinə münasibətlərin sağlamlaşmasına və gələcəkdə ciddi böhranlardan sığortalanmağa səbəb olar.